Gənc Tamaşaçılar Teatrı oktyabrda beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabrda üçüncü beynəlxalq teatr festivalında iştirak edəcək.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-9-da Ukraynaın paytaxtı Kiyev şəhərində keçiriləcək “Mariya” Beynəlxalq Monotamaşaları Festivalında Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar artisti Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, tamaşa Azərbaycan və rus dillərində oynanılır. Səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında bir sıra mükafatlara layiq görülüb.
Dünyanın müxtəlif ölkələrinin, Polşa, İspaniya, Slovakiya, Türkiyə teatr kollektivinin iştirak edəcəyi “Mariya” festivalı çərçivəsində müsabiqələr, sərgilər, elmi konfranslar, ustad dərsləri və yaradıcılıq görüşləri keçiriləcək. Festivalın məqsədi teatr xadimlərini, ədəbiyyat adamlarını, dramaturqları, musiqiçiləri bir araya gətirərək mədəni dialoqa xidmət etməkdir. Şövqü Hüseynov həmçinin festivalın “Mədəniyyətin möcüzəsi” adlı beynəlxalq konfransında Azərbaycan teatrının inkişafı və “Avropa və Ukrayna” teatrlarının əməkdaşlığına həsr olunan dəyirmi masada iştirak edəcək("Report").