Əfqan Muxtarlıdan xəbər var

Bu gün vəkil Nemət Kərimli 1 saylı Bakı İstintaq Təcridxanasında vicdan məhbusu, jurnalis Əfqan Muxtarlı ilə görüşüb.
 
Bu haqda “Basta”ya məlumat verən vəkil bildirib ki, Əfqan Muxtarlı 3-cü aydır həbsdə saxlansa da, onunla bağlı istintaq hərəkətləri ləngidilir.
“İstintaq, demək olar ki, getmir. İndiyə qədər bizə məlum olan cəmi bir neçə istintaq hərəkəti aparılıb. Avqustun 6-da götürülmə protokolu və cinayət işlərinin birləşdirilməsi haqda qərarın surətinin müdafiə tərəfinə verilməsi ilə əlaqədar müstəntiqə vəsatət təqdim etmişəm. Amma həmin vəsatətə də bu günə qədər cavab verilməyib”, – Nemət Kərimli bildirib.
Vəkil əlavə edib ki, Əfqan Muxtarlının əhvalı yüksəkdir və o, bütün dostlara salam göndərib.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.
Qətnamədə yazılır ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.