“Gördüm ki, prezident yalan danışa bilər...” - VİDEO

Ötən gün Bakı vaxtı ilə axşam saatlarında ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Senatın kəşfiyyat komitəsində Rusiyanın Amerika seçkilərinə müdaxiləsi və Tramp-Rusiya əlaqələri barədə aparılan təhqiqat çərçivəsində ifadə verib.
 
Virtualaz.org qeyd edir ki, bu bütün dünyanınb həyacanla gözlədiyi dinləmələri bir neçə aparıcı telekanal canlı yayımlayıb. “Azadlıq” radiosu isə dinləmələrin rus dilində sinxron tərcüməsini yayıb.
Xəbər verildiyi kimi Ceyms Komi dinləmələrdən əvvəl ifadəsini yazılı təqdim edib və bu ifadə mətbuatda yayılıb. Keçmiş FTB direktoru ifadəsində prezident Donald Trampla iki təkbətək görüşü və bir neçə telefon danışığı haqda detalları çatdırıb. Trampın ona vəzifədə qalmaq üçün milli təhlükəsizlik müşaviri Maykl Flinlə bağlı təhqiqatı dayandırmağı təklif etdiyini deyib. Habelə Tramp Komiyə təzyiq göstərib ki, ictimaiyyət qarşısına çıxıb onun özünün Rusiya məsələsinə görə təhqiqat altında olmadığını bəyan etsin.
Ceyms Kominin dindirilməsi 3 saata yaxın davam edib, senatorlar onu sual yağışına tutublar. Komey ifadəsinin əvvəlində deyib ki, onu  Konqres on il müddətinə FTB direktoru vəzifəsinə təyin etmilşdi: “Lakin mən indi başa düşürəm ki, prezident məni hər hansı səbəbdən və ya səbəbsiz olaraq işdən kənarlaşdıra bilərmiş”.
Suallara cavab verərkən, Komey Rusiyanın ABŞ seçki kampaniyasına müdaxiləsinə tam əmin olduğunu bildirib. Keçmiş direktor deyib ki, belə bir müdaxilənin mövcudluğunu ilk dəfə 2015-ci ilin yayında bilib. Komi Trampın  onu guya işinin öhdəsindən yaxşı gələ bilmədiyinə görə vəzifədən çıxarmasına dair iddiasını rədd edib. Deyib ki, prezident onu işinin öhdəsindən gələ bilməməkdə ittiham edərək kollektiv qarşısında nüfuzdan salmaq istəyib. “Bu sözlər məni sarsıtdı, mən bunu təhqir kimi qəbul etdim”-keçmiş direktor bildirib. Komi əlavə edib ki, Tramp özü daha sonra FTB direktorunun Rusiya təhqiqatına görə işdən azad edildiyini etiraf edib.

Ceyms Komi deyib ki, əvvəllər prezident Obama ilə hər hansı danışıqlarının qeydiyyatını aparmasa da, prezident Tramp-a söhbətlərinin qeydiyyatını aparıb, çünki başa düşüb ki, Tramp bir gün bu söhbətlərin məzmunu barəsində yalan danışa bilər.
Keçmiş FTB direktorunun sözlərinə görə,  prezident ona Rusiyaya dair təhqiqatın dayandırılması barədə birbaşa göstəriş verməyib. Bununla belə  prezident Maykl Flinnə dair təhiqatın qurtarmasına ümid etdiyini bildirib. Komi deyib ki, o bunu hərəkət üçün istiqamət kimi başa düşüb.Keçmiş direktorun sözlərinə görə, prezidentin onu vəzifədə saxlaması üçün müqabilində nəsə gözlədiyini hiss edib.
Nə üçün prezidentin Rusiya təhqiqatına və Kominin ona sədaəqli olmasına dair söhbətlərinin qanunsuz olduğunu prezidentin dərhal və açıq şəkildə nəzərinə çatdırmadığına dair suallara cavab verərkən keçmiş direktor sarsıldığını, lakin qətiyyətli reaksiya vermədiyini etiraf edib.
Trampla birgə şam etməyi məsələsinə gəlincə, Komi deyib ki, yemək dəvətini alanda orada başqa adamların da olacağını düşünürmüş. Keçmiş FTB başçısı deyib ki, həmin şamı çıxmaq şərtilə heç vaxt başqa prezidentlə şam etməyib.Keçmiş FTB başçısı deyib ki, vəzifədən Rusiyaya dair araşdırmanı apardığına görə çıxarıldığını düşünür.
Kominin bildirdiyinə görə,  vəzifədən çıxardılanadək Tramp onun işi barəsində heç bir tənqid və narazılıq bildirməyib.Dinləmə zamanı Komi Trampın seçki komandası ilə Rusiya rəsmiləri arasında kommunikasiyalara dair suallara açıq dinləmədə cavab verə bilməyəcəyini deyib. Dindirmə başa çatdıqdan sonra ABŞ Senatı Kəşfiyyat Komitəsinin sədri Riçard Barr bəyan edib ki, dinləmələr az sonra bağlı qapılar arxasında davam etdiriləcək.
Ceyms Kominin ifadəsi ona görə kritik hesab olunurdu ki, Konqres keçmiş direktorun danışdıqlarına əsasən Trampın barəsində ədalətə müdaxilə ittihamı ilə impiçment prosedurunu başlada bilər. Doğrudur, Ceyms Komi dindirmə zamanı Trampın ona Rusiya ilə bağlı təhqiqatı dayandırmaq barədə birbaşa təzyiq etmədiyni deyib. Lakin onun Maykl Flinnə bağlı xahişi və FTB direktoruna vəzifədə qalmaq naminə Rusiya təhqiqatını dayandırmaq barədə eyhamlar vurması kifayət qədər ciddi məsələdir. Bu, prezident Trampın düşdüyü vəziyyəti qat-qat mürəkkəbləşdirir.
Hələlik Tramp özü Kominin ifadəsini şərh etməyib, köməkçiləri onu Tvitter-dən təcrid etməyə çalışıblar. Bununla belə Trampın vəkili Mark Kasovits bildirib ki, onlar Kominin özünə qarşı təhqiqatın başladılmasına çalışacaqlar. Çünki keçmiş FTB direktoru prezidentlə özəl söhbətinin detallarını birtərəfli qaydada mətbuata sızdırıb.