Gənc analar körpələrini atıb niyə evdən qaçır? - Mütəxəssislərdən SOS və çıxış yolları

Baxış sayı:
402

Bir neçə gün öncə Kürdəmir rayonunda iki uşaq anası itkin düşüb. Məlumata görə, Qarabucaq qəsəbənin sakini Leyla Həsənova dekabrın 11-də axşam saatlarında uşaqların paltarlarını yumaq adı ilə evdən çıxıb və geri qayıtmayıb. Ev sakinləri gəlinin gəlmədiyini görüb, onu axtarmağa başlayıb, daha sonra isə polisə müraciət ediblər. Qeyd edək ki, L.Həsənova bir neçə il öncə Mingəçevir şəhərindən Kürdəmir rayonuna gəlin gəlib. Hazırda onun həyat yoldaşı Gürcüstanda həbsdədir. Onların iki azyaşlı uşaqları - 5 yaşlı Əli və 4 yaşlı Həsən isə baba və nənənin himayəsində qalıb. Bəzi media orqanlarında gənc qadının sevdiyi kişiyə qoşulub qaçdığı yazılıb. Qeyd edək ki, son illərdə Azərbaycanın müxtəlif bölgələrində, hətta paytaxt Bakıda evli qadınların, gənc qızların itkin düşməsi xəbərlərinə tez-tez rast gəlirik. Bəzən itkin düşən qadınların sonradan başqasına qoşulub qaçdığı, böyük şəhərlərdə özünə yeni həyat qurmaq istədiyi məlum olur. Ən təəssüf doğuran isə odur ki, qadınlar bəzən övladlarını evdə qoyub çıxır, bunun məsuliyyətini daşımaq istəmirlər. Qeyd edildiyi kimi, təkcə qadınlar deyil, gənc qızların da tez-tez evdən qaçaraq, paytaxta üz tutması halları baş verir. Gənc anaların övladlarını atıb, evdən qaçmağa vadar edən nədir? Məsələnin kökündə hansı problemlər dayanır? Qeyd edək ki, nədənsə bu cür hadisələr əsasən regionlarda, bölgələrdə baş verir. Lakin ekspertlər bildirir ki, paytaxt Bakıda da bu cür hadisələr olur, sadəcə, bu hadisələr çox da səs-küyə səbəb olmur. Ailədaxili şiddət, aqressiya, qadınların istər psixoloji, istərsə də fiziki cəhətdən təzyiqlərə məruz qalması qadınların evdən qaçmasına gətirib çıxarır. Tez-tez belə bir fikir də səslənir ki, heç bir qadın şiddət görmədiyi yerdən qaçmaz. Problemin kökündə ailədaxili şiddət, diqqətsizlik və sairədir. Mehriban Zeynalova: “Əlbəttə ki, qadının öz uşaqlarını qoyub qaçması çox pisdir, amma...” Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu məsələ ümumi görünsə də, hər bir qadının fərdi olaraq müəyyən səbəbləri olur: “Ola bilsin, bölgələrdə xidmət paketi yoxdur ki, qadınlar əvvəlcədən müraciət edib problemlərini desin, ailəsini qoruyub saxlasınlar. Digər qisim isə ola bilsin ki, zorakılıqla üzləşir. Bir qisim isə sadəcə, özü iqtisadi cəhətdən ayaq üstə durmaq, övladını təhsilli, daha yaxşı mühitdə böyütmək istəyir. Bəzi hallarda isə azad yaşamaq istəyir. Bəzən ”azad yaşamaq" sözünü düzgün qəbul etmirlər. Azad yaşamaq dedikdə, qadın istəyir ki, özü bütün problemlərin öhdəsindən gəlsin. Əlbəttə ki, qadının öz uşaqlarını qoyub, qaçması çox pisdir və ağrılı məsələdir. Çünki burada məsuliyyətsizlik önə çıxır. Uşağı dünyaya gətirən valideynin onun məsuliyyətini çəkmək öhdəliyi var. Onun uşağa yaşatdığı travma heç də bağışlanan deyil. Ən azından uşaqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma