Generalların monarxiyanı bərpa etmək təklifinə Putindən cavab: "GÖZƏL İDEYADIR"

Baxış sayı:
6010

Konstitusiyaya görə prezidentin hakimiyyətdə qalma müddəti məhdud olduğu üçün Rusiya lideri Vladimir Putin 2008-ci ildə öz postundan getmək məcburiyyətində qalmışdı. Onda Putin baş nazir vəzifəsini tutdu. Amma bu dəfə bəzi Kreml fəalları yeni bir ideya irəli sürürlər – onlar Putini “Çar Vladimir” elan etmək istəyirlər.

Rus Pravoslav Kiləsəsinin ruhani xadimləri və ölkənin aparıcı siyasi partiyalarının Moskva yaxınlığında toplaşdıqları konfrasdakı çıxışında siyasi fəal və biznesmen Konstantin Malofeyev deyib: “Biz Putinin hakimiyyətdə daha çox qalmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik”. Onun bu sözləri gurultulu alqışlarla qarşılanıb. Həmin konfransa toplaşanların hamısını vahid bir məqsəd – monarxiyanın geri qaytarılması ideyası birləşdirir.

Hələlik yeni imperatorun və bütün Rusiyanın mütləq hakiminin tacqoyma planı mövcud deyil, lakin ideyanın özü cənab Putinin konstitusiyaya görə iki prezidentlik müddətindən sonra da hakimiyyətdə qalması imkanları üçün yol açır.

2024-cü ildə hakimiyyətdən gedənən sonra Putinin varisinin kim olacağı barəsində Kreml, demək olar ki, heç bir eyham vurmur. Ancaq onun yerinə hakimiyyətə kimin gələcəyi barəsində xeyli proqnoz irəli sürənlər var.

Lakin hətta monarxiya tərəfdarları arasında da gələcək monarxiyanın necə olacağı barəsində yekdil fikir yoxdur. Hansı yaxşıdır – mütləq monarxiya və ya konstitusiyalı monarxiya? İrsi xətt üzrə getmək lazımdır, yoxsa çarı seçmək daha yaxşı olardı? Hakimiyyətin kişi xətti ilə ötürülməsi problemi yaşanmayacaqmı? Çünki fakt budur ki, cənab Putinin iki qızı var. Bəziləri isə düşünür ki, monarxiya bərpa olunsa da taxtda Putin yox, kimsə başqa bir şəxs əyləşməlidir.

Ötən ay Rusiyada monarxiyanın bərpasına çağırış edən “İkibaşlı Qartal” təşkilatının keçirdiyi konfransın iştirakçıları çay süfrəsi arxasında bu ideyanın daha incə detallarını müzakirə ediblər.

Rus Pravoslav Kilsəsi ilə əlaqəli olan radiostansiyanın baş direktoru Yevgeni Nikifrov deyib: “Monarxiya yalnız irsi yolla müəyyənləşdirilən məsələdir”. Ancaq cənab Malofeyevə məxsus olan “Çarqrad” internet televiziya kanalının aparıcısı Andrey Afanasyev bu fikrə etiraz bildirib: “Yox, bu qətiyyən belə deyil. Bax, Rusiya son 30 ildə nə edib – imperiyanı bərpa edib və rəhbər seçib”. Afanasyev daha sonra əlavə edib ki, Putinin çar ailəsi qanı daşımaması problem deyil.

Serj Kapnist (Serge Kapnist) Fransada doğulub, boya-başa çatıb. Amma o, inqilab zamanı Rusiyadan qaçan əcdadlarının daşıdığı qraf tituluna iddialıdır. Onun sözlərinə görə, prosesin necə başlanmasının əhəmiyyəti yoxdur, əsas seçilmiş yolun davamının gətirilməsidir. S.Kapnist deyib: “Hazırkı vəziyyətdə ən başlıca şərt dayanıqlılıqdır”.
Bu barədə cənab Malofeyev qeyd edib: “Dünyada nə qədər müxtəlif monarxiya tipləri mövcuddur, nə qədər monarx var”.

Rusiyada 1917-ci ildən, II Nikolayın inqilab güclərinin təzyiqi altında taxt-tacdan əl çəkməsindən indiyədək hökmdar çar olmayıb. Malofeyevin fikrinə görə, onun “İkibaşlı Qartal” təşkilatı öz adını Rusiyanın gerbinə uyğun götürüb. Və bu təşkilat hal-hazırda çıçəklənir və 2018-ci il ərzində regional şöbələrin sayı ikiqat artıb, indi onlar 50-dən çoxdur. “İkibaşlı Qartal” təşkilatı 2016-cı ildə yaradılıb. Bu təşkilat Rusiya ənənələrinin bərpa edilməsinə, şəhər və küçələrin çar dövründəki adlarının geri qaytarılmasına və monarxiyanın bərpa edilməsinə çalışır.

