​Gənc dənizçilər bulvarda sıralandı: 31 qayıqla... - Foto

Baxış sayı:
3376

Bu gün Dənizkənarı Bulvarda Yelkənli Qayıq Yarışı çərçivəsində dənizçiliyin təbliği ilə bağlı sərgi təşkil edilib.
Muxalifet.az xəbər verir ki, dənizçiliyə aid avadanlıqların bir qismi - müxtəlif təyinatlı gəmi eksponatlarının, dənizçi peşəsinə aid əşyaların, geyimlərin, gəmidə istifadə olunan alətlərin və cihazların sərgisində şəhər sakinləri üçün musiqili əyləncəli yarışlar da keçirilib. Sərginin sonunda isə yelkənli qayıqların yarışı keçirilib.
Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (AXDG) mətbuat katibi Mehman Mehdiyev bildirib ki, yarışda 4 sinif üzrə 31 yelkənçi iştirak edib:
“Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini keçirməyə hazırlaşır. Bu yubiley tədbiri çərçivəsində biz bir sıra tədbirlər keçirməyi planlaşdırırıq. Tədbirlərdən birincisi Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə hərs olunmuş "Baku Sailing Regatta 2018" yelkənli qayıqların yarışıdır. Bu yarışı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və Azərbaycan Yelkənli İdman Federasiyası birgə təşkil edir. Son illər ölkəmizdə yelkənli qayıq idman növünə olan marağı nəzərə alaraq, biz belə bir tədbir keçirməyə qərar verdik. Bu gün 31 idmançı yarışdı. Onlar 4 sinif qayıqlarda öz güclərini sınayırlar. “Optimist”, “Laser-standard”, “Laser 4.7”, “Laser-radial” qayıqlarıdır ki, onların yarışlarını nəinki yerli, eyni zamanda beynəlxalq hakimlər izləyirlər. Onların son qiymətləndirməsindən sonra qaliblər müəyyənləşəcək və onlara mükafat təqdim ediləcək”.
Qalib gələcək yelkənçilərə veriləcək medalın simvolik xarakter daşdığını qeyd edən Mehman Mehdiyev qaliblərin fəxri diplomla da təltif ediləcəyini bildirib.
Sərgi paytaxtımızın sakinləri və qonaqları arasında da maraqla qarşılanıb. Şəhər sakinləri belə sərgilərin tez-tez keçirilməsinə ehtiyac olduğunu və bu tədbirlərin qeyr-iş günlərində təşkil edilməsinin təqdirə layiq olduğunu bildirib. Adilə Kərimova adlı şəhər sakini də sərgi ilə bağlı fikirlərini saytımızla bölüşüb:
“Bu gün istirahət günümüz olduğu üçün ailəmlə dənizkənarı bulvara çıxdıq. Sözün düzü, bu sərgidən xəbərimiz yox idi. Musiqini eşitdikdə tədbir keçirilən məkana gəldik. Oğlum dənizçilik peşəsinə maraq göstərdiyi üçün bu sərgi sevincinə səbəb oldu. Yarışları böyük həyəcanla izlədik. Dənizçi geyimində olan gəncləri sahil boyunca görmək bizdə müsbət aura yaratdı. Düşünürəm ki, gərgin iş həftəsindən sonra belə maraqlı sərgilərin keçirilməyinə ehtiyac var. Bu həm bizim üçün, həm də turistlər üçün maraqlı olar”.