​Fransada həbslər və axtarışlar başladı, məscidlər bağlanır

Noyabrın 16-na keçən gecə Fransanın müxtəlif şəhərlərində antiterror reydləri başlayıb.
Bu barədə RTL radiosu məlumat yayıb.
 
Məlumata görə, bu əməliyyatlar Qrenobl, Jemon, Eşirol, Fonten, Sen-Marten-d`Er, Sen-Sen-Deni və digər əyalətlərində keçirilir.
 
Qrenobl əyalətində ən azı 7 məntəqədə axtarış aparılıb. Axtarılan ünvanlardan silah və pul götürülüb. Prezident Fransua Ollandın əmri ilə tətbiq edilmiş fövqəladə vəziyyət prefektura başçısının əmri ilə gecələr də axtarış aparmağa icazə verir.
 
Bundan əvvəl Tuluza şəhərində aparılmış axtarışlar zamanı azı 3 şübhəlinin saxlandığı barədə məlumat verilmişdi.
 
Bu arada Fransanın daxili işlər naziri Bernar Kaznev ölkə ərazisində nifrətin təbliğ olunduğu bütün məscidləri bağlamaq niyyətində olduğunu bəyan edib.
 
“Həyat davam edir. Onlar bizi qorxutmaq istəyirlər. Lakin həyatın daha sakit şəkildə davam etməsi üçün tədbirlər görmək lazımdır” - deyə “France 2” telekanalına müsahibəsində nazir vurğulayıb.
 
Nazir təsdiqləyib ki, nifrətin təbliğ edildiyi məscidlərin qapadılmasına dair işlərə başlayıb: “Bunları terror aktları ilə bağlı deyil. Sadəcə fövqəladə vəziyyət bizə daha tez hərəkət etməyə imkan verəcək”.
 
Qeyd edək ki, 13 noyabr gecəsi Parisdə baş verən və 129 nəfərin ölümünə səbəb olan dəhşətli terror aktlarından sonra bütün Fransada fövqəladə vəziyyət elan olunub.