Əfqan Muxtarlıya ittihamlar irəli sürülüb

Sabah Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir
 
Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlıya qarşı irəli sürülmüş ittihamlar məlum olub.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Ə.Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) və 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddələri ilə ittiham olunur.
Vəkil bildirib ki, Ə.Muxtarlı barəsində sabah Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.