Əfqanıstan Veteranları Birliyində torpaq və mənzil davası

Birliyin sədri Məhəmməd Vəliyev veteranlara ayrılan torpağı və qurumun ofisini sataraq, pulunu mənimsəməkdə ittiham olunur

Veteran Arif Əsgərov: “Hazırda 8 mindən çox əfqan veteranı var, onların heç biri Məhəmməd Vəliyevi qəbul etmir”

Ölkədə ardıcıl devalvasiya burulğanından sonra, sanki insanlar ətrafa açıq gözlə baxmağa başlayıb. Belə ki, hər kəs bir növ, məruz qaldığı haqsızlıqlarla mübarizəyə başlayıb. Azərbaycan Əfqanıstan Veteranlari İctimai Birliyində də sular bulanıb. Birliyin üzvləri qurumun rəhbəri Məhəmməd Vəliyevi onların hüquqlarını pozmaqda və korrupsiyada ittiham edir. Onlar “Hürriyyət”in redaksiyasına gələrək şikayətlərini dilə gətiriblər. Qeyd edək ki, qurumda baş verən qanunsuzluqlarla bağlı suallarımızı Birliyin üzvləri adından veteran Arif Əsgərov cavablandırıb.
-Arif bəy, Əfqan Veteranlari İctimai Birliyində nə baş verir? “Əfqan”ların problemi nədir?
- Öncə onu qeyd edim ki, möhtərəm pezidentimiz tərəfindən Əfqanıstan Veteranları İçtimai Birliyinə Suraxanı rayonu, Bahar qəsəbəsində 10 ha 35 sot torpaq sahəsi ayrılıb. Lakin həmin ərazini bizim cəmiyyətin sədri Məhəmməd Vəliyev əfqan veteranlara vermək əvəzinə, aidiyyatı olmayan şəxslərə torpağın hər sotunu 8-10 min dollara satıb. Əfqan döyüşçülərinin çox az qisminə isə həmin qəsəbənin yaşayış üçün yarasız olan hissəsindəki bataqlıqdan yer verib.
- Şəxsən sizə də həmin ərazidən torpaq sahəsi verilib?
- Bəli. Sözügedən bataqlıq hissədən torpaq sahəsi aldıq. Ev tikdik, amma hər yerindən su çıxır.
- Həmin ərazi sizə də pulla satılıb?
- Bəli. Tək mənə yox, digər veteranlara da.
- Hər sot torpaq üçün nə qədər odəmisiniz?
-Məndən də, digər veteranlardan da bizə dövlətin ayırdığı torpaq sahəsinin hər sotu üçün Məhəmməd Vəliyev 2500-3000 manat rüşvət alıb. Qeyd edim ki, həmin ərazi 1991-ci ildə Nazirlər Kabineti tərəfindən veteranlara ayrılıb. Bizə isə 2010-cu ildə satılıb. Əvvəllər bu torpaq sahəsı təssərrüfat sahəsi kimi nəzərdə tutulmuşdu. 2004-cü ildə isə həmin torpaqlarda fərdi yaşayış sahəsi tikmək üçün Bakı Şəhəri İcra hakimiyyətindən əlavə sərəncam aldılar.
-Bəs bunadək torpaqlardan necə istifadə edirdiniz?
