GƏLƏN İLİN ƏVVƏLİNDƏ MANAT DƏYƏRİNİ İTİRƏCƏK - Ekspertdən açıqlama

Baxış sayı:
6388

Qubad İbadoğlu: "Samir Şərifovun açıqlaması hökumətin yeni devalvasiya niyyətindən xəbər verir"
 
Nemət Əliyev: "Bu hökumətin yarıtmaz siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı, dövlət büdcəsi neftdən kəskin şəkildə asılı vəziyyətə salınıb"

Artıq bir müddətdir ki, bu ilin sonuna yaxın, ya da gələn ilin ilk aylarında milli valyutamız olan manatın yenidən devalvasiyaya uğrayacağı, dolların kəskin bahalaşacağı, o cümlədən neftin qiymətinin kritik həddə çatacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Belə ki, bununla bağlı açıqlama verən iqtisadçıların əksəriyyəti bu qənaətdədir ki, ABŞ dollarının Rusiya rublu, Türkiyə lirəsi və İran rialı ilə savaşı istənilən halda manata da öz mənfi təsirini göstərəcək. Onların fikrincə, bu, son nəticə olaraq Azərbaycanda növbəti devalvasiya və inflyasiya dalğasına gətirib çıxara bilər.

Əslində, maliyyə naziri Samir Şərifovun bugünlərdə manatın məzənnəsi ilə bağlı səsləndirdiyi fikirlər də bir növ deyilənləri təsdiqləyir, desək yəqin ki, yanılmarıq. Belə ki, "Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili sitehsalçıların fəaliyyətinə mənfi təsir göstərir" deyən maliyyə nazirinin sözlərinə görə, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı, ixraca da təsirsiz ötüşməyəcək: "Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub".

Картинки по запросу Qubad İbadoğlu

Nəzərinizə çatdıraq ki, iqtisad elmləri doktoru Qubad İbadoğlu da Samir Şərifovun açıqlamasını şərh edərkən, bildirib ki, maliyyə nazirinin manatın məzənnəsi ilə bağlı dedikləri hökumətin yeni devalvasiya niyyətindən xəbər verir: "Maliyyə nazirinin açıqlamasına görə, "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq". Bununla Samir Şərifovun nə demək istədiyini sizə daha aydın şəkildə çatdırmaq üçün bu açıqlamanı şərh etmək istərdim. Birincisi, onu qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiyası keçir. Əslində bu, xüsusilə də büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin, sadə bir hesablama aparaq. Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfer olunacaq. Bilirsiniz ki, DNF-yə vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa, onda DNF-dən transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq. Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən, 1 milyard dollara qənaət deməkdir".

Qubad İbadoğlunun fikrincə, Azərbaycan həqiqətən də bahalı, lakin keyfiyyətsiz və təhlükəli idxal mallarının idxalı üçün cəlbedici ölkəyə çevrilir: "Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempinin aşağı düşməsində əhəmiyyətli rol oynayır. Bir sözlə, maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir. Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, ilin sonu valyutaya tələbat artır. DNF-nin ötən ayda valyuta satışları ilə bu gün gözlənilən açıqlaması da bir sıra mətləblərə aydınlıq gətirə bilər".

Картинки по запросу Nemət Əliyev

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən iqtisadçı ekspert Nemət Əliyev də bu qənaətdədir ki, milli valyutanın həddən artıq möhkəmlənməsi daxili istehsalçıların maraqlarına ziddir: "Ancaq maliyyə naziri bu fikri bu gün səsləndirmək əvəzinə, gərək uzun müddət nazir işlədiyi dövrdə milli valyutanın kəskin şəkildə möhkəmlənməsinin yerli istehsalçılara nə dərəcədə böyük zərbə vurmasından danışardı. Bax, o zaman onun səmimiyyətinə inanmaq olardı. 2014-cü ilə qədər olan dövrdə bu barədə həyəcan təbiili zamanında çalınıb. Lakin bu fikirlər gözardı edilib. Məcburiyyət qarşısında qaldıqda isə onlar milli valyutanın başına elə oyun gətirdilər ki, bu da öz növbəsində, həm istehsalçılara, həm də istehlakçılara, bütün əhali təbəqəsinə ciddi zərbə vurdu. Yəni 2015-ci ildə iki dəfə dalbadal yaşanan böyük devalvasiya zamanı nələrin baş verdiyi hər kəsə bəllidir. Milli valyutanın o qaydada dəyərdən salınmasının istehsalçılara və istehlakçılara heç bir faydası olmadı".

Samir Şərifovun bu gün sözügedən fikri gündəmə gətirməsinin yaxın perspektivdə milli valyutanın dəyərdən düşməsi anlamına gəlincə, ekspert hesab edir ki, bu, bir xəbərdarlıq sayıla bilər: "Onun dediklərini bu yöndə bir xəbərdarlıq kimi qiymətləndirmək də mümkündür. Çünki milli valyutanın növbəti mərhələdə dəyərdən düşməsi ilə bağlı əlverişli şərtlər yetişir. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatını neftdən asılı vəziyyətə gətirilib. O cümlədən, bu hökumətin yarıtmaz siyasəti nəticəsində dövlət büdcəsi də neftdən kəskin şəkildə asılı vəziyyətə salınıb. Hazırda dövlət büdcəsində neftin qiyməti 60 dollar təsdiq olunub. Büdcə müzakirələri gedərkən isə neftin qiyməti 80 dolların üzərində idi. Fikir verdinizsə, qısa zaman ərzində neftin qiymətində 20 dollar civarında azalma qeydə alındı. Bu isə çox ciddi azalmadır. Bildiyiniz kimi, neftin qiymətinin bu dərəcədə ucuzlaşmasını şərtləndirən beynəlxalq amillər bu gün də qalmaqda davam edir. Ümumiyyətlə, bu prosesin davamlı olacağına dair ehtimallar daha çoxdur. Çünki ABŞ-ın İran və Rusiyaya tətbiq etdiyi sanksiyalar dərinləşməkdə, həmçinin gücünü artırmaqda davam edir. Bu səbəbdən də neftin qiymətinin düşmə ehtimalı daha çoxdur. Əgər neftin qiyməti aşağı düşəcəksə, o zaman Azərbaycan dövlətinin büdcəsində problemlər yaranacaq. Bu hökumət özünü bir dəfə bu sahədə göstərib. Belə ki, büdcədə problem yaranan kimi, dərhal o boşluğu doldurmaq məqsədiylə devalvasiya faktorundan bir alət kimi istifadə edib. Odur ki, ilin sonuna, yəni bundan sonrakı dövrdən milli valyutanın növbəti dəfə dəyər itirməsi çox real, gözləniləndir".