Gömrük rüsumlarının dərəcələri haqqında qərar... - EKSPERT

Baxış sayı:
7528

Zavodların yenidən qurulması, yeni texnika və avadanlıqlarla təchizatı təbii ki, istehsal olunan məhsulların keyfiyyətli və daha çox məhsuldar olması deməkdir.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bu səbəbdən həmin sahədə müəyyən dəyişikliklər olacaq:
 “Amma bu, bəlli zaman alacaq. Yəni tez bir zamanda baş verən bir məsələ deyil. Bir müddət sonra yeni gətirilmiş avadanlıqların istismara verilməsindən sonra daha keyfiyyətli məhsul istehsalına başlanılacaq. Bu güzəştin tətbiq edilməsinə gəlincə bunda məntiq var. Bu məntiq ondan ibarətdir ki, onsuz da həmin avadanlıqları dövlət gətirir. Çünki iri neft emalı zavodları dövlətindir. Həmin zavodların yenidən qurulması da çox zaman büdcə vəsaiti hesabına baş verir. Həmin büdcə vəsaiti ilə alınan avadanlığa yenidən rüsum şəklində büdcəyə pul tutmaq düzgün olmazdı. Bu qərar da bununla əlaqədardır. İstərdik ki, gələcəkdə gömrük rüsumu ilə bağlı bu qərar təkcə dövlət deyil, kommersiya sahələrində fəaliyyət göstərən iş adamlarına da aid olsun”.
Qeyd edək ki, Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.
Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında müvafiq dəyişiklik edib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il dekabrın 31-dək qüvvədədir.