-Həmin vaxtadək bizim bunlardan xəbərimiz yox idi. Rəhbərlik torpaq sahələrini satmağa başlamışdı. 2006-ci ildə Nərimanov rayonu İcra Hakimiyyətinə müraciət etdik. Onda öyrəndik ki, dövlət tətəfindən bizim veteranlara Nizami rayonunda 66 sot,  Hövsanda isə 10 ha, 35 sot torpaq sahəsi ayrılıb. İcra Hakimiyyəti Azərbaycan Əfqanıstan Veteranları İçtimai Birliyinə bu haqda məktubu göndərdi. Məhəmməd Vəliyev isə inadla deyirdi ki, belə şey yoxdur. Həmin ərazi “Araz” firmasının olub. Bundan sonra 2008-2009-cu illərdə biz Torpaq və Xəritəçəkmə Komitəsindəm həmin ərazilər üçün sənəd aldıq ki, bu torpaq sahəsi Azərbaycan Əfqanıstan Veteranları İçtimai Birliyinə verilib. Həmin sənədi götürüb M.Vəliyevin yanına getdik. Dedik ki, bu torpaqlar veteranlara paylanılmalıdır.
-Sənəd aldıqdan sonra həmin ərazi boş idi, yoxsa artıq satılmışdı?
- Getdik gördük ki, ərazidə eyni tipli 12 ev inşa olunub. Yəni Məhəmməd Vəliyev bu evləri satmaq məqsədilə tikdirib. Biz bunun üstünü açdıqdan sonra, həmin torpaqların yaxşı yerlərini kimə gəldi satmağa başladılar. Bataqlıqdan isə şikayət edən veteranlara rüşvət müqabilində normadan aşağı torpaq satdılar.
-Nazirlər Kabinetinin sərancamına görə hər veteran üçün neçə sot torpaq sahəsi ayrılmalı idi?
-Sərəncamda hər veteran üçün 6 sot pay torpaq ayrılması öz əksini tapib. Amma hərəyə 3-4 sot torpaq verdilər.
- Bəs, buna səbəb olar nəyi göstərdilər?
-Heç nəyi. Açıqca dedilər ki, hər sotun qiyməti budur. Pulunuz varsa, lap 20 sot alın. Bizdə elə uşaqlar var ki, 6 sot torpaq alıb. Amma bu rüşvətsiz mümkün olmayıb.
-Niyə vaxtında şikayət etmirdiniz?
-Şikayət etmədiyimiz yer qalmayıb. Baxan yoxdur.
-Hara şikayət etmisiniz?
-2009-cu ildə Veteranlar Birliyinin müavini işdən azad ediləndə, həmin müavin prokurorluq orqanlarına şikayət etmişdi. Gəldilər yoxladılar, həmin vaxt hələ bizə torpaq ayrılmamışdılar, ancaq yerini göstərmişdilər. Soruşdular ki sizdən pul alıblarmı? Dedik xeyir, hələ nə torpaq almışıq, nə də pul vermişik. Bunlar öz işlərini düzüb-qoşdular, ondan sonra başladılar torpaqları satmağa ki, bizim prokuraturaya xərcimiz çıxıb, torpaqlara pul verib almışıq. Sədrimiz Məhəmməd Vəliyevin özü dedi ki, yuxarılara 360 min pul vermişəm.
-Bəs demədi ki, əgər bu əraizdən ona 360 qəpik xeyir yoxdursa, nəyə görə 360 min verib?
-Dedi ki, pulsuz heç nə yoxdur. Ona görə də biz torpaqları almaq istəyəndə Məhəmməd Vəliyev dedi ki, pul verib almalısınız. Odur ki, məcburiyyət qarşısında qalıb Məhəmməd Vəliyevin istədiyi məbləği verdik.
-Yəni rüşvət olaraq....

