Fransa prezidenti Makron tarixdən ibrət götürsün - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
1305

Qarabağ konfliktinin, konkret desək , Qarabağın işğalının çözülməsinə arbitr ölkələrdən Fransanın öz yankeşliyini - tərəfkeşliyini prezident Makronun dili ilə açıqlaması və işğala və işğalçıya yandaş olmasını ortaya qoyması, yumşaq desək, acı təəssüf doğurur. Görün, bu 30 ildə biz kimlərə arxayın olub, torpaqlarımızın işğaldan azad ediləcəyinə ümidvar olmuşuq. Arbitr - hakim açıq-aşkar iki üz-üzə rəqibdən işğala uğrayanı yox, işğala uğradanı müdafiə edir! (?) Belə hakimliklə barışa necə uğraşmaq olar? 43 yaşlı Makrona 50 il qabaq dünyasını dəyişən 130 illiyi bu il tamam olacaq 5-ci Fransa Respublikasının qurucusu Şarl de Qollun yaşam yoluna nəzər salması tövsiyə edilir.
Yəqin Makron 80 il öncə Fransanın Paris qarışıq bütün ərazisinin işğala uğramasından bilgisiz deyil. O çağ 18 iyun 1940-cı ildə general de Qoll Fransanın taleyini üzərinə götürür və tezliklə “Bütün fransızlara” müraciəti vərəqlərdə yayılır: “FRANSA DÖYÜŞÜ UDUZDU, AMMA O MÜHARİBƏNİ UDUZMAYIB ! O GÜN GƏLƏCƏK, FRANSA AZAD OLACAQ ...BAX, BUNA GÖRƏ MƏN BÜTÜN FRANSIZLARA MÜRACİƏT EDƏRƏK MƏNİM ƏTRAFIMDA MÜBARİZƏ, ÖZÜNÜQURBAN VƏ ÜMİD NAMİNƏ BİRLƏŞMƏYƏ ÇAĞIRIRAM”. Bu çağırışla de Qoll işğalçılarla mübarizədə xalqı səfərbər edir. İndi özünüz bu çağırışın Azərbaycanın düşdüyü durumla necə oxşar olduğuna fikir verin! Amma amacımız təkcə bu oxşarlığı vurğulamaq deyil. Makronun işğalçıya diqqətinə Azərbaycan əsgərinin Fransanın azadlığı uğrunda savaşda de Qolla çiyin-çiyinə vuruşmasını çatdırmaqdır. Ola bilsin, Makron bilmir, amma Şəkinin Oxud kəndindən olan Azərbaycan əsgəri Əhmədiyyə Cəbrayılov Fransanın işğaldan azad edilməsində göstərdiyi igidliyə görə qazandığı ödüllə HƏRBİ PARADDA GENERALLARDAN ÖNDƏ GETMƏK HÜQUQU əldə edib! Yəqin Makron onu da bilmir ki, Şarl de Qoll SSRİ rəhbərləri ilə məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırıb və Armed Mişel – Əhmədiyyə Cəbrayılovla partizanlıq edərkən qədim adət -ənənəyə uyğun olaraq barmaqlarını çərtib qanlarını birləşdirməklə qan qardaşı olmalarını da vurğulayıb. Həmin məclisin sonunda  Şarl de Qoll sovet rəhbərlərini riqqətə  gətirən nöqtəni qoyub : “MƏN BU AZƏRBAYCAN OĞLUNA GÖRƏ FRANSA İLƏ SSRİ-NİN YAXINLAŞMASINA QƏRAR VERDİM” . Yəqin Makron onu da bilmir ki , Fransanın işğaldan azad edilməsində QƏHRƏMANLIQ EDƏN AZƏRBAYCAN OĞLU ƏHMƏDİYYƏ CƏBRAYILOVUN oğlu MİKAYIL CƏBRAYILOV AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN İŞĞALDAN AZAD EDİLMƏSİ UĞRUNDA DÖYÜŞLƏRDƏ 30 İL QABAQ  ŞƏHİD OLUB! Yəqin ki, bilsə, işğalçı Ermənistanı müdafiə edib, işğala uğrayan Azərbaycanı ittiham etməzdi.
Gorun çatlasın, ay azərbaycanlıların qan qardaşı de Qoll,  gör indi rəsmi Fransa işğala necə haqq verir?!

Məğrur BƏDƏLSOY