“Gəncliyim üçün Moskvaya, ahıllıq dövrüm üçün Türkiyəyə minnətdaram” – TANINMIŞ ALİM

Baxış sayı:
14059

Muxalifet.az İstanbuldakı Aydın universiteti Qafqaz və Orta Şərq araşdırmaları mərkəzinin rəhbəri,magistratura və doktorantura proqramlarının müəllimi, professor Kamil Vəli Nərimanoğlunun Turan agentliyinə müsahibəsini təqdim edir:

- Turan: 50 ildən çoxdur ki, elmi fəaliyyətlərin ən mərkəzindəki simalardan birisiniz.20 ildən çoxdur ki,Türkiyədəsiniz.Etiraz etmirsinizsə,elə buradan başlayaq: Türkiyənin sizin üçün fərqi nədir?
- Əmimin "Rekord" radiosu vardı, axşamlar açar, mənim həm başa düşdüyüm həm də başa düşmədiyim verilişlərə qulaq asardıq.Türkiyə ilə ilk tanışlığım o vaxt başlayıb.Bilal əmim müharibədə olmuşdu, ağlayan adam deyildi.Ağlayanda soruşdum ki,bu veriliş hardan verilir? Dedi ki, bizim qardaşımız Türkiyədən, bəlkə Hilal da ordadır.Qardaşının qoxusunu alırdı.Tale elə gətirdi ki, mən universitetə qəbul olandan sonra Əbülfəz bəylə tanış oldum.Cavan müəllim idi,ondan sonra Türkiyəyə dair söhbətlər genişləndi.O vaxt dostlarım vardı: Dilsuz Mustafayev, Cavanşir Quliyev,Aydın Əzimov, "Tanqo" deyirdilər- Tanrıverdi.Onlar hamısı Türkiyəni sevirdilər.Bizim yetişməyimizdə o mühitin böyük rolu oldu.Əlbəttə, Türkiyə sevgisi hamımızın evindən, ailəsindən başlayıb.Ancaq bunun artmasında Bakı-İrəvan qatarının böyük rolu vardı.İmişlidən sonra qatar sərhəddən keçirdi,Naxçıvandan keçəndən sonra qatardan enə bilərdiniz.Biz anadan olduğumuz yerə, doğma vətənimizə şəhər sovetindən aldığımız sənədlə gedirdik.Buna görə davalar da olurdu,o davalar insanları yavaş-yavaş yetişdirirdi.Uşaq olanda atam məni Bakıya aparmışdı.Qayıdanda sel gəldi, relsləri yuyub apardı.3 gün nə Bakıya qayıda bildik nə də Mahmudluya çata bildik.Orda mən aşıq Humayı gördüm, 2-3 gün onun söhbətıərini dinlədim.Onun oğulları Dərgah müəllim, Oruc müəllim APİ-də işləyirdi,rəhmətə gediblər.Çox ziyalı ailədir, böyük maarifçi,Azərbaycanın keçmiş maarif naziri Mehdizadənin qohumlarıdır.Hamısının kökündə aşıq Humay dayanırdı, "Qurbani" dastanını ilk dəfə o deyib.Bizim nəslimizdə atamın əmisi kefli Bəşir vardı. Mən 6-7 yaşımda olanda rəhmətə gedib ancaq onun o vaxtkı söhbətləri yadımdadır.Müsavat hökuməti vaxtında poçt müdiri olmuşdu, baməzə adam idi.Cəbrayılın bir çox lətifəsi, atmacası onun adıyla bağlıdır, deyirlər ki, kefli İsgəndərin prototipi o olub.Hətta iddia var ki,Mirzə Cəlil Ölülər"i Cəbrayılın Quycaq kəndindən yazıb,hadisələr Naxçıvanda olmayıb.Daşkəsən kəndində ələvi ənənəsi çox güclüdür, o təriqət çaxır-zad da içir.Cəbrayılda aşura ancaq Daşkəsəndə keçirilirdi, Füzulidə isə Horadizdə.