​Gerasimovla Skaparotti yenə Bakını seçərsə… - Şərh

Baxış sayı:
1285

Bu görüş iki baxımdan olduqca əhəmiyyətlidir.
Bu sözləri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Qoşunlarının rəhbəri Kertis Skaparotti arasında gözlənilən növbəti görüşü şərh edən politoloq Elxan Şahinoğlu deyib.
“Birincisi, görüşdə müzakirə olunacaq məsələlərlə bağlıdır. Çünki Suriyada müxtəlif ölkələrin hərbi qüvvələri var, bölgədə müharibə davam edir. Suriya mövzusu və bölgədə koordinasiyanın bundan sonra necə həyata keçirləcəyi ilə bağlı ciddi müzakirələr istisna edilmir. Üstəlik, NATO ilə Rusiya arasındakı münasibətlər, Avropadakı müəyyən gərginliklər də generalların diqqət mərkəzində olacaq”, - siyasi şərhçi bildirib.
Politoloq qeyd edib ki, ikinci önəmli məsələ görüşün harada baş tutacağı ilə bağlıdır:
“Bu, bizi daha çox düşündürür. Bundan öncəki görüş yanvarda Bakıda oldu. Gerasimovla ABŞ Baş Qərargah rəisi Cozef Danford və NATO Hərbi Komitəsinin rəhbəri Pyotr Pavelin görüşü də ötən ilin sentyabrında Bakıda olmuşdu. Yeni görüşün də Bakıda olacağına dair müəyyən xəbərlər var. Bu isə iki səbəbədən Azərbycan üçün vacibdir.
Birincisi, görüş yenidən Bakıda baş tutarsa, bu, Azərbaycana verilən böyük əhəmiyyətə və ölkəmizin bölgədə oynadığı mühüm rola işarə olacaq.
İkincisi, Azərbaycan hakimiyyətinin yürütdüyü balanslaşdırılmış xarici siyasətə növbəti dəfə dəstək mənasını daşıyacaq”.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Qoşunlarının rəhbəri Kertis Skaparotti arasında telefon danışığı baş tutub.
Tərəflər görüş barədə razılığa gəliblər. Görüşün harada baş tutacağı hələlik açıqlanmayıb.