Əfqan Muxtarlı işində ciddi dönüş ola bilər

 Gürcüstan hökuməti Tbisidə oğurlandıqdan sonra Azərbaycanda həbs edilmiş jurnalist Əfqan Muxtarlı ilə bağlı araşdırmanın formatını dəyişib.
 
Xəbər verdiyimiz kimi, Əfqan Muxtarlının oğurlanması ilə bağlı şikayət əvvəlcə kriminal polis tərəfindən araşdırılırdısa, yerli ictimaiyyətin təzyiqi və beynəlxalq qurumların tələblərindən sonra Gürcüstan prokurorluğu araşdırmanı öz üzərinə götürüb.
Bir neçə gün əvvəl Gürcüstan Prokurorluğunun İstintaq departamentinin rəhbəri Əfqan Muxtarlının xanımı Leyla Mustafayevanı qəbul edib. Bu haqda “Basta”ya Leyla Mustafayeva özü məlumat verib.
Onun sözlərinə görə, prokurorluq işi obyektiv araşdıracağına söz verib.
Qeyd edək ki, bundan əvvəl Leyla Mustafayeva Gürcüstanda kriminal polisin apardığı araşdırmanın Əfqan Muxtarlının oğurlanması faktının üzə çıxarılmasına yox, ört-basdır edilməsinə hesablandığını demişdi. Qeyd edək ki, ilkin araşdırmanı aparan müstəntiqlər Əfqan Muxtarlının oğurlanması anında təhlükəsizlik kameralarına düşən video-görüntüləri montaj etməkdə ittiham olunurlar.
 “Dedilər ki, bu dəfə xüsusi istintaq qrupu yaradılıb. Görək xüsusi qrup nə edəcək… Prokurorluqda bildirdim ki, biz sadəcə sürətli və obyektiv araşdırma istəyirik”, – Leyla Mustafayeva bildirib.
Leyla Mustafayeva qeyd edib ki, xüsusi istintaq qrupu Əfqan Muxtarlının özünü də dindirmək niyyətindədir: “İyunun 15-dən Gürcüstan Prokurorluğu Əfqan Muxtarlını dindirmək üçün Azerbaycan Prokurorluğuna sorğu göndərib. Amma sorğuya hələ cavab verilməyib”.
Qeyd edək ki, Əfqan Muxtarlı ilə bağlı araşdırma prokurorluğa ötürüldükdən sonra Gürcüstanda kriminal polisin və əks-kəşfiyyat idarəsinin rəhbərləri istintaq başa çatanadək vəzifələrindən kənarlaşdırılıblar. Leyla Mustafayeva hesab edir ki, insan oğurluğu faktını ört-basdır etmək istəyənlərin dairəsi genişdir və onların hər biri məsuliyyətə cəlb edilməlidirlər.
Müşahidəçilər hesab edir ki, əgər Gürcüstan Prokurorluğu jurnalistin oğurlanmasını əks etdirən sübutları ortaya qoyarsa, bu, Əfqan Muxtarlı işində ciddi bir dönüşün yaranmasına səbəb ola bilər.
Bastainfo.com