Özümüzü tanıyandan sonra biz də gedirdik.Kefli Bəşir, Məşədi Abış- bunların hamısı antisovet ziyalılar idi.Ailəmiz ziyalı ailəsidir,bizə gələndə mən də onların söhbətlərinə qulaq asardım.Rəhmətlik Ağabala Abdullayev bizim qonağımız olurdu.İran radisounda Əbülhəsən bəy vardı.Rəvayət vardı ki, Əbülhəsən bəylə Ağabala Abdullayev qardaşdırlar.Onlar rəsmi qardaş olmasalar da əlbəttə ki,mənəvi qardaş idilər.Günorta namazından əvvəl Təbrizdən 15 dəqiqə muğam verirdilər, biz o muğama qulaq asardıq.Biz sərhədə yaxın deyildik ancaq səhər tezdən Savalan dağını görürdük.Gün qarışandan sonra o dağları görə bilmirdik.Şəhriyarı bizə ilk dəfə Məhəmməd Əmin Rəsulzadə təqdim edib yoxsa Şəhriyarı çox gec tanıyardıq.Əlaqələr güclənəndən sonra Şəhriyarın Bəxtiyar Vahabzadəyə,Məmməd Rahimə, Süleyman Rüstəmə şeirlə yazdığı məktublarından, Rüstəm Əliyevin çıxışlarından biz onu yaxından tanıya bildik.Yadıma gəlir ki, Rüstəm Əliyev unuversitetə gəlib Şəhriyar barədə 4 saat danışmışdı.Mircəfər Bağırovun vaxtında Cəbrayılda çox qaçaqlar olub,Mircəfər özü dəfələrlə Bakıdan gələrək qaçaqlarla mübarizədə iştirak edib, atışmalara gedib.Özü qaçaqlara təklif edib ki, bu tərəfə keçin, sizinlə işimiz yoxdur ancaq onlar təklifi qəbul etməyiblər.Onlara nəzarət edən kefli Bəşirə deyiblər ki, Novruz bayramında bizi evimizə burax.Kefli Bəşir deyib ki, yox, gedərsiniz, gəlməzsiniz.Deyiblər ki, sən öl, gələcəyik.Bir az da içibmiş.Onları evlərinə buraxıb.Gəlməsəydilər, kefli Bəşiri öldürəcəkdilər.Hamısı bir-bir gəlib(gülür) Atam danışardı ki,müharibə vaxtı Naxçıvanda aclıq yarandı.Füzuli rayonunun çox münbit torpaqları var, yaxşı buğda yetişir.Naxçıvandan gəlib o buğdanı ucuz qiymətə alıblar.Qarabağın o torpaqları çox bərəkətlidir.Füzuli, Ağdam, Cəbrayıl.Torpağa nə əksən, bitir.Mrzə Cəlil yazıb ki, Stolıpin cənabları deputatların üstünə qısqırtmaq üçün Mərcanlıdan köpəklər gətirib(gülür).10 minlərlə qoyun-quzu vardı, çox böyük elat tayfası idi.MərcanlıTürk tayfasıdır.Böyük Mərcanlı və Cocuq Mərcanlı, yəni kiçik Mərcanlı.Mərd camaatdır,bizim Vaqif Cəbrayılzadənin vətəni.Oraya pambıq yığmağa gedərdik.Orada Məhəmməd kişi olub, müharibədən sonra da İrana gedib-gəlirdi.Yolları bilirdi, su harda dərindir, harda dayazdır.Ordan tütün gətirər, burdan oraya qənd aparardı.Hökumət də bilirdi ancaq qabağını ala bilmirdi.Bir neçə dəfə tutub-buraxmışdılar.Mənim əmilərim Şuşada oxuyublar.Şuşa ilə Cəbrayılın arasında Molla Nəsrəddin yolu var, atla gedirsən, cığırlar özü səni aparır.