"Fərman Ceyranlı kimi şəxsləri dəstəkləməliyik" – Rəşid Hacılı

Rəşid Hacılı
 
Bu gün doktor Fərman Ceyranlının məhkəməsi oldu.
 
Tutulmazdan öncə onun haqqında hökumətaltı mediada yazılmış məqalədən, müxalifətə guya yardım edir kimi “ittihamlardan” belə nəticəyə gəlirlər ki, onun həbsində bizim hökumətin birbaşa rolu var. Həmin məqalədə adları çəkilən başqa şəxslərdən bir neçəsi Bakıda həbsdədirlər artıq. Gözəl Bayramlı, Əfqan Muxtarlı.
Yuxarıda söylənən versiyanın tam doğru olub-olmadığını bilmirəm.
Lakin əgər doğrudursa onda çox vacib bir məsələ müzakirə olunmalıdır.
Fərman Ceyranlı sadəcə bir həkim, bir klinika sahibi və rəhbəri deyil.
Fərman Ceyranlı həm də Gürcüstanda uğur qazanmış çox böyük bir klinikanın əsasını qoyub. Ən böyük özəl klinikanın.
Fərman Ceyranlı Gürcüstanda yaşayan soydaşlarımız üçün məhz Gürcüstanda, Tbilisini mərkəzində leqal yolla uğur qazanmaq simvollarından biridir. Bəlkə də birincilərdəndir.
Özü də hər hansı sadə sahədə yox, tibb sahəsində.
Belə uğur qazanmış şəxsin rəqibləri də az deyil. Gürcüstanda da bu uğurlu azərbaycanlını sıradan çıxarmaq istəyənlər var yəqin.
Soydaşlarımızın Gürcüstanda irəli getməsini istəyiriksə, onların gürcü cəmiyyətinə, biznesinə, elminə, siyasətinə inteqrasiyasını istəyiriksə Fərman Ceyranlı kimi şəxsləri qorumalı, dəstəkləməliyik. Nəinki, kimlərəsə Bakıda xoş gəlmədiyinə görə gürcü hökumətindəki mühafizəkar dairələrlə əlbir olub həbsə atdırmalı, publik linç etməliyik ki, gürcüstandakı soydaşlarımızda xəyal qırıqlığı yaradaq.
Bunu məhz Azərbaycan hökumətinin etməsi doğrudursa yalan olsun.
Fərman bəyə tezliklə azadlığa qovuşmağı arzu edirik.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb