GƏNCƏDƏKİ DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI - Bacısı qızını qaçırdı, namusunu ləkələdi, boğazını kəsdi...

Baxış sayı:
3217

Gəncə şəhərində 20 yaşlı oğlanı qətlə yetirməkdə ittiham olunan Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Bahadur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bahadur Qasımovun bacısı qızı Əminə Səmədova (ad və soyad şərti verilib – red.) 2 iyun 2018-ci il tarixdə Daşkəsən rayonunun, Almalı kənd sakini Asif İsayev tərəfindən qaçırılıb.

Cinsi əlaqədə oldu, evlənmək istəmədi

Asif İsayev Əminə Səmədovanı qaçırandan sonra onunla cinsi əlaqədə olaraq qızlıq bəkarətini pozub. Bu hərəkətləri edəndən sonra Asif İsayev Əminə ilə evlənmək istəməyib.

Bunu eşidən Bahadur Qasımov Asif İsayevin bacısı qızı ilə evlənməməsini özünün və nəsilinin adının, namusunun ləkələnməsi kimi qiymətləndirib. O, Asif İsayevdən qisas alıb, onu qəsdən öldürmək qərarına gəlib.

Bacısı qızını qaçıran gənci aldatdı

Bahadur Qasımov öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcədən hazırlamış olduğu plana uyğun olaraq hadisədən 3 gün əvvəl özünə məxsus “Hyundai SantaFe” markalı avtomaşınla Daşkəsən rayonuna gedib.

Bahadur Qasımov ilk öncə özünü Əminə Səmədovanın dayısı kimi deyil, üzüm alverçisi kimi təqdim edərək Asif İsayevlə tanış olub. Onunla guya ucuz qiymətə üzüm alıb baha qiymətə satacaqları barədə söhbət aparıb, bu yolla onu aldadaraq Gəncə şəhərinə dəvət edib.

Gənci döyə-döyə öldürdü

Daha sonra Bahadur Qasımov sentyabrın 15-də, saat 11.00-da Asif İsayevi Gəncə şəhərində qarşılayaraq idarə etdiyi avtomaşına mindirib özünə məxsus Gəncə şəhəri, Kırılov küçəsi 34 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb. Orada ona Əminə Səmədovanın dayısı olduğunu bildirib.

Sonra orada Asif İsayevi qəsdən öldürmək məqsədilə əvvəl evin həyətindən götürdüyü taxta parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. Asif İsayev aldığı xəsarətdən hadisə yerində ölüb. O, sonra Asif İsayevin başını kəsib.

İstintaq orqanı tərəfindən Bahadur Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Özümdən çıxdım”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bahadur Qasımov bildirib ki, həmin hadisə barədə bacısı ona danışdıqdan sonra onda Asif barəsində pis fikirlər formalaşmağa başlayıb və ondan etdiyi hərəkət üçün cavab verməli olduğu qərarına gəlib: “Həyətə daxil olandan dərhal sonra Asifə Əminənin dayısı olduğunu bildirdim. Həmin vaxt bir qədər dayandı və mənim üzümə baxdı. Sonra isə “Əminənin dayısısan lap yaxşı, sözünü de”, - ifadəsini işlətdi. Ondan nə səbəbə belə etdiyini, son fikrinin nə olduğunu soruşdum. Asif mənə “bu vaxta qədər biz sizə yalvarmışıq, indi isə siz bizə yalvarın”, - deyə qeyd etdi. Onun bu sözündən sonra özümdən çıxdım və həyətdə olan taxtalardan birini yerdən götürərək Asifə zərbələr endirməyə başladım”.

“Başını kəsməyə başladım”

Bahadur Qasımovun sözlərinə görə, Asifə zərbələr endirərən zaman sonuncu pis-pis söyüşlər söyüb: “Anama, var-yoxuma, nəslimə pis söyüşlər söyməyə başladı. Asif söyüş söydükcə davamlı olaraq taxta ilə zərbələr endirdim. Asif zərbələrin təsirindən yerə yıxıldı. Bu vaxt yerdə olan qab-qacağın içərisindən bir ədəd bıçaq götürdüm və yenidən Asifin üstünə hücum etdim. Asif əlləri ilə başını tutdu və üzü yerə istiqamətdə uzandı. Mən isə Asifin saçından tutaraq yuxarı qaldırdım. Sağ əlimdə olan bıçaqla başını kəsməyə başladım. Təxminən 3-4 dəfə bıçağı hərəkət etdirdikdən sonra çoxlu qan axdığını gördüm. Sonra bıçaqla kəsməyi dayandırdım”.

“Namusumuzu ləkələdiyi üçün öldürdüm”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan dərhal sonra evdən çıxıb və darvazanın qapısını arxadan bağlayıb: “Yolda olarkən qardaşım Alıya zəng etdim, Asifi öldürdüyümü bildirdim. Daha sonra isə yeznəm, Əminənin atasına da zəng edərək namusumuzu təmizlədiyimi bildirdim. Asifi namusumuzu ləkələdiyi üçün öldürdüm. Asif evdə olarkən mənə söyüşlər söyməyə başlayıb və etmiş olduğu hərəkətə haqq qazandırmaq istəyib. Asifin bu hərəkətindən sonra ilk öncə taxta ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim, daha sonra isə bıçaqla başını kəsdim”.

“Məqsədim öldürmək olub”

Bahadur Qasımov qeyd edib ki, hadisə vaxtı orada Asiflə ondan başqa heç kim olmayıb: “Asifin adını təxminən hadisədən 2-3 ay qabaq eşitmişım və bilmişəm ki, bacım qızının namusunu ləkələyib. Asifə hadisə yerində taxta ilə və bıçaqla xəsarətlər yetirməkdə isə əsas məqsədim onu öldürmək olub”.

18 il cəza verildi, narazılıq yaratdı

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bahadur Qasımov 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun atası Gəray İsayev apelyasiya şikayəti verib. O, Bahadur Qasımovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını istəyib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini istəyib. O, qeyd edib ki, əməli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa zərərvurma, ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunmalıdır.

Cəza artırıldı

Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətlərinin dəlillərini araşdırılıb, sonda qərar elan edilib.

Zərərçəkmiş tərəfin şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Bahadur Qasımovun cəzası 19 ilə qədər artırılıb. Onun cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bahadur Qasımovun şikayəti təmin edilməyib.

Publika.az