Əfqan Muxtarlı azadlığa buraxıldı və... - TƏYYARƏ İLƏ ALMANİYAYA YOLA SALINDI

Jurnalist Əfqan Muxtarlı azadlığa çıxıb.

Muxalifet.az bildirir ki, Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsindən azad edilməsi ilə bağlı müraciətə baxılıb.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlının cəzasının qalan hissəsi şərti hesab olunaraq azadlığa buraxılıb.

Martın 17-də jurnalist Əfqan Muxtarlının həbsdən azad edildiyi və Almaniyaya yola salındığı bildirilir.

Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva Turana onun azadlığa buraxıldığını təsdiq edib. “Mənim özümün heç nədən xəbərim olmayıb. Onun azad olunması haqda vəkili vasitəsilə xəbər tutmuşam. Vəkili Nemət Kərimli ilə Almaniya səfirliyi kontakt qurublar və ona Əfqanın azad olunduğunu deyiblər. Mənim özüm hələ onunla danışmamışam. Azadlığa hansı şərtlər əsasında buraxıldığı haqda hələ məlumatım yoxdur. Yəqin ki özü gələndə hər şeyi danışacaq” - deyə, o bildirib.

Leyla Mustafayeva Əfqan Muxtarlının hazırda Azərbaycandan yolda düşdüyünü və axşam saatlarında Almaniyaya çatacağını gözlədiyini deyib.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

Məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlar isə onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbsə məhkum edilmişdi.

"Amnesty International" onu vicdan məhbusu kimi tanımışdı. Avropa Parlamenti jurnalstin azad olunmasını istəmışdi.