Generallar qızıl alverçilərini necə taladı...

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun cinayət işi üzrə yeni detallar üzə çıxıb.
“Report”un əldə etdiyi məlumata görə, cinayət işi üzrə ittiham aktında qeyd edilib ki, S.Qurbanov mütəşəkkil dəstə tərkibində həmin Baş idarənin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev və digərləri ilə birlikdə hakimiyyətdən və qulluq mövqeyindən tamahkarlıq məqsədilə müntəzəm surətdə sui-istifadə edərək göstərişlər verib.
Onun göstərişləri əsasında dəstə üzvü F.Əliyev 2010-cu ilin iyun ayında Bakı şəhərində zərgərlik məmulatlarının alqı-satqısı ilə rəsmi məşğul olan sahibkar Həsənov Rauf Qasım oğlu ilə Bakı metropoliteninin “20 Yanvar” stansiyası ilə “Şamaxinka” adlanan yer arasında yolun kənarında görüşüb. F.Əliyev həmin şəxsə guya qızıl və brilyant məmulatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməsinə görə barəsində cinayət işi başlanılacağı və həbs ediləcəyi ilə hədə-qorxu gələrək, rəsmi çağırış vərəqəsi təqdim etmədən hazırda ləğv olunmuş MTN-ə gəlməsini tələb edib. Daha sonra o, R.Həsənovu həbs olunacağı ilə hədələyib.
Beləliklə, hədəni real qəbul edən R.Həsənov 300 min ABŞ dolları F.Əliyevə verib.
Bundan başqa, ittiham aktında göstərilib ki, S.Qurbanov mütəşəkkil dəstə tərkibində 2010-cu ildə ölkəyə idxal edilən və satılan daş-qaş, qızıl və digər zinət məmulatları bazarına nəzarət etmək üçün F.Əliyevin rəhbərliyi, 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev, 1-ci idarənin sabiq rəis müavini Zaur Məmmədovun iştirakı ilə yaradılmış qrupun fəaliyətinə ümumi rəhbərlik və nəzarət edib.
2010-cu ilin may-iyun aylarında “Gənclik” univermağında zərgərlik məmulatların satışı ilə məşğul olan Mehrəliyev Rəşad Atamoğlan oğlunun brilyant qaşların qaçaqmalçılığı əməllərini törətməsinə görə barəsində Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə ibtidai istintaq aparılan zaman S.Qurbanov F.Əliyev və digərləri ilə birlikdə R.Mehrəliyevin əleyhinə istifadə edib. Belə ki, F.Əliyev R.Mehrəliyevlə dəfələrlə görüşərək apardığı söhbətlər zamanı vəzifəsindən, səlahiyyətindən və qulluq mövqeyindən istifadə edərək onun etibarını qazanıb, aldatmaqla MTN-in ibtidai istintaqın gedişatını nəzarətdə saxladığına inandırıb. F.Əliyev onun barəsində həbs qətimkan tədbirinin seçilməməyi üçün təkidlə 100 min manat pul verməli olduğunu deyib. Bundan sonra R.Mehrəliyev onunla razılaşaraq yaxınlarından borc almaqla və öz ailəsinin vəsaiti hesabına 65 min ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsi ilə 52.253,50 manata bərabər) məbləğində topladığı külli miqdarda pul vəsaitlərini dəstə üzvü F.Əliyevə verib.
Həmçinin, S.Qurbanov mütəşəkkil dəstə tərkibində F.Əliyev N.Alıyev, Z.Məmmədov və digərləri ilə cinayət əməllərini davam etdirərək, zərgərlik məmulatlarının satışı ilə məşğul olan Paşayev Mübariz Qurban oğlundan 2010-cü ildə 1 milyon manat külli miqdarda pulu hədə-qorxu ilə tələb edib. Həmin şəxs isə MTN əməkdaşlarına 280 min ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsi ilə 224.056 manata bərabər) dəyərində brilyant qaşları vermək məcburiyyətində qalıb.
Mütəşəkkil dəstənin növbəti qurbanı isə 2011-ci ildə zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olan sahibkar Məlikov Elman Ağamirzə oğlu olub. S.Qurbanov, F.Əliyev və digərləri E.Məlikovu Dağıstanda çeçen mücahidləri ilə əlaqələri olan və Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən axtarılan şəxslərə zərgərlik məmulatlarını satmaqda ittiham edərək, terrorçulara yardım etdiyinə görə barəsində cinayət işi başlayıb həbs olunacağı ilə hədələyib. Onlar sahibkardan 100 min ABŞ dolları hədə-qorxu yolu ilə ələ keçririblər. Hətta sonradan təqsirləndirilən MTN əməkdaşları E.Məlikovun mobil telefon nömrələrini gizli qaydada dinləyiblər.
Qeyd edək ki, ləğv olunmuş MTN-in sabiq baş idarə və idarə rəisləri general S.Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri F.Əliyev, Z.Məmmədov, N.Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə yanvarın 19-da başlayacaq. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclasa Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov sədrlik edəcək.