“Gömrük Komitəsi Vergilər Nazirliyinin tabeçiliyinə verilməlidir”

Baxış sayı:
7420

“...Çox təəssüf ki, bəzi məmurlarımız qulağa xoş gələn sözlər, yəni daxili istehsalı qorumaq adı altında belə fikirlər paylaşırlar. Ancaq bu, daxili istehsalı qorumaq olsaydı, onda daxildə istehsal olunan malların istehsalından ödənilən vergilər, ƏDV artmış olardı”

Yeni il insanlara ümid gətirsə də, ölkədə bahalaşma dalğasına start verilməsi ümidləri puç edir. Çünki insanlar qiymətlərin hər gün artmasından gileylənirlər. Ölkədə qiymət artımı sosial durumu çətin olan ailələri çıxılmaz vəziyyətə salır ki, bu da insanların psixolji durumunu daha da gərginləşdirir. Artıq yeni ilin ilk günlərindən tütün məmulatlarının qiymətində 20 qəpiklik artım müşahidə olunur. Satıcılar artımın ölkədə satılan bütün siqaretlərə şamil edildiyini bildirir.
Tütün məmulatlarının qiymətinin artması azmış kimi, son vaxtlar ətin və yumurtanın qiymətinin bahalaşması da ailələrin büdcələrinə əhəmiyyətli təsir edir. Məlumata görə, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında “Ət məhsulları” qrupu 0,2 faiz, “Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, “Tütün məmulatları” qrupu isə 1,0 faiz bahalaşıb. Amma bu məlumat həqiqəti əks etdirmir. Çünki metroların ətrafında yerləşən ət dükanlarında mal ətinin qiyməti payız aylarında 10 manat idisə, indi 11 manatdır. Hazırda bazarda 1 kiloqram quzu ətinin qiyməti isə 14 manatdır. Son vaxtlar yumurtanın qiymətinin kəskin artması da hər kəsə məlumdur. Bilirik ki, broyler yumurtalarının bir ədədi 12-13 qəpikdən 19 qəpiyə qaxıb. Yağların qiymətində də artım müşahidə olunur. Halbuki, idxal olunan yağ məhsullarına görə sahibkarlar Dövlət Gömrük Xidmətinə ƏDV ödəmir. Məlumata görə, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalaşıb.
Digər qrup mal və xidmətlərin bahalaşması da məlumatda əksini tapıb. Belə ki, 2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.
Qeyri-ərzaq məhsullarından “Geyim” qrupu 0,3 faiz, “Ayaqqabı” qrupu 0,1 faiz, “Mebel və ev əşyaları” qrupu 0,1 faiz, “Məişət cihazları” qrupu 0,3 faiz, “Evə qulluq etmək üçün lazım olan məhsullar” qrupu 0,3 faiz, “Tibb təyinatlı digər məhsullar“ qrupu 0,3 faiz, “Müalicə ləvazimatları və cihazları” qrupu 0,9 faiz, “Velosipedlər” qrupu 2,7 faiz, “Foto-kino avadanlıqları və optik cihazlar” qrupu 0,5 faiz, “Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu 0,1 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 2,1 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,6 faiz bahalaşıb.
2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, “İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı“ qrupu 0,4 faiz, “Avtomobillərin təmiri” qrupu 0,7 faiz, “Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, “Mehmanxana xidməti” qrupu 1,7 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, “Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.
Qeyd edək ki, tütün məmulatlarının qiymətində 20 qəpiklik artım Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edildikdən sonra baş verib. Çünki qanun layihəsinə əsasən, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 2 qəpik, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə verilən hər bir aksiz markasına görə 10 qəpik, tütün məmulatlarına verilən hər bir aksiz markasına görə 5 qəpik, alkoqollu içkilərə görə verilən hər bir aksiz markasına görə 10 qəpik icbari tibbi sığorta üzrə sığorta haqları qismində alınacaq. Maraqlıdır ki, qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulsa da, tütün məmulatları indidən bahalaşır. Görünür, “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edildikdən sonra tütün məmulatları bahalaşdığı kimi, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzin, dizel yanacağı, maye qaz, energetik içkilər (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayenin qiyməti də bahalaşacaq. Çünki həmin məhsullara görə icbari tibbi sığorta üzrə sığorta haqları alınacaqsa, bahalaşma birmənalıdır. Artıq qanuna dəyişiklikdən sonra tütün məmulatlarının bahalaşması bundan xəbər verir. Əslində, adıkeçən qanuna dəyişilik etməklə və adı keçən məhsulların ölkəyə idxalı üçün aksiz markası müəyyən etməklə, bahalaşmaya təkan verilirsə, demək hökumət əhalinin tibbi sığorta xərclərini aksiz verigiləri ilə qarşılayacaq. Bu da o deməkdir ki, hökumət əhalinin öz pulu ilə özünü müayinə edəcək. Hələ bəlkə də hökumətin aksiz verilərindən qazancı əhalinin tibbi müayinəsinə sərf edəcəyi xərclərdən çox olacaq. Əslində, ölkədə bahalaşmaya səbəb ola biləcək qanunun bu şəkildə qəbulu özü doğru addım deyil. Adıkeçən qanuna görə, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 2 qəpik alınması digər mal və xidmətlərin bahalaşmasına da təsirsiz ötüşməyəcək.

