​Generalın oğurluqda suçladığı keçmiş xanımı ölkədən belə qaçıb - "Onu və uşaqlarını Gürcüstana keçirdik"

Baxış sayı:
10480

Külli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı, generalın keçmiş həyat yoldaşı da ittiham edilir və hazırda axtarışdadır.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.
Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.
Məlumata görə, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunub. İttihama görə, Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
Bu oğurluq işində Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusubun və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı keçib.
Onlar barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə axtarışda olan Fərid Yusub saxlanılaraq Azərbaycana təhvil verilib.
Əlövsət Əliyev və Gülnarə Şəkinskaya isə axtarışdadır.
Bu gün hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Fərid Yusub özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib.
O söyləyib ki, istintaq dövründə də ifadə verməyib və heç bir sənədə qol çəkməyib. Prosesin davamında F.Yusubun 2018-ci ilin avqust ayının 18-də ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
Həmin ifadəsində Fərid Yusub söyləyib ki, 2008-ci ildən Rusiyaya köçüb və orada ticarətlə məşğul olub.
O, bu iş üzrə heç nə bilmədiyini, bacısından uzun müddətdir xəbər almadığını bildirib:
"Bacım Emin Şəkinski ilə 1998-ci ildə evlənib. Onlar 2008-ci ildə ayrılıblar. Ailə məsələlərindən xəbərsizəm. Bu işdə adı keçənlərdən yalnız bacım Gülnarəni tanıyırdım, digər şəxslərlə əlaqəm olmayıb. Bacım isə ölkəni tərk etməsi barədə mənə heç bir məlumat verməyib. Evdən aparılan 60 min manat pul isə bacım Gülnarənin özünün olub. Bunun Emin Şəkinskiyə heç bir əlaqəsi yoxdur".
Suallara cavab verən F.Yusub bacısı ilə 2014-cü ildə Gürcüstanda olan zaman danışdığını deyib. O bildirib ki, Belarusdan gələrək bacısı ilə görüşüb, amma onun ölkəni necə tərk etdiyini bilməyib.
"Rusiyada həbs edildim. Həmin zaman bildim ki, bacımın adı keçən iş üzrə ittiham edilirəm. Həbsimdən 1 il sonra Azərbaycana ekstradisiya edildim. Rusiyada evlənmişəm, 3 uşağım var".
Məhkəmənin davamında Fərid Yusub prokurorun suallarına cavab verməkdən imtina edib. Daha sonra şahid qismində sabiq polis əməkdaşı Namiq Camalov dindirilib.
N.Camalov bu iş üzrə 2014-cü ildə həbs edildiyini, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddərinə azadlıqdan məhrum edildiyini bildirib.
O, 3 il 6 ay cəza çəkdikdən sonra 2017-ci ildə azadlığa çıxdığını söyləyib.
Saxta sənəd hazırlanmasında ittiham edilən N.Camalov bunları deyib:
"Binəqədi Rayon Polis İdarəsində işləyirdim. Məni Gülnarə Şəkinskaya ilə Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev tanış etdi. Gülnarə xanımı Bərdə rayonundakı qeydiyyat şöbəsinə öz maşınımla aprıb, saxta sənədlərin hazırlanması üçün Şəfiqə xanımla tanış etdim. Sonra bir neçə şəxslə onu və uşaqlarını Gürcüstana keçirdik. Mənə bunun müqabilində 5 min manat pul verdi. Fərid Yusubu tanımıram, onu heç vaxt görməmişəm. Mən həbs ediləndə ittihamda Fəridin adı da var idi".
Növbəti məhkəmə iclası yanvarın 18-nə təyin edilib.
Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.