Əslində bizim paytaxtımız Şuşadır.Cəbrayıl da qəza olub, Gəncə quberniyasına baxıb.Bazarımız Füzuli və Ağdam olub.Ancaq oxumaq üçün Şuşaya getmişik.Bir vaxtlar Abdulla Şaiqin də dərs verdiyi Şuşa pedaqoji məktəbi və Musiqi məktəbi əsas təhsil ocaqları olub.Bakı uzaq idi-hər adam gedə bilmirdi.Aran mərkəzi Ağdam, dağ mərkəzi Şuşadır.Əslində Qarabağın rəsmi mərkəzi Şuşadır.Cəbrayılda ədəbi mərkəzlərin dinləyicisi olmuşam.Ziyalı kimi yetişməyimdə hər şeyi Qarabağa borcluyam.Əlbəttə, Xudu müəllimin simasında.Çünki Xudu müəllim Qarabağ ziyalılığının zirvəsidir.Əlbəttə, Üzeyir bəydən sonra və Üzeyir bəydən gələn yol gəlib Xudu müəllimə yetişir, ordan da bu günlərə gəlir.Orda Rafiq Əliyev var,orda bizim müğənnilərimiz, şairlərimiz, yazıçılarımız var.Bir şey uydurublar ki, guya orada kürd var."Kürd" Azərbaycan dilində, ayrım deməkdir, elat camaatı deməkdir,Oğuz deməkdir.Mərd adam mənasındadır,etnik mənada deyil.Sonradan sovet ideologiyasının təsiriylə Azərbaycanı bölüb-parçalamaq üçün bu cür səhv şeylərdən istifadə edilib.Elçibəyin vaxtında kiçik etnosların mədəniyyətlərinin qorunmasına dair qərar qəbul edildi.Bəlkə o qərar dünyada təkcə Azərbaycanda var.Beynəlxalq standartlarda qərardır.Azərbaycan dövlətçliliyi üçün rus ordusunun çıxarılması,test imtahanlarının gətirilməsi və o qərar əsas sütunlardır.Bakı mühiti bizim üçün çox önəmlidir.Azərbaycanın bütün bölgələrindən ziyalılar Bakıya gəlib orada bizim fikir elitamızı yaradıblar.Yolumuzu Bakı mühiti müəyyənləşdirib.Mən xoşbəxtəm ki, Ziya Bünyadov kimi böyük bir alimin söhbətlərini dinləmişəm, Xudu Məmmədov, Əziz Mirəhmədov, Məmməd Cəfər kimi alimlərin söhbətlərinə qulaq asmışam.Əkbər Ağayev yazanda kommunist kimi yazırdı, ancaq danışanda tamamilə başqa adam olurdu.O, sovet insanının tipik nümayəndələrindən biri idi.Çox geniş dünyagörüşünə malik idi, ancaq məcburiyyətdən bir çox şeyi ürəyindəki kimi ifadə edə bilmirdi.İndi də sovet vaxtından qalma adamlar restorana gedəndə soruşurlar ki, kabinet var? Türkiyədə "kabinet" məfhumu yoxdur, hamı bir yerdə yeyib-içir.Sovet adamı KQB-dən çəkindiyinə görə, hər işinin gizli qalmasını istəyirdi.Bakıda indi də o ənənə qalıb,içəri girən kimi kabineti soruşular (gülür).Yaxşı yadıma gəlir ki, Stalin öləndə Şamama xala gəlib ağlaşma qurdu.Onun dediklərindən belə çıxırdı ki, Stalindən sonra atalarımız, sonra isə biz öləcəyik.Onun dediyi ağının məzmunu bu idi (gülür). 