General Movsesi Paşinyanın arvadı ilə mübahisə etdiyi üçün işdən qovublar - DÜŞMƏNİN SIRALARINDA TRAGİKOMİK SİTUASİYA

Baxış sayı:
1183

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, qondarma “dqr”in keçmiş “müdafiə naziri” və son günlərə qədər Ermənistan Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəisi olmuş general Movses Akopyanı baş nazir Paşinyanın arvadı ilə mübahisə etdiyi üçün işdən çıxarıblar.

Qeyd edək ki, general Movsesin istefası barədə dünən açıqlanmışdı. O, erməni KİV-lərinə açıqlamasında deyib ki, yaxın günlərdə mətbuat konfransı keçirib niyə işdən azad edilməsi barədə danışacaq.

“Qraparak” qəzeti isə yazır ki, Movses Akopyanın vəzifədən çıxarılması onun baş nazir Paşinyanın arvadı Anna Akopyanla mübahisə etməsinə görədir. Belə ki, Qarabağda döyüş əməliyyatları gedəndə Anna Akopyan işğalçı qüvvələrin komandanlığının qərargahında olub və Movses Akopyan ona irad bildirərək iclasa mane olduğunu deyib. Bundan sonra işdən çıxarılıb və təcili Yerevana çağırılıb.

Paşinyanın arvadı ilə erməni generalı arasında insident barədə bundan əvvəl erməni əsilli rusiyalı mediamaqnat Aram Qabrielyanov danışmışdı. O demişdi ki, Anna Akopyan qərargahın iclasında oturub və bu vaxt generallardan biri ona “bura qadın yeri deyil, iclasa mane olmayın” deyib. Anna Akopyan isə dərhal bu haqda Paşinyanı məlumatlandırıb, Ermənistan baş naziri isə həmin generalın işdən azad edilməsini tapşırıb./Virtualaz.org