​Gələn il pensiyalar 4 faizə yaxın artacaq

Azərbaycanda 2018-ci ildə orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır. Bu da 2017-ci ilin gözlənilən proqnozu ilə müqayisədə 7,6 manat və ya 3,6%, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə isə 24,3 manat və ya 12,6% çoxdur.
Muxalifet.az xəbər verir ki, bu barədə Report.az növbəti ilin büdcə layihəsinə istinadən məlumat yayıb.
Həmçinin, gələn il əmək pensiyaçıları üçün yaşayış minimumu 144,0 manat nəzərdə tutulub ki, bu da 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 13,8 manat və ya 10,6%, 2016-cı ilin faktiki göstərici ilə müqayisədə 21 manat və ya 17,0% artım deməkdir.
Layihəyə əsasən, əmək pensiyaçılarının 2018-ci ilin sonuna 1 304,1 min nəfər olacağı gözlənilir. 2017-ci ilin sonuna bu göstəricinin 1 311,0 min nəfər olması ehtimal olunur.
Qeyd edək ki, inflyasiyanın 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə 3,1% təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2017-ci ildə 13,2% gözlənilir.