Gədəbəy sakini təmas xəttini keçib? - ERMƏNİSTAN MEDİASINDAN İDDİA

Baxış sayı:
2224

Ermənistanda sərhədi qeyri-qanuni keçməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti cümə günü səhər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin şimal-şərq hissəsində "26 yaşlı Azərbaycan əsilli şəxsin" tutulub saxlanıldığını bildirir.
Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamağı söyləyib.
BBC News Azərbaycancanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Ermənistanda saxlanan adam kimdir?

Saxlanan şəxsin əlində şəxsi əşyaları yığılmış torba olduğu deyilir.
"Hazırda onunla sərhədi qeyri-qanuni keçməsinin təfərrüatlarını aydınlaşdırmaq məqsədilə iş aparılır," - Ermənistan MTX-nin məlumatında deyilir.
Daha əvvəl hadisə ilə bağlı "Sputnik Armenii" agentliyi Qeğarkunik vilayəti Arequni kəndi məktəbinin direktoru Norik Vardanyana istinadən yazır ki, azərbaycanlı oğlan yerli sakinlərlə söhbəti zamanı çoban olduğunu deyib.
Məktəb direktorunun sözlərinə görə, oğlan deyib ki, anası milliyətcə ukraynalı, atası - azərbaycanlı olublar. "Oğlan uşaq evində böyüyüb. Anası çoxdan atasından boşanıb vətənə qayıdıb, atası isə vəfat edib", - agentlik Norik Vardanyana istinadən bildirir.
Norik Vardanyanın söylədiyinə görə, guya azərbaycanlı gənc çoban yoldaşı ilə az məvacib verdiyinə görə mübahisə edib və gecə saatlarında sərhədi keçmək qərarına gəlib.
Armenpress agentliyinin məlumatına görə, "sərhədi pozan şəxs" Elşən Rəsul oğlu Əliyev Azərbaycanın Gədəbəy rayonu Novosaratovka kəndinin sakinidir.
Araquni Geğamasar kəndinin icra başçısı Sos Hovhannisyanın agentliyə dediyinə görə, azərbaycanlı gəncin şəxsiyyətini təsdiqləyən sənədləri olmayıb, onda həmçinin sılah da aşkar edilməyib.
Elşən Əliyev azərbaycanca bilən yerli sakinlərdən birinin vasitəsilə deyib ki, Azərbaycanı tərk etmək üçün "uzun müddət xəritəni öyrənib və bunun üçün ən yaxın və sərfəli yer olan" Ermənistanı seçib./BBC