1953-dən sonra mən oyanma dövrü keçirdim.Biz sovet psixologiyasından xilas ola bilmirik. Azərbaycanda gənc bir adamı dekan seçirdilər. Mən təklif etdim ki, sovet dövründə az yaşamış bir adamı dekan seçək (gülür). KQB insanların ürəyindədir, ondan xilas ola bilmirik. Xaricə gedəndə hamımız kağıza qol çəkirdik ki,filan yerə getməyəcəm, SSRİ-nin əleyhinə heç nə danışmayacağam. KQB- qorxu, vahimə, özünə nəzarət deməkdir.Sistemlərdən asılı olmayaraq,hər yerdə özünə nəzarət var.Bir Azərbaycanlı kimi mən çox dilxor oluram ki, bizim sandıq ədəbiyyatımız olmadı.Elə bir adam tanımadım ki,onun çap edilməyən əsəri olsun.Sovet ədəbiyyatının yıxılıb, yeni ədəbiyyatın yaranmasının təməlini Anar və ya Əkrəm Əylisli deyil, İsa Hüseynov və Sabir Əhmədli qoyublar. Müəyyən qədər də Ənvər Məmmədxanlı. Yusif Səmədoğlu, Anar,Əkrəm Əylisli yeni ədəbiyyatın yaranmasında ən mühüm xidmətləri olan qələm sahibləridir. Adamın üstündə Allah var, Əkrəm Əylisli Azərbaycan dilinin əxlaqını dəyişib və bizim dilimizi bəlağətdən təmizləyib. Düzdür, Rəfael Hüseynov o bəlağəti yenə gətirdi(gülür) ancaq o kişi bizim dilimizi bəlağətdən təmizləyən adamdır. İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının da dili təmizdir.Əkrəm Əylisli isə bizim könül dilimizi təmizlədi.Yazıçı yaşayırsa, mütləq təzə əsərlər yazacaq. Tək əsərə görə yazıçıya qiymət vermək düzgün deyil.Əkrəm Əylislinin bir əsərini bəyənməyə bilərsiniz, ancaq bu, o demək deyil ki, Əkrəm Əylisli sabah başqa əsər yazmayacaq. Bizim yazıçıların, şairlərin çoxunu ortaya gətirən Əkrəm Əylisli oldu. Onu tənqid etmək olar, ondan küsmək də olar ancaq onun üstündən xətt çəkmək olmaz. Mən yeni ədəbiyyatın qurucularının içində Əkrəm Əylisinin adını xüsusilə vurğulamaq istəyirəm.
dəbiyyatşünaslığa "Nəsrin poetikası" məfhumunu siz gətirmisiniz.O vaxta qədər "poetika" deyəndə istisnasız olaraq hamı şeirdən söhbət gedəcəyini düşünürdü...
- Nərimanoğlu: Onu düz deyirsiniz. Ancaq sizə deyim: mənim aldığım əxlaq belədir ki, özümdən danışmaq istəmirəm.Aydın Məmmədov barədə danışmaq istəyirəm. Bilirsiniz, nəyə görə? Mən ilk dəfə tənqidlə bağlı yazı yazmışdım. Səhv etmirəmsə, "Ulduz" jurnalında çıxmışdı.Aydın məni tapdı və dalaşdı ki, sən dilçisən, niyə ədəbiyyatdan yazırsan?Sonra bizim adımız "Dilçi-tənqidçilər" oldu.Aydının, mənim, Kamal Abdullanın, Nadir Cabbarovun- xidmətimiz bu oldu ki, biz o yeni ədəbiyyatı oxucuya izah etdik,dəstəklədik.
- Ciddi müqavimətlə də rastlaşdınız...
- Vallah, elə bir ay olmurdu ki, bizim haqqımızda uzun-uzun tənqidi yazılar yazılmasın. Elçinin adını çəkmədim, Elçin də yeni ədəbiyyatda var. Detal və təfərrüat məsələlərini o vaxt ədəbiyyatşünaslar da işləməmişdi. Ramizin 4 hekayəsi haqqında Aydının məqaləsi vardı. Çox maraqlı idi.
