Gənc fəallar polisə çağırıldı

Avqustun 17-də Demokratik Gənclər Təşkilatının rəhbəri İsmayıl İslamoğlu, Azad Azərbaycan Təşkilatının sədri Ağaşirin Tarverdioğlu, gənc fəal Dəyanət Babayev Bakı Baş Polis İdarəsinə dəvət edilib
Muxalifet.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi"nə Dəyanət Babayev bildirib.
Bir qrup gənc facebook şəbəkəsində Bakının mərkəzi küçələrində “Siyasi məhbuslara azadlıq!” şüarı ilə aksiya keçiriləcəyini bildirib. Bundan sonra polis gəncləri dəvət edib. Avqustun 11-də AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qara məhkəmənin qərarı ilə 20 sutka inzibati həbs cəzasına məhkum edilib.
“Məni Cinayət Axtarış şöbəsinin rəis müavini xəbərdarlıq etdi ki, aksiya keçirsək polis tərəfindən saxlanılacağıq. Mən isə iltizamı imzalamadım və aksiya keçirmək konstitusiya hüququm olduğunu dedim. Bundan sonra şifahi xəbərdarlıq edərək məni azad buraxdılar”, o qeyd edib.
Babayevin sözlərinə görə, İsmayıl İslamoğlu, Ağaşirin Tarverdioğlu hələ də Bakı Baş Polis İdarəsində saxlanılır.