​Fransada parlament seçkilərinin II turu: MAKRONUN PARTİYASI LİDERLİK EDİR

Baxış sayı: 35

Fransada parlament seçkilərinin II turunda prezident Emmanuel Makronun "İrəli, respublika" partiyası liderlik edir.
İlkin nəticələrə görə, “İrəli, Respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 355-ni qazanıb.
Seçki bülletenlərinin 56,76%-nin (11,8 milyon) hesablanmasından sonra, ölkə üzrə seçicilərin ümumilikdə 41,25%-i "İrəli, Respublika"dan olan namizədlərə səs verib. Onun ardınca 22,59% ilə sağmərkəzçi "Respublkaçılar" partiyası, Marin Le Penin sağçı "Milli Cəbhə" partiyası (9,93%), solmərkəzçi "Sosialist partiyası" (6,24%) və Jan-Lük Melanşonun solçu "Fəth olunmamış Fransa" partiyası (2,89%) qərarlaşıb.
Makronun hərəkatının "Modem" partiyasından ("Demokratik hərəkat") olan müttəfiqləri səslərin 5,90% toplayır.
Xatırladaq ki, “İpsos/Sopra Steria” sorğu şirkətinin hesablamalarına görə, seçicilərin 57 faizi səsvermədə iştirak etməyib. Bu, Fransa tarixində anti-rekorddur.
 
*** 09:55
 
Bu gün Fransada yerli vaxtla saat 8:00-da başlayan parlament seçkilərinə səsvermə axşam saat 18:00–da, böyük şəhərlərdə isə saat 20:00-da başa çatacaq.
Parlament seçkilərinin 2-ci turunda 47 milyon seçici 1146 namizəd arasından aşağı palatanın 573 deputatını seçəcək. Seçkilərin 1-ci turunda Milli Assambleyanın 4 deputatı 50 faizdən çox səs toplayaraq artıq deputat mandatını əldə edib.
İyunun 17-də saat fərqi nəzərə alınaraq Fransanın dənizaşırı departament və ərazilərində seçkilər başa çatıb. Ancaq seçkilərin ümumi nəticələri bu gün yerli vaxtla saat 20:00-da elan ediləcək.
Parlament seçkilərini 2-ci turu ərəfəsində “Le Point” üçün Odoxa Dentsu Consulting şirkətinin keçirdiyi rəy sorğularının nəticələrinə görə “İrəli, respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 430-dan 460-dək yerə, Respublikaçılar 70-dən 95-dək, Sosialistlər 25-dən 35-dək, “Fəth edilməyən Fransa” hərəkatı 8-dən 17-dək, Milli Cəbhə partiyası 1-dən 6-dək yerə sahib ola bilər.
“Les Echos” qəzeti və “Radio Classique” radiosu üçün Opinionway/Orpi şirkətinin apardığı rəy sorğularına görə isə “İrəli, respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 440-dan 470-dək, Respublikaçılar 70-dən 90-dək, Sosialistlər 20-dən 30-dək, “Fəth edilməyən Fransa” hərəkatı 5-dən 15-dək, Milli Cəbhə partiyası 1-dən 5-dək yerə sahib olacaq.
Aparılan rəy sorğularının nəticələrinə görə seçicilərin 53 faizinin səsvermədə iştirak etməyəcəyi güman edilir.
Qeyd edək ki, parlament seçkilərinin iyunun 11-də keçirilən 1-ci turunda 51.29 faiz seçici səsvermədə iştirak etməyib.(AzərTAc)