​Əfsanəvi futbolçu: Mən buna biganə qala bilmərəm

Baxış sayı:
828

İtaliyalı futbol ulduzu Canluici Buffon millinin heyətində çıxış etməyəcəyini açıqlamasına baxmayaraq, yığmadan gələn dəvətə biganə qalmayacağını, yenidən İtaliya millisinin şərəfini qoruya biləcəyini deyib.
Muxalifet.az xəbər verir ki, 39 yaşlı qapıçı ona ehtiyac duyularsa, milli komandanın dəvətinə müsbət cavab verəcəyini bildirib:
“Mən yığma komandanın heyətində çıxış etməyə fasilə vermişəm. Amma gələcəkdə zərurət yaranacağı təqdirdə millinin çağırışına laqeyd qalmayacam. Mən həmişə İtaliya yığmasının və “Yuventus”un əsgəri olmuşam. İndi elə yaşa çatmışam ki, gərək milli komandaya fasilə verim. Əgər yığmada heç bir qapıçı olmasa və komanda mənim yenidən yığmaya qayıtmağımı istəsə, 60 yaşımda olsam da belə buna hazıram”.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının pley-off mərhələsində İsveç ilə görüşdə İtaliya millisinin heyətində 175-ci oyununa çıxan “Yuventus”un qapıçısı oyundan sonra karyerasını bitirdiyini açıqlayıb. O, “Yuventus”un UEFA Çempionlar Liqasında uğur qazana bilməyəcəyi təqdirdə bu mövsümün onun üçün sonuncu olacağını, qalib gələcəyi təqdirsə isə klublararası dünya kubokunda oynamağa davam edəcəyini bildirib.