“Formula-1” bolidləri 2023-cü ilə qədər Bakı küçələrində şütüyəcək - MÜQAVİLƏ UZADILDI - YENİLƏNİB

Baxış sayı:
12160

"Bu, bizim hamımız üçün qürurverici hadisədir. Son bir neçə il ərzində paytaxt sakinlərinin arzuları gerçəkləşdi və biz Bakıdakı "Formula 1" yarışlarının sadə bir ideyadan bu idmanın tarixində həyəcan və gərginliklə dolu ən maraqlı həftəsonu yarışlarından birinə çevrilməsinə hamılıqla şahid olduq".

Bu sözləri gənclər və idman naziri Azad Rəhimov "Formula 1" şirkəti ilə 2023-cü ilə qədər yeni müqavilənin imzalanması mərasimində deyib.

Nazir bildirib ki, hər il "Formula 1" üçün dünyanın dörd bir yanından Bakıya daha çox avtoidman həvəskarı təşrif buyurur: "Çox şadıq ki, dünya avtoidman ictimaiyyəti xüsusən Azərbaycan Qran Prisinə böyük maraq göstərir. Fürsətdən istifadə edərək cənab Çeyz Kerri başda olmaqla "Formula 1"də yer alan hər kəsə bizə bu uğurda göstərdikləri böyük dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm".

A.Rəhimovun sözlərinə görə, müqavilənin uzadılması nəticəsində yerli və regional biznes qurumları "Formula 1"in qlobal platformasından daha çox faydalanmaq imkanına sahib olacaqlar. Digər tərəfdən, yarış həvəskarları daha çox əyləncə imkanı əldə edəcəklər: "Bunun nəticəsində biz öz kommersiya gəlirlərimizi maksimum artıra biləcəyik. Bu fürsətləri nəzərə alaraq deyə bilərəm ki, müqavilənin uzadılması bizim üçün heç vaxt mübahisəli məsələ olmayıb və böyük məmnuniyyətlə builki Qran-pri də daxil olmaqla, daha 5 yarışa evsahibliyi etməyə hazırıq".

*   *   *10:25

Azərbaycan və “Formula-1” şirkəti arasında müqavilə daha 5 il uzadılıb. Virtualaz.org xəbər verir ki, bu gün tərəflər Bakıda “Formula-1” yarışlarının 2023-cü ilə qədər uzadılmasına dair razılaşmanı imzalayıblar.

Gənclər və idman naziri Azad Rəhimov razılaşmanı şərh edərkən deyib ki, Bakıda “Formula-1” yarışlarının keçirilməsi Azərbaycana gələn turistlərin sayını artırır.

“Formula-1” şirkətinin baş direktoru Çeyz Keri isə qeyd edib ki, Bakıda olmaqdan və müqavilənin uzadılmasından məmnundur. “Azərbaycan qran-prisi “F-1” təqvimində öz yerini tutub. Bizim araşdırmalarımız göstərib ki, Bakı yarışları fanatların fikrincə ən yaxşı yarışlardan biridir”-o deyib.

Xatırladaq ki, Bakıda keçiriləcək bu ilki “Formula-1” yarışları üçün 60 milyon dolların xərclənməsi nəzərdə tutulub./Virtualaz