Fransada indi də polislər üsyan edir - “Sarı jiletlər”in əlindən təngə gəlmişik”

Baxış sayı:
15331

Fransada polislər paytaxt Parisdə “qəzəb marşı”na çıxıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu hüquq-mühafizə orqan mənsublarının son 20 ildə keçirdiyi ən böyük aksiyadır.

Fransız polislər Bastiliya meydanından Respublika meydanına qədər yürüş keçiriblər. Ümumi məlumatlara görə, tədbirdə 20 minə yaxın ictimai asayiş mənsubu iştirak edib.

Fransa polisləri iş şərtlərinin ağırlığından və xidməti vəzifədə polislər arasında intihar hallarının artmasından şikayət edirlər. Həmkarlar ittifaqları polislərdə əsl mənəvi çöküşün yaşandığını bildirirlər. Bu ilin əvvəlindən artıq 52 polis özünü öldürüb.

“The Telegraph” qəzetinin yazdığına əsasən, Fransa jandarmları terror təhdidi və “sarı jiletlilər” hərəkatından dolayı həddən artıq çalışmalı olurlar. Etirazçıların söylədiklərinə görə, onlara artıq işlədikləri 23 milyon saata görə heç bir əlavə ödəniş edilməyib. Həmkarlar ittifaqlarının nümayəndələri mitinqlər zamanı ən çox polislərin zorakılığa məruz qaldığını söyləyirlər.

Bundan başqa, asayiş gözətçiləri cinayətkarlıqla mübarizənin mətbuatda kifayət qədər işıqlandırılmamasından və canilərə olduqca yumşaq cəza verilməsindən şikayətlənirlər. Polislər bir sıra güzəştlərin yox olduğu yeni pensiya islahatlarından da narazıdırlar.

Maraqlıdır ki, “Sarı jiletlilər” hərəkatının münayəndələri də, başda liderləri Erik Drue yürüşə qatılmaqla dəstək veriblər. “Bu bizim hökumətə son xəbərdarlığımızdır. Prezident qəzəbimizin fərqində olmalıdır”,-deyə “Alyans” həmkarlar ittifaqının nümayəndəsi Olivye Orsö qəzetə bildirib.

Dünən “France 2” kanalına danışan Fransa daixli işlər naziri Kristof Kastaner prezident Emmanuel Makronun dövründə onun nazirliyinə əlavə 1 milyard avro ayrıldığını söyləyib. Bundan başqa, nazir Kastaner polis və jandarm ştatının daha 10 min nəfər artırılacağı xəbərini çatdırıb.

Qeyd olunur ki, ötən ayın ortalarında Paris metrosu və digər ictimai nəqliyyat növlərinin işçiləri də dövlət başçısının pensiya islahatları ilə bağlı etiraz aksiyası təşkil ediblər. Nəticədə paytaxtın 16 metro xətti, 3 şəhərətrafı dəmir yol xətti, habelə avtobus və tramvayların hərəkətləri dayanıb.