- Bu 50 illik müddətdəki gərgin iş tempinizi nəyə borclusunuz? O tempi eynilə Türkiyədə davam etdirirsiniz.Son dövrdə 2 iri həcmli kitabınız çıxıb.İllər keçsə də bu iş tempini necə qoruyursunuz?
-Vallah, mən sizə səmimi deyirəm: bizim yetişməyimizdə Moskva mühitinin böyük rolu oldu. Atalar sözü var: din ayrı şeytan ayrı. Xüsusilə, Peredelkino mühiti,Yazıçılar evi,oradakı kafe-restoranlar bizim yetişməyimizdə mühüm rol oynadı.
-Gabriel Garcia Marquez Barranquilladakı "Jappy" kafesindən danışır,sizinki də o kafe kimi idi?
-Bəli, bəli.Həyat yaradıcılıq evində idi.Orada ən mühüm yazıçı-şairlərlə söhbətlərimiz olurdu. Mən ömrümün ən gözəl illərini Moskvada yaşamışam (gülür). Nəyə görə? Çünki çox azadlıq görmüşəm orada. Rəhmətlik Tahir Aslanlı bizi elə yerlərə aparırdı ki, heç ruslar oraya gedə bilmirdilər. SSRİ Yazıçılar İttifaqının üzvü olmağın çox böyük güzəştləri vardı. Buna görə İmran Qasımova, İsaq İbrahimova Allahdan rəhmət diləyirəm, bizə bu qapını onlar açdılar. Bir dəfə rəhmətlik Əlövsət Abdullayevlə sözümüz tərs gəlmişdi. Dedi ki, sözlərinə qulaq asıram,sənin sözlərin deyil,Yazıçılar İttifaqından gəlir(gülür). Məhəmməd Salehin Moskvadakı çıxışı yadımdan çıxmaz, Əkrəm Əylisli Moskvada gözəl çıxış etdi, Aydın Məmmədov parlaq çıxışlar edirdi. O, həm rus dilini yaxşı bilirdi, həm də güclü natiq idi. Ruslar özləri ona heyran qalırdılar. Aydın çox maraqlı adam idi. Yevtuşenko, Oljas Süleymenov Bakıya gələndə onu axtarırdılar.İz qoyan adam idi. Biz onun qədrini bilmədik,nəslimizin ən istedadlı adamı idi. Sonrakı nəslin yetişməsində onun böyük rolu var.
-Bəs Türkiyə mühitini necə qiymətləndirirsiniz?
-Türkiyəyə gəlməyim həyatımın dönüş nöqtəsidir.Sovet vaxtında da Türkiyəyə gəlmişəm. Deyə bilərəm ki, ahıl yaşımda özümü Türkiyədə tapmışam. Mən Türkiyəyə siyasi həyatım nəticəsində gəlmişəm. Azərbaycanda müəyyən qrupların hücumları məni çox narahat edirdi. Orada qalsaydım ya öləcəkdim ya da həbsxanaya düşəcəkdim. Uşaqlarım burada oxudu, ailəm yanımdadır.Türkiyə mühiti təkcə universitet deyil. Türkiyə mühiti hər şeyi ilə bir bütövdür. Burada yaradıcılıq üçün heç bir məhdudiyyət yoxdur.Heç kim deyə bilməz ki, bunu yazma, onu yaz. Biz azadlıq adlı şeyi Türkiyədə yaşamışıq. Bəlkə rəhmətlik Məhəmməd Əmin Rəsulzadə və Əhməd Cəfəroğludan daha rahat yaşamışıq. Gəncliyim üçün Moskvaya (gülür), ahıllıq dövrüm üçün Türkiyəyə minnətdaram. Vətənim Azərbaycandır, Cəbrayılda anadan olmuşam,Qarabağ mənimdir. Vətən hissi rejimlə ölçülmür.Türkiyə dövrü mənim üçün olduqca mühüm dövrdür. Mən Türk millətinə