FRANSAYA QARŞI ATILMALI OLAN 3 TƏSİRLİ ADDIM - Paris Senatın bəndam qətnaməsinə görə bədəl ödəməlidir!

Baxış sayı:
485

Fransa Senatının yekdilliklə qondarma Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasına səs verəcəyi gözlənilən idi. Bədnam layihə bir həftə əvvəl qurumun 5 əsas fraksiyası tərəfindən dəstəklənmişdi. Noyabrın 25-də onlar erməni məsələsində birləşərək beynəlxalq hüquqa, Azərbaycan-Fransa əlaqələrinə ağır zərbə endirdilər.

Fransa Xarici İşlər Nazirliyinin bu qətnamənin hökumət tərəfindən icra olunmayacağı barədə bəyanatı əhəmiyyət daşımır. Fransanın siyasi elitası ortaya mövqe qoyub və onun formalaşması rəsmi Parisin apardığı siyasətin nəticəsidir. 44 günlük müharibənin gedişində Fransa prezidentinin, Paris meriyasının, ayrı-ayrı hökumət rəsmilərinin açıqlamalarını xatırlamaq yetərlidir.

Fransa Senatı bu addımı ilə Azərbaycana böyük zərbə vurmaqla bərabər müharibədən yarımcan çıxmış işğalçı Ermənistanı dirçəltməyə çalışır. Yəni Rusiyanın bölgədə sülhməramlı adı altında apardığı fəaliyyəti beynəlxalq miqyasda diplomatik və siyasi müstəvidə tamamlayır. Rusiya bu gün Azərbaycanın suverenliyinə hörmətsizlik edərək separatçı hərbi cinayətkarlarla birbaşa əlaqədədir. Moskva fəal şəkildə ermənilərin bölgəyə qayıtması, dağılan infrastrukturun bərpası, humanitar layihələrin icrası ilə məşğuldur. Üstəlik, bu fəaliyyəti Azərbaycanla yox, Ermənistanla birbaşa koordinasiya edir. Fransa isə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tapdalamış işğalçının hərəkətlərini dəstəkləyir, ona bəraət qazandırır, üstəlik, "dövlət" qurmaq üçün yolunu təmizləyir. Son iki ayda Fransa və Rusiyanın Qarabağa yönəlik fəaliyyətində sıx koordinasiya müşahidə olunur...

Azərbaycanın Fransa Senatının qətnaməsinə münasibəti həm dövlət, həm də cəmiyyətin qalan kəsimləri tərəfindən ifadə olunmalıdır. Xarici İşlər Nazirliyinin (XİN) dərhal yaydığı bəyanat kifayət qədər sərt idi və Fransa parlamentarilərinin addımına adekvat sayıla bilər. Milli Məclisin hökumətə Fransa Senatının qətnaməsi ilə bağlı tövsiyələri də qənaətbəxşdir:

1. Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılması üçün təşkilat rəhbərliyinə müraciət edilsin.

2. Azərbaycanla Fransa arasında siyasi münasibətlərə yenidən baxılsın.

3. İqtisadi əlaqələr yenidən təhlil edilərək müvafiq tədbirlər görülsün.

Azərbaycan hökuməti Milli Məclisin hər 3 tövsiyəsi ilə bağlı addımlar atmalıdır. Fransanın Minsk Qrupundan çıxarılması daha əvvəldən aktual idi. Prezident Makron açıq-aşkar işğalçı Ermənistanı müdafiə etməklə Parisin tərəfsiz vasitəçi missiyasına kölgə salmışdı. Onun sonradan verdiyi bəyanatlar, xüsusən Dağlıq Qarabağın Azərbaycana məxsus olması barədə fikirləri bu səhvi kompensasiya edə bilməzdi.