“Hər hansı bir inhisarçını qorumaq Dövlət Gömrük Komitəsinin vəzifəsi deyil”
 
Bahalaşma ilə bağlı keçmiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə deyibi ki, qiymət artımına təsir edən bir neçə amil var: “ Onlardan biri fiskal siyasətdir ki, gömrük rüsumları, aksizlərin artması adi haldır. Təbii ki, ticarətlə, idxalla məşğul olan şirkətlər həmin artan aksizi, rüsümu istehlakçının üzərinə qoyacaq. Yəni qiyməti artıracaq və bu da pərakəndə satışda sonda istehlakçılardan tutulacaq. Vergini ödəyən həmişə sonuncu istifadəçidir. ƏDV-nin də, aksizin də mahiyyəti ondan ibarətdir. Azərbaycanda qiymət artımına təsir edən idxalda olan gömrük tariflərinin artması və ƏDV-nin daha çox məbləğdən götürülməsidir. Elə bu gün mətbutada yayılan Gömrük Komitəsinin sədrinin də armaturla bağlı şok etirafı, yəni gömrük dəyəri müəyyən olunan zaman ölkədə monopolist adını qazanmış “Baku Steel” şirkətinin istəyi əsasında bunu edildiyini Gömrük Komitəsinin sədrinin özü etiraf edir. Əgər hüquqi və yaxud fiziki şəxs aldığı malın gömrük dəyərini bank sənədləri ilə sübut edirsə, Gömrük Komitəsi onun təqdim etdiyi sənədlərə uyğun gömrük tarifini hesablamalıdır və ƏDV götürməlidir. Əslində, Gömrük Komitəsinin qismində süni qiymət artımını yaradan dövlət orqanlarıdır. Azərbaycan idxal məhsullarından asılı olan ölkələr siyahısındadır. Çox təəssüf ki, bəzi məmurlarımız qulağa xoş gələn sözlər, yəni daxili istehsalı qorumaq adı altında belə fikirlər paylaşırlar. Ancaq bu, daxili istehsalı qorumaq olsaydı, onda daxildə istehsal olunan malların istehsalından ödənilən vergilər, ƏDV artmış olardı. Ancaq 2019-cu ilin proqnozunda da ƏDV-nin azalması müşahidə olunur.
Son 5 ili götürsək, biz görürük ki, həqiqətən idxalda olan ƏDV artır, ancaq ölkənin daxilində istehsal olunan mallardan, xidmətlərdən ƏDV azalır. Bu, o deməkdir ki, daha çox idxal dinamikası artır və biz daxili istehsalı qoruya bilmirik. Daxili istehsalı qorumaq adı ilə müxtəlif monopolistləri, hətta idxal monopolistlərini qorumaqda davam edirik. Bu mənada fiskal siyasət doğru aparılmır. Gömrük Xidməti ilə Vergilər Nazirliyi arasındakı ikili inzibatçılığa son qoyulmalıdır. Gömrük Komitəsi ləğv olunaraq Vergilər Nazirliyinin tabeçiliyinə verilməlidir. Bu zaman təbii ki, doğru statistika ortalığa çıxmış olsa, Nazirlər Kabineti hər il hansı maldan ölkədə nə qədər istehsal olunduğunu dəqiq bilsə, bunun hansı stumullaşdırıcı amillərlə həyata keçirilməsi hökumət siyasəti olmalıdır. Hökumət bu siyasəti apararaq daxili istehsalı stimullaşdırmalıdır.
Daxili istehsalın stimullaşdırılmasının yeganə yolu iqtisadi fəaliyyətin artırılmasıdır. İstehsalçılara ucuz və uzunmüddətli resursların verilməsidir və inhisarçılığın ləğv olunmasıdır. Bir əldə iki qarpız tutmaq olmaz. Vətəndaşların real gəlirlərini azaltmaq, yəni dolayısı yolla onları daha çox əsassız vergi ödənişlərinə, daha bahalı xidmətlərdən yararlanmağa məcbur etmək, o deməkdir ki, bu insanlar sabah dövlətdən özlərinin sosial müdafiəsi üçün daha çox vəsait tələb edəcəklər. O baxımdan, bu addımlar kompleks atılmalıdır. Nazirlər Kabineti bu məsələyə kompleks yanaşmalıdır. Hər hansı bir inhisarçını qorumaq Dövlət Gömrük Komitəsinin vəzifəsi deyil, əksinə onun vəzifəsi tamam başqadır. Çox təəssüf edirəm ki, bizdə qiymət artımını əsas şərtləndirən bu amildir”.
 
