​Gömrükdə qanunsuz telefonlar aşkarlandı

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən və gizli keçirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Pakistan vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatıyla yoxlanılıb. Yoxlama zamanı, monitorda mobil telefonların təsviri göründüyü üçün həmin şəxs saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.
Təkrar yoxlama nəticəsində, vətəndaşın bel çantasının içərisindəki şəxsi əşyaların arasında 4 ədəd "İphone 5S" markalı və 4 ədəd "İphone 6" markalı mobil telefonlar aşkar edilib.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın əynindəki köynəyin sağ və sol qol nahiyələrinin hər birinin altında 1 ədəd və bel nahiyəsində köynəyin altında 2 ədəd "İphone 5S" markalı, gödəkçənin ciblərində isə 6 ədəd "İphone 5S" və 11 ədəd "İphone 6" markalı mobil telefonlar aşkar olunub.
Beləliklə, vətəndaşın əl yükündə və üzərində, ümumilikdə 29 ədəd mobil telefon aşkarlanıb.