Əlbəttə, 44 günlük müharibə Minsk Qrupunu böyük ölçüdə əhəmiyyətsizləşdirib. Azərbaycan rəhbərliyi bəyan edir ki, artıq Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Bölgədəki separatçı qalıqlarını isə Rusiya toparlayıb idarə etməyə çalışır. Prosesdə ABŞ və Fransanın görəcəyi bir iş qalmayıb. Bununla belə Fransa Senatının rüsvayçı qətnaməsinə cavab addımlarından biri kimi Parisin vasitəçilikdən uzaqlaşdırılması zəruridir.

Milli Məclisin iki ölkə arasında siyasi əlaqələrə yenidən baxılması barədə çağırışı da özündə operativ addımların atılmasını ehtiva edir. Azərbaycan Parisdəki səfiri geri çağırmalı, əlaqələri müvəqqəti işlər vəkili səviyyəsinə endirməlidir. Bundan başqa Milli Məclis Fransa ilə dostluq qrupunu buraxmalı, hökumətlərarası işçi qrupları, yaxud XİN səviyyəsində müzakirə olunan sazişlərlə bağlı danışıqları ertələməlidir.

Parlamentin iki ölkə arasında iqtisadi əlaqələrin yenidən təhlil edilib müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyəsinə gəlincə, bu, bir qədər mürəkkəb məsələdir. Amma bu sahədə də addımların atılması vacibdir. Əks halda, siyasi, humanitar və diplomatik münasibətlərlə bağlı veriləcək qərarların əhəmiyyəti azalacaq.

Hazırda Azərbaycanda 40-dan çox Fransa şirkəti fəaliyyət göstərir və onlar ölkə iqtisadiyyatına 2,4 milyard dollar investisiya qoyub. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi isə 1,1 milyard dollar təşkil edir.

Fransanın neft-qaz nəhəngi "Total" şirkəti 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"-nin əsas iştirakçılarından biri olub. Hasilatın Pay Bölgüsü Sazişinə görə "Total" layihədə 10 faiz paya malik olsa da 2014-cü ildə onu satışa çıxarıb. Neft-qaz nəhəngi "Şahdəniz 2" layihəsindəki payını da başqa şirkətlərə satıb.

Azərbaycan iki kosmik peykin inşası və istifadəyə verilməsi üçün Fransanın “COFACE” İxrac Kredit Agentliyindən 10 il müddətinə 98 milyon və ABŞ İxrac-İdxal Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon dolları məbləğində kreditlər götürüb. Fransa şirkətləri ölkədə bir sıra investisiya layihələrinə cəlb olunub, Bakı Metropoliteninin inkişafı layihələrində aparıcı yer tuturlar.

Fransa şirkətlərinin Azərbaycanın qeyri-neft, təhsil və s. sahələrdəki fəaliyyəti ilə bağlı ətraflı yazmağa ehtiyac yoxdur. Ehtimal ki, hökumət iki ölkə arasında ən azı bundan sonra nəzərdə tutulan layihələrin bloklanması ilə bağlı qərarlar verəcək.

Azərbaycan cəmiyyəti də Fransa Senatının ermənipərəst qətnaməsinə müxtəlif səpkilərdə etirazını ifadə etməlidir. İlk növbədə müxalifət, vətəndaş cəmiyyəti qətnaməni pisləməli, Fransa səfirliyinin qarşısında etiraz aksiyalarına təşəbbüs etməlidir. Bu ölkənin mükafatlarına, orden və medallarına layiq görülən ictimai-siyasi xadimlərin ondan imtinası da ən kəsərli addımlardan biri sayıla bilər.

Azərbaycanın Avropadakı diasporunun da üzərinə böyük vəzifələr düşür. Fransa səfirliklərinin qarşısnda aksiyalar təşkil etmək, beynəlxalq təşkilatlara müraciətlər ünvanlamaq, debatlar təşkil etnək və s. vacib görünür.

Fransa dövləti Cənubi Qafqazın 10 milyonluq ən böyük ölkəsinə qarşı beynəlxaq hüquqa tüpürməklə addım atmağın bədəllərini hiss etməlidir.

Elçin Rüstəmli