əksər hallarda müşahidə edirik ki, ana hara gedəcəyini bilmədiyindən uşağı evdə qoyub çıxır, təxminən əmindir ki, əri uşaqları atıb getməz və yaxud qohumları uşaqlara sahib çıxacaq. Bizim sığınacağa da uşaqlarını evdə qoyub, gələn qadınlar olub. Bunun səbəbini soruşanda, qadın bildirib ki, “bilmirdim hara gedirdim”. Ona görə də uşağını qoyub gedən qadınları dərhal qınamaq doğru deyil. Yəni uşağın müdafiəsinə və onunla bağlı narahatlığa görə bu addımı atanlar var. Lakin digər faktlar da var. Məsələn, sevgilisinə qoşulub qaçan qadınlar var. Onlar düşünür ki, yeni sevgi yaşayır. Burada məsuliyyət hissi az olur. Düşünürəm, burada mərkəz xidmət paketlərinin təqdim edilməsi və bu barədə məlumatlılığın artırılması çox vacib məsələlərdən biridir. Hüquq-mühafizə orqanları müraciət edib vaxtında istiqamətləndirməyibsə, demək, hüquq-mühafizə orqanlarına istiqamətləndirmək üzrə məlumatları vermək lazımdır ki, onları hara göndərmək olar ki, çıxılmaz vəziyyətdə qalmasınlar. Bəzən stereotiplər bu dəstəyin alınmasına maneçilik törədir və təbii ki, zorakılıq halları da olur. Beləliklə, evli qadınların başqa kişiyə qoşulub qaçmasına erkən və yaxud məcburi nikah, həmçinin davranış dəyişikliyi və yaxud özünü dərk etmə problemi, məsuliyyətsizlik faktları səbəb ola bilər. Burada bir məsələ də var ki, qarşı tərəf də düşünməlidir ki, bu insan ailəsini qoyub gedir. Yəni hər ikisi öhdəlik daşıyır. Qarşı tərəf daha çox məsuliyyət daşıyır ki, bir başqasının ailəsinə, onun uşaqlarına nə qədər travma yaşadır. Dəfələrlə şahidi olmuşuq ki, həmin kişilər sonradan o qadınlara sahib çıxmırlar. Qadınlar isə sonradan çox çıxılmaz vəziyyətə düşürlər. Bu cür qadınları cəmiyyətdə əxlaqsız adlandırırlar. Amma onlar daha çox aldananlar, başqalarının məsuliyyətini daşımayanlar, emosialarla idarə olunanlar, təcrübəsiz insanlardır. Həmçinin təhsilsizlik də bu məsələyə öz təsirini göstərir". Elnur Rüstəmov: “Təcili tədbir görmək lazımdır, yoxsa sabah gec olacaq” Psixoloq Elnur Rüstəmov da qeyd edib ki, gənc anaların evlərini tərk edib getməsinin səbəbləri müxtəlifdir: “Ailə daxilində konflikt, ailə dəyərlərinin aşınması, bunu fonunda fərdi maraqların önə çıxması istər insanın həyata baxışa, istərsə də ailəyə münasibətinə təsir göstərir. Yəni burada dəyər kateqoriyası aşağılanır, insan özü üçün yaşamaq istəyir. Bu da kapitalizmin miras qoyduğu bir dəyərdir. ”Nə olursa-olsun sən yaxşı yaşamalısan, ən yaxşısı sən olmalısan, digər şeylər səndən sonra gəlməlidir" kimi fikirlər tendensiya halını alır və insanlar da bunu anlamayaraq yaxşı həyat arzusu ilə ailəsini, uşağını qoyaraq, evi tər edib gedirlər. Lakin görürük ki, zaman keçdikcə onlar həyatın digər sınaqları ilə baş-başa qalır ki, bunun özü də böyük problemlərə yol açır. Çox təəssüf ki, bir qisim insanlar bilərəkdən və yaxud bilməyərəkdən və yaxud hansısa maraqlara qulluq edib bu cür halları dəstəkləyir, rəvac verirlər. Bu da