“Onsuz da illərdir vətəndaşlar tibbi xərclərini özləri qarşılayırdılar, indi də qarşılamağa məcbur ediləcəklər”
 
N.Bəydəmirli onu da qeyd etdi ki, “Tibbi Sığorta” haqqında qanunun tətbiqi ilə bağlı həm cəmiyyətdə az informasiya var, həm də bu işi aparanlar icbari tibbi sığortaya keçmiş ölkələrin təcrübəsindən yararlanmayıblar: “Tələsik bir qərar veriblər. Əslində, səhv etmirəmsə bu qanun 1999-cu ildən var idi, ancaq tətbiqi həyata keçirilmirdi. Bu qanunun uzunmüddətdir müzakirə olunmasına baxmayaraq, tətbiqi də çox yaxşı deyil. Çünki aydın deyil ki, hansı mənbələr hesabına işləməyənlərə, 18 yaşına qədər, yaxud 65 yaşdan yuxarı olanlara dövlət hesabına tibbi sığorta üçün vəsait ayrılır. Görünür, tez bir zamanda piar xarakterli addımlar atmaqla olan söz-söhbətə son qoyulur. 2019-cu ilin dövlət büdcəsində tibbi xərclərə səhv etmirəmsə 4,2% büdcə xərcləri nəzərdə tutulub. Ancaq qonşu Gürcüstanda dövlət büdcəsinin 9,1%-i təkcə icbari tibbi sığortaya ayrılır. Bundan əlavə, Gürcüstanda həm də özəl icbari tibbi sığorta var. İşləyən vətəndaşları isə işə qəbul edənlər icbari tibbi sığorta elətdirir. Gürcüstan dövlət büdcəsinin 50%-dən çoxu sosial yönümlü xərclərdir. Yəni icbari tibbi sığorta, səhiyyə, təhsil, sosial müavinətlər bura daxildir. Azərbaycanda isə bu, 27%-dir. Bu mənada mən həmişə Gürcüstanı misal çəkirəm ki, icbari tibbi sığorta ilə bağlı orada müəyyən bir məbləğə qədər vəsait alanların hamısı dövlətin hesabına səhiyyə xidmətlərini alırlar və illik proflaktika məqsədi ilə müəyyən müayinələri keçə bilirlər. Hətta bəzi analizlər bəzi kateqoriyalı vətəndaşlara tam pulsuzdur. Bəzi kateqoriyalara 70% bəzilərinə isə 50% güzəştlə tətbiq olunur. Ancaq Azərbaycanda açıqlanan məlumatlardan, dövlət xəstəxanalarının publik hüquqi şəxs statusuna keçirilməsindən sonra bu qənaətə gəlmək olur ki, onsuz da illərdir vətəndaşlar tibbi xərclərini özləri qarşılayırdılar, indi də qarşılamağa məcbur ediləcəklər. Yəni dövlətin büdcədən ayırdığı xərclərin az olması buna dəlalət edir”.
 