minnətdaram.Burda insanlar öz çörəklərini bizimlə bölüşürlər, hamı hörmətlə yanaşır. Əgər 1918-ci ildə Türk qoşunları gəlməsəydi,indi Azərbaycan məfhumu yox idi. Bunu birdəfəlik bilmək lazımdır.Neft bu gün var, 30 ildən sonra olmayacaq. Ancaq Azərbaycan milləti Türk millətinin bir qismi kimi həmişə olacaq. Türk əvəzinə "azəri" deyəndə mən əsəbləşirəm. Mənim dövlət idarələrində işləyən bir çox tələbəm var. Allah hamısının işini avand etsin. Hamısı bilməlidir ki, Azərbaycançılığı Türkçülükdən ayırmaq olmaz. Bunun müəyyənləşdirici prinsiplərini Məhəmməd Əmin Rəsulzadə verib.Allah-taala o böyük dahini bizə verməsəydi,bu düşüncə bizdə olmayacaqdı.Nə Qasprlanın nə Hacıbəylinin nə Hüseynzadənin rolunu azaltmaq üçün deyirəm.Rəsulzadə dərya kimi adamdır.Onun hər cümləsinin altından 5-10 kitabın materialı çıxır.Mən Türkiyəyə həm də ona görə minnətdaram ki,burda Əlibəy Hüseynzadə və Məhəmməd Əmin Rəsulzadə yaşayıb, onlar bu torpaqlarda yatırlar.Əhməd Ağaoğlu bu torpaqlarda yatır,onların ailələri, nəsilləri burada yaşayır.Türkiyəli həmkarlarıma da deyirəm ki, sizin indi də görə bilmədiyiniz bir çox işi rəhmətlik Əhməd Cəfəroğlu o vaxt görüb.Burada 100-200 nəfərlik bir akademiyanın işini görüb,10 cildlik Dialektologiya sözlüyü yazıb.Bu sahədə xidmət göstərən hər kəsə Allahdan rəhmət, həyatda olanlara uzun ömür diləyirəm.Təbrizdə, Tehranda Ramiz Rövşənin şeirlərini o qədər ürəkdən oxuyurdular ki,, ədəbiyyatımızın üfüqlərinin 50 milyon insana qədər uzandığını gördüm.10 milyon yox, 50 milyon oxucusu var. Bizim ən təbii paytaxtımız Təbrizdir. O paytaxtın bir qolu Dərbəndə, o biri qolu Göyçə gölünə, digər qoli isə İstanbula qədər gedir. Dilin adını dəyişmək müvəqqəti şeydir,bununla biz Türklüyümüzdən çıxmırıq ki?Mənim Türk dilim nə talışları inkar nə ləzgiləri.Burada yaratmaq üçün rahat mühit var.Mən istəyəndə Türkiyənin prezidentiylə, nazirlərlə rahat şəkildə görüşə bilirəm.Burada sənin öz siyasi düşüncələrini ifadə etməyə heç kim mane olmur.Unversitetlərdə və hərbi qurumlarda siyasət təbliğatı yoxdur.Biz hələ də anlaya bilmirik ki, əsas silah deyil, qələmdir.Məni ən çox kədərləndirən cəhət də budur ki, biz savaş meydanında yox,mədəniyyət meydanında uduzmuşuq.Düşüncə meydanında da uduzmuşuq.Mən bunun müvəqqəti olduğuna inanıram.Mənəvi dəyərlərdən uzaq düşəndə bəşəriyyət öz kökündən də ayrılır.Biz ən kədərli planetdə yaşayırıq.
- Vaxt ayırdığınıza görə təşəkkür edirik.Söhbətimizin burada bitməyəcəyinə inanırıq.
- Hər dəfə konkret mövzular ətrafında da danışa bilərik.Mən də sizə minnətdarlığımı bildirirəm.