Generalın bacanağının cəzası AĞIRLAŞDIRILDI

Baxış sayı:
7716

Həbsdəki MTN generalı, nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbovun cəzası ağırlaşdırılıb. 

Avqustun 27-də Bakı Apelyasiya Məhkəməsi onun işinə baxıb və prokurorun protestini təmin edərək cəzanı 5 ilə qaldırıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsi Müsənnif Talıbovu 178-ci maddə (dələduzluq) ilə təqsirli bilərək 4 il həbs cəzası kəsmişdi.

Generalın başqa bir qohumu – qaynı Elçin Qurbanov da bir müddət öncə eyni ittihamla 4 il 6 azadlıqdan məhrum edilmişdi. E.Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxana müdiri işləyirdi.

M.Talıbovun oğlu Fərid Talıbov haqqında da dələduzluq suçlamasıyla cinayət işi başlamış, ayrıca icraata götürülmüşdü.

Adları çəkilən şəxslərin hamısı eyni işə görə cəzalandırılıb, hamısında da zərərçəkmiş bir adamdır - Amid Hüseynov. O, E.Qurbanovun ondan atasını həbsdən buraxdırmaq adıyla 11 min dollar pul alıb qaytarmadığını iddia edirdi. M.Talıbov məsələsində isə bildirir ki, ona da pulu öncə atasının əfv siyahısına salınmasına görə, bu iş düzəlməyəndə isə ona məxsus torpağın sənədlərini qaydaya salmaq adıyla verib. İddia edir ki, M.Talıbova 30 min manat pul verilib.

Ancaq M.Talıbov ittihamı qəbul etmir. Təsdiqləyir ki, A.Hüseynov torpaq sahəsiylə bağlı sənədlərin qaydasına salınmasından ötrü 6 min manat pul verib. Lakin Türkiyəyə 

gedəndə gəlib bu pulun 500-nü götürüb, 5 min 500 dolları qalıb: “İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım etməyimi istədi. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5 min 500 dollarından da artıq pul xərclədim”.

Generalın qohumları zərərçəkmiş A.Hüseynovun onların əleyhinə ifadələrini onun qərəzli olmasıyla izah edirlər. E.Qurbanov ifadəsində göstərib ki, yaxın qohumlarından biri qızını A.Hüseynova yox, başqasına verdiyinə görə onlara düşmən olub.

General S.Qurbanov 2015-ci ilin oktyabrında MTN-də keçirilən və nazirliyin 20-dən artıq vəzifəlisinin saxlandığı əməliyyat nəticəsində tutulub. O, iş adamlarının MTN-ə gətirilərək hədələnib pul alınması, vəzifədən sui-istifadə etmə, qanunsuz dinləmələr və başqa ittihamlarla 14 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun bir sıra əmlakları müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

S.Qurbanov özünü təqsirli bilmir. \\Yeni Sabah