qorxulu bir tendensiyadır". Psixoloq erkən nikahların da bu cür hadisələrin yaranma səbəblərindən biri olduğunu dedi: “Regionlarda infrastruktur, komfortlu həyat şəraiti var, internet, geniş evlər var və sairə. Beləliklə, rayonla şəhəri müqayisə etdikdə əlbəttə ki, şəhərin imkanları daha genişdir. Ancaq bunun müqabilində şəhərin problemləri də daha çoxdur. Məsələn, Bakı şəhərində 3 milyondan çox insan yaşayır. Əlbəttə ki, Bakı şəhərində gündəlik baş verən problemlər rayonla müqayisəyə gəlməz. Sadəcə, burada əhalinin sıx olması, zamanın sürətli keçməsi daha qabarıq göstərilmir. Bu məsələ arxa planda olur. Məsələn, rayon yerində qəza baş verəndə bu kifayət qədər diqqət çəkir, amma Bakı şəhərində hər gün qəzalar baş verir və adi hala çevrilib, o qədər də diqqət çəkmir. Bununla da rayonda yaşayan insanlar düşünür ki, Bakıda yaşamağın üstünlüyü çoxdur, hər şey yuxarı kateqoriyadır və buna görə paytaxta üz tutur, bundan sonrasını düşünmürlər. Düşünürlər ki, Bakıda iş tapmaq, sosiallaşmaq daha rahatdır. Bu məntiqdən çıxış edərək Bakıya gəlirlər". Qadınların dünyagörüşü zəif olduqda onlar məsələyə bir nöqteyi-nəzərdən yanaşır və bunda problemi həll etməyə imkan vermir. Əlbəttə ki, ailə olan yerdə problem də olur və bütün problemlər boşanmağa gətirib çıxarmır. Əgər zorakılıq, zərərli vərdişlərdən asılılıq, şiddət varsa, həmin ailə mütləq reabilitasiya prosesi keçməlidir. Əks təqdirdə boşanma olmalıdır. Amma diqqət edək, bu gün Azərbaycanda ailələr məhz bu problemə görəmi boşanır? Və yaxud daha çox iqtisadi problemi olan ailələr üzərində dayanırıq. Bəs niyə ondan iqtisadi problemi olmayan ailələr də boşanır? Axı onların imkanı var, niyə onlara diqqət yönəldilmir? Yəni, problem tamam başqadır. Problem dəyərlərin aşağılanmasıdır, ailə dəyərlərinə kəskin müdaxilələrin olmasıdır, ailənin müqəddəslikdən çıxmasıdır. Bəzi qurumlar bilərəkdən və yaxud bilməyərəkdən hansısa marağa xidmət edir, bunu qabardır, məsələnin mahiyyətinə varmadan münasibət bildirirlər. Məsələn, bir xanım evini tərk edib gedibsə, deyirlər ki, “zülm görüb, ona görə”. Sual vermək lazımdır ki, hardan bilirsən, araşdırmısanmı? Bu məsələ çox kor-təbii şəkildə gedir və ziyanını çəkəcəyik". Psixoloq problemdən çıxış yolu barədə də danışıb: “Ümumiyyətlə düşünürəm ki, bu problemlə bağlı ilk növbədə konsepsiya olmalıdır. Həmin konsepsiyada bizim milli dəyərlər, adət-ənənələrin üzərində formalaşmalıdır. Hansı ki, həmin dəyərlər şifahi və yazılı xalq ədəbiyyatında öz əksini tapıb. İnanıram ki, həmin dəyərlər həm bu gün, həm də sonrakı illərdə öz aktuallığını qoruyub, saxlayacaq. Bu iş üzrə mütəxəssislər iş aparmalı, bölgələrdə aidiyyəti rəsmi qurumlar, təhsil nazirliyi, sağlamlıq və digər qurumlar kadr hazırlamalıdır və həmin kadrlar istərsə şəhərlərdə, istərsə də bölgələrdə iş aparmalı, yaxşı ailələri tapıb onları təbliğ etməli, efirə çıxarmalıdır. Bunu etmək lazımdır, yoxsa sabah gec olacaq”./Musavat.com