Əfqan Muxtarlı “vicdan məhbusu” elan olundu - TİFLİSDƏ AKSİYA

Jurnalist Səbayel rayon məhkəməsinə gətirilib; ona qarşı əlavə ittiham irəli sürülüb
 
Haqqında həbs qətimkan tədbiri "seçiləcəyi" gözlənilən jurnalist Əfqan Muxtarlı Səbayel rayon məhkəməsinə gətirilib, BBC Azərbaycancanın müxbiri Günel Səfərova bildirib.
Bundan əvvəl vəkil Elçin Sadıqov deyib ki, Əfqan Muxtarlıya yeni ittiham irəli sürülüb:
"Yeni ittiham Cinayət Məcəlləsinin 315.2 - guya sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq edib", vəkil əlavə edib.
Əfqan Muxtarlı məhkəməyə gətirilib

İttihamlar nədir?

Baş prokurorluq Muxtarlının "mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra saxlanıldığını" deyib.
Baş prokurorluğun sözçüsü Eldar Sultanov BBC Azərbaycancaya təsdiqlədiyi məlumatda deyilir ki, "jurnalist Balakən rayonu ərazisində saxlanılarkən sərhədçilərə müqavimət göstərib".
"Axtarış zamanı onun üzərindən xarici valyuta ilə iri məbləğdə pul tapılıb", qurumun məlumatında deyilir.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, jurnalist sərhədi qanunsuz olaraq keçməkdə və qaçaqmalçılıqda ittiham edilir və çərşənbə günü onun məhkəməsi baş tutmalıdır.
Gürcüstanın paytaxtı Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı bazar ertəsi günü axşam saatlarında yoxa çıxıb. Daha sonradan onun vəkili deyib ki, cənab Muxtarlı DSX tərəfindən saxlanılıb və Bakıya gətirilib.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən şərh almaq mümkün olmayıb.
Vəkil Elçin Sadıqov deyib ki, Əfqan Muxtarlı "Gürcüstanda saxlanılıb, döyülüb və Azərbaycana ötürülüb"

HRW: "Muxtarlının pis rəftara məruz qalması təhlükəsi var"

"Gürcüstan hakimiyyəti jurnalist Əfqan Muxtarlının oğurlanmasını qısa vaxt ərzində araşdırmalı və Azərbaycan hakimiyyəti dərhal onu azad etməli və ona qarşı irəli sürülən bütün ittihamlar düşməlidir", Human Rights Watch Təşkilatının Cənubi Qafqaz üzrə direktoru Georgi Gogia bildirib.
HRW bildirib ki, 46 yaşlı Muxtarlı və onun araşdırmaçı həyat yoldaşı Leyla Mustafayeva 2015-ci ildən, Azərbaycan hökumətinin tənqidçilərə qarşı qərəzli münasibətindən qaçdıqdan sonra Gürcüstanda yaşayır.
Muxtarlının həbsdə pis rəftara məruz qalması üzrə təhlükə var, məlumatda deyilir.
"Muxtarlı təhlükəsizlik axtarışı ilə Gürcüstana gedib, amma görünür o, Azərbaycan hökumətinin əlindən kifayət qədər uzaq deyildi."
"Gürcüstan hökuməti də onun taleyi üçün məsuliyyəti bölüşür və onun qanunsuz saxlanma və qaytarılmasında öz rolu haqqında təmiz məlumat verməlidir."
"Bu adam oğurluğu yöndəmsiz və qorxaqdır," cənab Gogia bildirib.
"Bir dəqiqə də olan kimsə inanmaz ki, Muxtarlı öz istəyilə Azərbaycana, təqibdən canını qurtarmaq üçün qaçdığı yerə daxil olmaq istəyib... Əgər Azərbaycan hakimiyyətinin onun qanun pozması ilə bağlı faktları varsa, onlar ekstradisiya vasitəsilə onun qaytarılmasını təşkil edə bilərdilər. Əvəzinə, o, filmlərdəki kimi quldurlar tərəfindən oğurlanıb", bəyanatda qeyd edilib.
Çərşənbə günü Tbilisidə bir qrup azərbaycanlı və gürcü vətəndaş cəmiyyətinin nümayəndələri, fəal və jurnalistlər Gürcüstan hökümət binasının qarşısında etiraz nümayişi keçirib.
 
(Tbilisidə jurnalistlər və fəallar Gürcüstan hökümətinə Əfqan Muxtarlının "Azərbaycana verilməsi" iddiası ilə bağlı etiraz keçirib)

 
(Tbilisi İnsan Haqları Evi Əfqan Muxtarlının azad edilməsinə çağıran şüar tutub)

 
("Tbilisinin yeni wifi-ı: Tbilisi səni həbs edir"- plakatda yazılıb)

Amnesty International jurnalisti "vicdan məhbusu" adlandırıb

Amnesty International (Aİ) təşkilatı Tbilisidə yaşayan, "Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən" saxlanılmış və sərhədi qanunsuz olaraq keçməkdə və qaçaqmalçılıqda ittiham edilən jurnalist Əfqan Muxtarlını "vicdan məhbusu" adlandırıb.
"Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azad olunmalı və işgəncə və digər qəddar rəftardan qorunmalıdır", Aİ təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Levan Asatiani deyib.
Cənab Asatiani hadisəni "uzun müddətdir jurnalistlər və hüquq müdafiəçilərinə təzyiqlə tanınan ölkə üçün dərin kədərli hal" adlandırıb.
O, həmçinin ehtimal edib ki, "Əfqan Muxtarlının oğurlanmasında və məcburi Azərbaycana qayıtarılmasında Gürcüstan hakimiyyətinin də əli olub".
"Gürcüstan nə baş verdiyini operativ və qərəzsiz araşdırmalı və bu dəhşətli əməliyyatda iştirak edənləri məsuliyyətə cəlb etməlidir," Levan Asatiani deyib.
Gürcüstanın Daxili işlər Nazirliyi (GDİN) bildirib ki, jurnalistin "oğurlanması" ilə bağlı Cinayət Məcəlləsinin 143-cü -azadlığın qanunsuz məhdudlaşdırılması maddəsi ilə araşdırma aparılır. GDİN jurnalistin Bakıya gətirilib-gətirilməməsi ilə bağlı əlavə şərh verməyib.