Göyçə gölünə görə Ermənistan parlamentində DAVA DÜŞDÜ – FOTO

Ermənistan işğalında olan Azərbaycanın Göyçə gölü ilə bağlı qalmaqal böyüyür.
 
İşğalçı Ermənistan rejiminin Qafqazın ən böyük şirin gölü olan Göyçədə suyun səviyyəsinin 100 milyon kubmetrdən yuxarı qaxlmaması ilə bağlı layihəsi erməni ekoloqlar tərəfindən etirazla qarşılanıb. “SOS Sevan (Göyçə)” hərəkatı dünən parlament binasının önündə etiraz aksiyası keçirib.
Ermənistan hökumətinin layihəsinə görə, göldə 100 milyon kubmetrdən artıq su saxlanılmayacaq. Qalan su ətrafdakı əkin sahələrinin suvarılmasına sərf ediləcək. Bu, gölün qurumasına və ətrafda bataqlığın yaranmasına səbəb olub. İrəvanın bu addımının arxasındakı sirr maraqlıdır. Məqsəd heç də əkin sahələrinin suvarılması yox, gölün ətrafında özləri üçün bağ salan erməni məmurların evlərinin su basmasının qarşısının alınmasıdır.
“Lragir” saytı yazır ki, Göyçə gölü ilə bağlı məsələ dünən Ermənistan parlamentində də müzakirə olunub.
“Yelk” fraksiyasından olan deputat Lena Nazaryan bildirib ki, Göyçə gölündə suyun səviyyəsinin aşağı həddə saxlanılması qərarı kənd təsərrüfatı üçün nəzərdə tutulmur: “Məqsəd sahilboyu zonada məmurların evlərinin su altında qalmamasını təmin etməkdir. Xüsusilə sabiq ekologiya naziri Aram Artünyanın evini nəzərdə tuturam”.

“Sarukyan” blokundan olan deputat Vardan Bostandjyan isə məmurların Göyçə gölünün suyunu satdıqlarını deyib.
“Gölün 100 milyon kubmetrdən artıq qalan suyu təsərrüfatçılara pulla satılır. Lakin bu pullar dövlət büdcəsinə gəlmir, kimlərinsə cibinə axır”, - deyə o vurğulayıb.