Fransa yığmasının azərbaycanlı boksçusu: "Vətənim üçün döyüşməkdən fəxr duyaram"

Baxış sayı:
3700

“Yarışda ilk döyüşüm olduğu üçün çətin alındı. Hər kəs məndən nəticə gözlədiyinə görə bir qədər həyəcan var idi”.

Bunu Fransa yığmasının heyətində II Avropa Oyunlarında iştirak edən Azərbaycan əsilli boksçu Murad Əliyev deyib.

91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı 1/16 finalda latviyalı Evadners Servutsa qalib gələrək növbəti mərhələyə yüksəlib. Növbəti döyüşünü iyunun 24-də rumıniyalı Mixay Nistora qarşı keçirəcək Əliyev hədəfinin qızıl medal qazanmaq olduğunu söyləyib: “İlk iki raundan sonra həyəcan keçdi və qalib gəldim. Hədəfim qızıl medal qazanmaqdır. Bura çempion olmaq üçün gəlmişəm. Rəqiblərim güclüdür, hamısına hörmətlə yanaşıram. Azərbaycan millisində yer alan boksuların hamısını tanıyıram. Məhəmmədrəsul Məcidovu misal çəkə bilərəm. Məhəmməd Abdullayevlə bir yerdə məşq etmişik”.

Əliyev Fransa yığmasının heyətində yer almasına da aydınlıq gətirib: “Moskvada doğulsam da sonradan atamın biznes fəaliyyəti ilə bağlı Fransaya köçmüşük. Altı yaşımdan orada böyümüşəm və boksla məşğul olmağa başlamışam. Vətəndaşlıq alandan sonra Fransa yığmasının üzvü oldum. Atam bərdəli, anam isə ağdamlıdır. Evdə hər kəs Azərbaycan dilində danışır”.

Gənc boksçu dəvət olacağı təqdirdə, Azərbaycan millisində çıxış etməyə müsbət yanaşdığını bildirib: “Öz vətənim üçün döyüşməkdən fəxr duyaram. Fransada da məşq və inkişaf üçün hər cür şərait var”./report/