Malofeyev deyib: “Bizim cəmiyyət çox paternalistdir”. Onun sözlərinə görə, ruslar öz tarixi köklərinə qayıdırlar.
Vaxtilə Sovet İttifaqının kəşfiyyət xidmətində çalışmış, bu gün isə “İkibaşlı Qartal” təşkilatı sədrinin müavini olan general-leytenant Leonid Reşetnikov keçən il monarxiya məsələsi ilə əlaqədar Putinlə görüşüb.

Reşetnikovun sözlərinə görə, cənab Putin bunu “gözəl ideya” adlandırıb, lakin o, narahatdır ki, bu durğunluğa (”zastoy”) gətirib çıxara bilər. Bu termin Sovet İttifaqının son dövrlərindəki iqtisadi inertliyi göstərmək üçün istifadə edilib, bu gün isə daha çox Putinin hakimiyyəti zamanı yaranmış mövcud zəif iqtisadi göstəricilərə aid olunur.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, monarxiyanın bərpası ideyası Putinin xoşuna gəlmir, lakin Peskov Rusiya prezidentinin general Reşetnikov ilə söhbətini şərh etməyib. Öz növbəsində isə Reşetnikov bildirib ki, o, birbaşa Putinə “siz çar olmalısınız” ideyasını söyləməyib.

Reşetnikov deyib: “O bu ideyanın praktik cəhətdən tətbiq olunması barəsində danışmadı, bizim söhbətimiz əsas etibarıyla tarix haqqında oldu”. Amma Reşetnikov əlavə edib ki, Putinin tacqoyma mərasiminə çox şad olardı.

Moskvadakı müstəqil “Levada Mərkəz” araşdırma mərkəzinin əhali içərisində keçirdiyi rəy sorğusuna əsasən, Putinin populyarlığı aşağı düşüb və oktyabr ayında 66% təşkil edib. Amma 2015-ci ildə bu göstərici 89%-ə kimi yüksəlmişdi.
İspaniya faşist diktatoru Fransisko Franko monarxiyanı geri qaytardı və bunun üçün 1969-cu ildə Xuan Karlos de Burbonu varis elan etdi. Britaniya öz monarxiyasını XVII-ci əsrdəki qısa fasilədən sonra yenidən bərpa etmişdi.
Rusiyada çar Romanovlar ailəsi 1918-ci ildə güllələniblər, çar tacına iddialı olanların isə mübahisələri səngimək bilmir. Yekaterinburq şəhərindən olan biznesmen Anton Bakov Romanovlar xanədanının bərpası məsələsinin həlli ilə əlaqədar öz variantını irəli sürür: “Romanovlar ailəsinə 200 adam daxildir. Əgər biz monarxiyanı bərpa etmək istəyiriksə, onda biz kimi tanıyırsaq, onun hüququnu bərpa etməliyik”.

Bəzi Rusiya siyasətçiləri düşünürlər ki, Putin özü tərəfindən seçilmiş xələfini təsdiq edəcək. Necə ki, onun özü 1999-cu ildə Rusiyanın birinci prezidenti Boris Yeltsin tərəfindən hakimiyyət idarəetməsini təhvil almışdı.

Digərləri isə dövlət nəzarət komitəsinin yaradılması ideyasını müzakirə edirlər. Onların fikrinə görə, ən azından bir nəfər çox mühüm şəxs olmalıdır və o, həm hökuməti və həm də prezidenti idarə etməlidr.

“İkibaşlı Qatal” təşkilatının əksər üzvləri ümid edirlər ki, Putin bu ideya ilə razılaşacaq. ”İkibaşlı Qartal”ın üzvü və “Çarqrad” internet televiziya kanalının aparıcısı Yelena Şaroykina hesab edir ki, bu yalnız zaman məsələsidir. O bu barədə bildirib: “Heç kim deyə bilməz ki, beş ildən sonra prezident nə düşünəcək. Beş il bundan əvvəlki Putin, bugünkü Putindən fərqlənir və heç kim deyə bilməz ki, o, öz fikrini dəyişəcək, ya yox”.

(“The Wall Street Journal”-ABŞ)

Tərcümə azpolitika.info-nundur