Əfqan Muxtarlının yaxınları Gürcüstan hakimiyyətindən cavab gözləyir

Mayın 29-da Tbilisidə yoxa çıxmış jurnalist Əfqan Muxtarlının həyat yoldaşı, habelə siyasi mühacirlər Vidadi İsgəndərov və Daşqın Ağalarlı Gürcüstan hakimiyyətini Azərbaycanlı jurnalistin haraya yoxa çıxdığı barədə suala cavab verməyə çağırıblar.
 
Mayın 30-da onlar Tbilisidə mətbuat konfransı keçiriblər, Azərbaycanlı siyasi mühacirlərin Azərbaycan xüsusi xidmətləri tərəfindən Gürcüstan ərazisində təqibə məruz qalmaları barədə danışıblar.
Daşqın Ağalarlı qeyd edib ki, Əfqan Muxtarlı, çox güman ki, Gürcüstan hakimiyyətin yaratdığı fürsət sayəsində Azərbaycan hakimiyyəti tərəfindən oğurlanıb. Onun sözlərinə görə, oğurlanma Gürcüstanda Əliyev rejiminin əleyhdarlarını çoxdan izləyən SOCAR Dövlət Neft Şirkətinin Təhlükəsizlik Xidmətinin işidir.
"Biz onların hamısını üzdən tanıyırıq, dəfələrlə bizi təxribata təhrik etmək istəyiblər, daim izləyirlər və son iki həftədə xüsusilə həyasızca davranırlar.
Buna inanmaq istəmirəm, amma görünür, Gürcüstan hakimiyyəti Azərbaycan hakimiyyətinə öz ərazisində insanları oğurlamağa icazə verib", deyə o bildirib.
Digər siyasi mühacir Vidadi İsgəndərov bildirib ki, bir neçə gün əvvəl Gürcüstan hakimiyyətinin nümayəndələri ona açıq-aşkar bildiriblər ki, Bakı Gürcüstanı şantaj edir, siyasi mühacirləri öz ərazilərindən çıxarmağı tələb edir. "Əks halda Azərbaycan hakimiyyəti Gürcüstana qarşı iqtisadi sanksiyalarla hədələyir", deyən İsgəndərov Avropa İttifaqı və Nato üzvü olmaq istəyən ölkədə bunun yolverilməz olduğunu vurğulayıb.
Yoxa çıxan jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib ki, Gürcüstan hakimiyyətindən ərinin harada olduğu, onun niyə axtarılmadığı və onun başına nə gəldiyi barədə suallara məntiqli cavab ala bilmir.
O da Əfqanın oğurlandığından və çox güman ki, jurnalistlik fəaliyyəti və Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə oğurlandığından əmin olduğunu bildirib.
O, Gürcüstan hakimiyyətinin həyat yoldaşının axtarışı və azad edilməsi üçün bütün zəruri tədbirləri görəcəyinə, baş verənlərdə təqsiri olanların isə cəzalandırılacağına ümid etdiyini deyib.