Gömrük Komitəsindən bir ilk – Cəmi 15 dəqiqəyə…

Baxış sayı:
3985
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda "vahid pəncərə" sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov komitə tərəfindən jurnalistlərin Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postuna təşkil edilən mediaturda deyib.
O bildirib ki, "Qoşa Təpə" gömrük postunda bir aya yaxın müddət ərzində "vahid pəncərə" sistemini təkmilləşdirmək üçün "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinə başlanılıb:
"Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektor ilə təmasda olur. Belə ki, digər gömrük postlarında tətbiq edilən "bir pəncərə" sistemində bir neçə şəxs öz sahələri üzrə vətəndaşa xidmət göstərirsə, "Qoşa Təpə" gömrük postunda bir şəxs bütün sahələr üzrə (sənəd, yol vergisi,icazə blankı, qeydiyyat, malların qeydiyyatı, nəqliyyatın qeydiyyatı və s) bir vətəndaşa xidmət göstərir. Odur ki, digər məntəqələrdə 10-15 dəqiqə ərzində cəmi bir sürücüyə xidmət göstərilirdisə, burada həmin müddətdə inspektor sayından asılı olaraq 4-5 sürücü yola salınır".
A.Abbasov onu da qeyd edib ki, hazırda yalnız Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda pilot layihə tətbiq edilir:
"Bu layihə ilk olaraq burada tətbiq edilir. Məqsədimiz keçid məntəqələrində gözləmələri minimuma endirməkdir. Əgər bu sistem özünü doğruldarsa, o zaman pilot layihəni bütün sərhəd məntəqələrində tətbiq etməyi planlaşdırırıq. Müvəqqəti idxal rejimində respublikaya daxil olan sürücü və nəqliyyat vasitəsi gömrükdə xüsüsi diqqət siyahısına daxil olur. Respublika ərazisinə daxil olan şəxs üzərində qeydiyyatda olan mal və nəqliyyat vasitəsi olmadan çıxış edə bilməz. Əgər hər hansı bir səbəbdən sürücünün təcili respublikadan çıxması lazım olarsa, o, istənilən gömrük məntəqəsinə yaxınlaşaraq üzərində qeydiyyatda olan mal və nəqliyyat vasitəsi gömrük məntəqəsi tərəfindən nəzarətə götürülür və şəxsin adı xüsusi qeydiyyat siyahısından çıxarılır. Hər bir sürücü ölkəyə daxil olduğu andan ona 90 gün müddət verilir. 90 gün müddət bitdikdən sonra isə həmin şəxslərə nəqliyyat vasitəsinin dəyərindən asılı olaraq cərimə tətbiq edilir".