“Mən bu malların qiymət artmını tragediya hesab etmirəm”
 
Bəydəmirli vətəndaş olaraq tütün məmulatlarının və spirtli içkilərin bahalaşmasın normal yanaşır: “Düzdür, bu vətəndaşlarımızn müəyyən hissəsinin büdcəsinə təsir edəcək. Nəzərə alsaq ki, bu tipli vərdişlər həm sağlamlığa, həm də dövlətə ziyandır, bu mənada mən bu malların qiymət artmını tragediya hesab etmirəm. Ancaq Azərbaycanda istehsal olunmayan mallara, o cümlədən avtomobillərə böyük gömrük rüsumu, aksiz veriglərinin tətbiq olunmasının mən tərəfdarı deyiləm. Hesab edirəm ki, bu, yol yanlış yoldur. Yəni bu, İran kimi ölkələrin iqtisadi siyasətinin təkrarlanmasıdır. İstər İran, Türkiyə, istərsə də Rusiya olsun, onların özlərinin istehsalları var. Bu ölkələr böyük həcmdə avtomobil istehsal edirlər. Bu baxımdan, bu ölkələrdə vətəndaşları yerli istehsal olan avtomobilləri almağa məcbur etmək anlaşılan ola bilər. Həm də bu addımlar daha rəqabətə dözümlü, daha yaxşı avtomobil istehsalına gətirib çıxarda bilər. Ancaq Azərbyacan kimi ölkədə əgər avtomobil istehsal olunmursa, niyə bu qədər gömrük rüsümu tətbiq olunur? Dövlət büdcəsinin gəlirlər hissəsinin vətəndaşların hesabına süni artırılması çox yanlış siyasətdir. Əksinə, mən hesab edirəm ki, hökumət vətəndaşların və şirkətlərin daha çox qazanc məsələsini həll etməlidir. Təbii ki, iqtisadi fəaliyyətdən əlavə dəyər yaradıldıqdan sonra dövlət büdcəsinin gəlirlərini toplamaq lazımdır. Yəni vergiləri artırmaq yox, vergi bazasını genişləndirmək lazımdır. Mən Gürcüstanı yenə də müqayisə edirəm. Gürcüstanın dövlət büdəcisinin gəlirlər hissəsinin təqribən 95%-i vergilərdən daxilolmalar hesabına formalaşır. Təsəvvür edin ki, Gürcüstanda vergi bazası nə qədər genişdir. Vergi bazasını genişləndirmək komleks islahatdan keçir. Bu, cərimələri, gömrük rüsumlarını, aksiz verigilərini artırmaq yox, daha çox kölgə iqtisadiyyatını daraltmaq yolu ilə keçirilir. Düzdür, etiraf etmək lazımdır ki, vergi qanunvericiliyindəki bəzi dəyişikliləri, o cümlədən fiziki şəxslərin 8 min manata qədər gəlir vergisindən azad olunmasını müsbət addım kimi qiymətləndirmək olar. Ancaq bu qədər yüksək həddin, 8 min manatın göstərilməsini doğru saymıram. 8 min manat maaş alanmı var?”,-deyə keçmiş deputat sual etdi.
 
“2018-ci ilin sonunda aparılan islahatları yarımçıq hesab edirəm”
 
“Mən hesab edirdim ki, sosial sığorta haqları ilə bağlı islahat aparılmalıdır və Gürcüstan modeli seçilməlidir. Yəni sosial sığorta haqqı ilə gəlir verigisi birləşdirilib, sosial vergi tətbiq olunmalıydı və dövlət Sosial Müdafiə Fondu tamamilə ləğv olunub, onun funksiyaları Vergilər Nazirliyinə verilməliydi. Bu baxımdan, mən 2018-ci ilin sonunda aparılan islahatları yarımçıq hesab edirəm və bunun effekvliyinin tam olacağına əmin deyiləm. Çünki heç vaxt əhali tərəfindən heç bir ölkədə qiymət artımı müsbət qaprşılanmır. Əhalinin gəlirlərinin çox olması üçün hökumət daha çox iş görməlidir” – deyə iqtisadçı vurğuladı.
 
Şamo EMİN, Hurriyyet.org