- Bəli. Bəlkə də verməzdik. Amma elə hadisə baş verdi ki, məcbur olduq.
-Nə baş vermişdi ki?
- Birliyin üzvü, iki gözünü itirmiş I qrup əlil-veteran Müşviq Məmmədovdan 2 min pul istəmişdi. Müşviq pul verməkdən imtina etdi deyə, Məhəmməd Vəliyev onun pay torpağını başqa adama satdı. Veteranlar qorxdu ki, onların da başına belə oyun aça bilər. Bu adam ki, Əfqanıstanda iki gözündən olan əlilin 10 hektar torpağın içində 6 sotunu başqasına satdı, deməli başqa çarə yoxdur. Bu yazıq da 3-4 il prokurorluq yollarında süründü. Axırda Nazirlər Kabinetinə müraciət etdik. Amma faydası olmadı,  Məhəmməd Vəliyev torpağı ən azından torpaqlarımız uğrunda döyüşən insanlara da satmayıb. Əksəriyyəti də sənədsiz ev tikib, yaşayır həmin torpaqlarda. Qeyd edim ki, Məhəmməd Vəliyev əslində Əfqanısatnda döyüşməyib. Yəni bizim veteran deyil.
-Prezidentə şikayətiniz nədən ibarətdir?
-Şikayətimiz ondan ibarətdir ki, Məhəmməd Vəliyev 11 ildir Azərbaycan Əfqanıstan Veteranları İçtimai Birliyinin sədri olub, amma onu biz seçməmişik. Hazırda 8 mindən çox əfqan veteranı var. Onların heç biri Məhəmməd Vəliyevi qəbul etmir. Məhəmməd Vəliyev özündən əvvəlki sədr Məmməd İsgəndərovu şərləyib tutdurdu ki, guya, o, veteranlara ayrılan torpaq sahəsini satıb mənimsəyib. Onu 4 maddə ilə tutdurdu ki, özü daha çox qazansın. Məhəmməd Vəiyev sədr postuna sahibləndikdən sonra bunun işi ancaq torpaq satmaq olub. Ondan veteranlar dəfələrlə şikayət edib. Sabunçu, Nəsimi, Nizami rayonlarında məhkəmələri olub. Sədr olduğu 11 il ərzində Məhəmməd Vəliyev veteranların hüquqlarını pozub, onlara ayrılan yardımları mənimsəyib, ən çətin durumda olan veteranlara belə maddi yardım göstərməyib. Onun vicdanı olsaydı, iki gözünü döyüşdə itirmiş əlil-veteranın torpağını mənimsəyib satmazdı.Cənab prezident İlham Əliyev çıxışında dedi ki, korrupsiyayala məşğul olan hər kəs cəzalanmalıdır. Biz veteranlar  da prezidentimizin bu sözlərini dəstəkləyirik və korrupsionerin əməllərinin ifşa olunmasında dövlətimizin rəhbərinə yardımçı oluruq. Müraciəti olduğu kimi sizə təqdim edirik:
“Möhtərəm cənab Prezident! Biz  Əfqanıstan  müharibə  veteranları  daima  öz  üzərimizdə  Sizin  diqqət  və  qayğınızı  hiss  edirik.  Üzvü  olduğumuz İctimai  Birliyə şəhərin  mərkəzində ofis  ayrılması  Əfqanıstan  müharibə  veteranlarının  mənzil  problemlərinin  aradan  qaldırılması  məqsədi ilə  Suraxanı  rayonu  ərazisində  sizin  tapşırığınızla  fərdi ev tikintisi  ücün  10.35 ha  torpaq  sahəsinin  ayrılması,  bizlərin maddi  sosial  vəziyyətimizin  yaxşılaşdırılması  istiqamətində verdiyiniz  bir  sira  sərəncamlar  buna  bariz  nümunədir. Çox  təəssüf  hissi  ilə  bildirmək  istəyirik  ki,  bizə  göstərdiyiniz diqqət  və  qayğıdan  Birliyin  sədirliyini  saxta yollarla  ələ  keçirmiş  Əfqanıstan  müharibəsi  veteranı  olmayan Məhəmməd Vəliyev  və  onun  cinayət  ortağı  Cavan  Əhmədovun cinayət  əməlləri  nəticəsində  istifadə  edə bilmirik. Birliyin sədri  Məhəmməd  Vəliyev  Əfqanıstan  müharibə veteranlarına ayrılmış  10.35 ha  torpağın  hər  bir  sotunu 3500-8000 manat arasında  sataraq,  cinayət məsuliyyətinə cəlb olunmayacağına  əmin  olduğundan, Birliyin  Dilarə  Əliyeva  251  ünvanında yerləşən  ofisini  də satıb. Məhəmməd  Vəliyev  rəhbərlik  etdiyi  11 il müddətində  Əfqanıstan  müharibə  veteranlarına,  əlillərinə və  şəhid ailələrinə dövlət  tərəfindən  ayrılmış  limitlər  və yardımlar  tamamı ilə  mənimsənilmişdir və  hec  bir  kəsə verilməmişdir. Bu müddət ərizində  heç  bir  hesabat müşavirəsi  keçirməmiş  və  bu  qeyri-qanunu  hərəkətlərinə  heç  zaman  hesabat verməmişdir. 
Biz Əfanıstan  müharibə  veteranları Sizin  korrupsiyanın  qarşısının  alınması  üçün  atdığınız  addımları  çox  bəyənirik  və  dəstəkliyirik.  Birinci  dəfə  Sizə  30  nəfərin  imzası  ilə  ünvanladığımız  məktub  Prezident  Aparatından  Baş  Prokurorluğuna  göndərildi.  Baş  Prokurorluqdan  isə  Baş  Prokurorluq  yanında  Korrupsiyaya  qarşı  Mübarizə  Baş  idarəsində  işə  baxılması  üçün  prokuror Nazir  Quluyevə verildi. Yuxarıda  yazılanlara,  2010-cu  ildən   2015-ci  ilin  axırlarına  qədər  olan  bir  çox  faktlara,  alınmış izahatlara bxmayaraq  prokuror  Nazir  Quluyev  “2009-cu  ildə  işə  baxılib  icrata  xitam  verilmişdir”-, deyərək  işi  yenidən  prokrorluğa  göndərmişdir.  Bu  işlərin  düzgün  baxılmasına, Məhəmməd Vəliyev və onun ortağı Cavan Əhmədova qarşı cinayət işinin qaldırılmasına  müvafiq  göstəriş  vermənizi xahiş edirik.
Əvvəlcədən  Sizə  öz  dərin  təşəkkürümüzü  bildiririk".  
 
Gülnaz Qənbərli, "Hürriyyət"
 
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.