Girovu azad etmək üçün İraqa 23 çanta dollar göndərdilər

 "The İndependent" yazır ki, Bağdad beynəlxalq hava limanının zabitləri Qətər təyyarəsindən boşaldılmış 23 iri çantanın içərisini rentgen aparatı ilə görə bilməyəndə şübhələniblər.
Onların ekranlarında çantaların içi tam qaranlıq görünürdü.
Bu ona görə belə olmuşdu ki, çantaların içərisi şüa keçirməyən xüsusi materialla işlənmişdi. Çantalardan isə nə az, nə də çox 500 milyon dollar pul çıxmışdı.
Məqalədə deyilir ki, indi bu pulun 24 qətərlinin və iki səudun girovluqdan azad edilməsi üçün göndərildiyi məlum olub.
Bir neçəsi Qətər əmiri ət-Taninin ailəsindən olan qətərlilər və iki səudiyyəli 16 ay əvvəl Bağdad hökumətinin icazəsi ilə İraqın cənubunda şahinlə ova çıxanda oğurlanmışdılar.
Ötən aylar ərzində girovçularla gərgin və mürəkkəb danışıqlar aparılmışdı. Bu danışıqlarda Qətər, İran, habelə şiə və sünni silahlıları iştirak etmişdilər. Məsələni mürəkkəbləşdirən bu idi ki, burada əslində "danışıq içində danışıq" gedirdi. Danışıqlarda girov götürülmüş "ovçuların" taleyi ilə Suriyanın şimalında və cənubunda mühasirədə qalan 2 şiə və 2 sünni şəhərinin sakinlərinin eyni vaxtda dəyiş-düyüş evakuasiyası edilməsi müzakirə olunurdu.
"The İndependent" yazır ki, belə görünür, dünya tarixində ən böyük girovpulu əməliyyatı barədə məlumat ona ekskluziv olaraq verilib.
Aeroportda baş vermiş 23 çanta insidentindən 6 gün sonra, aprelin 22-də baş nazir Haider əl-Abadi özünün hakim Dava Partiyasının vəzifəli üzvlərini məlumatlandırıb.
"The İndependent" qəzetinin əldə etdiyi də həmin məlumatın mətnidir.
Məlumatda deyilir ki, əvvəlcə Qətər hökuməti İraq hökumətindən xüsusi təyyarənin Bağdad hava limanına enməsi üçün icazə istəyib. Bu təyyarə girovluqdan azad edilmiş şəxsləri götürməliymiş. Lakin aerport rəsmiləri təyyarədən 23 çantanın boşaldıldığını görəndə təəccübləniblər.
Yalnız bundan sonra İraq rəsmilərinə çantadakıların pul olduğu deyilib. Pulu gətirən təyyarənin göyərtəsində Qətərin İraqdakı səfiri və Qətər əmiri Təmim bin Həməd ət-Taninin xüsusi elçisi də olub.
Ən təəccüblüsü budur ki, girovları pul çantaları gəlməzdən bir gün əvvəl buraxmışdılar.
Buna görə də qətərlilər əmin idilər ki, girovçuların Bağdad hava limanında etibarlı adamları var.
Qətərin kral ailəsindən şahin ovuna çıxanları 2015-ci ilin dekabrında İraqın cənubundakı Mutanna əyalətində İran tərəfindən dəstəklənən qüdrətli Kətaib Hizbullah silahlı qruplaşmasının oğurladığı düşünülür.
"The İndependent" yazır ki, "ovçuların" azad edildiyi gün, yəni ötən cümə, İraq mənbələri AFP agentliyinə bildirmişdilər: "Girovlar girovçularla Cəbhət ən-Nüsra qruplaşması arasında danışıqların nəticəsində azad ediliblər və hazırda Haider əl-Abadinin ofisindədirlər".
Lakin məqalədə bu da deyilir ki, İraq baş naziri ümumiyyətlə bu qalmaqala cəlb olunduğuna görə əsəbidir, amma onun narahat olduğu başqa bir məqam da var.
Hazırda girovçulara çatmalı olan yarım milyard dollarla dolu çantalar İraq hökumətinin ixtiyarındadır.
Amma hamı bilir ki, qüdrətli qruplaşmalar bu qədər pulun əldən çıxması ilə elə-belə barışmayacaqlar.