«Foreign Policy»: “İlham Əliyev Qərbyönümlü vətəndaş cəmiyyətini və medianı diz çökdürüb”

«Azərbaycanda vətəndaşların əsas hüquq və azadlıqları pozulur, onlarla demokratik ölkələrə xas davranış qaydaları gözardı edilir. Bu baxımdan Azərbaycan qonşuları içində bu pozuntuların daha çox yer aldığı bir ölkəyə çevrilir. Görəsən, İlham Əliyev hökuməti Qərbdəki imici barədə düşünürmü? Bu yaxınlaradək elə görünürdü ki, düşünür».

Bunu Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu ABŞ-ın nüfuzlu «Foreign Policy» dərgisində dərc olunmuş məqaləsində yazır.

Müəllif qeyd edir ki, illər boyu bu neftlə zəngin ölkə «Avroviziya», Qlobal İnternet Forumu, ATƏT Parlament Assambleyasının samiti, nəhayət, bu il ilk Avropa Oyunları kim beynəlxalq tədbirlərə ev sahibliyi etməklə imicini cilalayıb. ABŞ və Avropa ölkələrinin paytaxtlarında lobbiçilik işlərinə də əməlli-başlı pullar xərclənib: «Ancaq hökumətin son vaxtlar Qərb və yerli təşkilatlara qarşı tədbirləri, eləcə də medianı məhdudlaşdırması ölkənin beynəlxalq imicinə çox mənfi təsir göstərib. Bəzi təhlilçilərin fikrincə, ölkədəki biznes mühitinə də təsirsiz ötüşməyib».

«Vaxtilə Azərbaycan qapılarını qərblilərin üzünə açdı... Heydər Əliyev Qərbin aparıcı biznes və vətəndaş cəmiyyəti qruplarını Bakıya dəvət etdi, onları yerli işçiləri işə götürməyə çağırdı, mediaya senzuranı ləğv etdi. Oğlu İlham Əliyevin hakimiyyəti dövründə isə çox şey dəyişib. O, Qərbyönümlü vətəndaş cəmiyyətini və medianı diz çökdürüb».

«Böyük Əliyev vaxtilə medianı «cəmiyyətin güzgüsü» adlandırırdı. Oğlunun hakimiyyəti altında isə o güzgü azərbaycanlılardan alınıb. Onların mediası ancaq əyləncə məqsədi daşıyır. Atası kimi, dövlət mediasından tərəfdarlarını səfərbər etmək üçün yararlanmaq əvəzinə o, həmin media vasitəsilə əhalini sakitləşdirir, diqqətini problemlərdən yayındırmağa çalışır».

Yazıda Əliyevin üçüncü dəfə prezidentliyini elan edəndən sonra vaxt itirmədən vətəndaş cəmiyyətinə, özəlliklə də seçki monitorinqi ilə məşğul olanlara hücuma keçməsindən bəhs olunur. Repressiyalar ötən ilin yayında beynəlxalq ictimaiyyətin diqqətindən yayına bildi, onlarla insan haqları müdafiəçisi, ictimai fəal, jurnalist ölkədə sabitliyi pozmaq adıyla saxlandı, QHT-lərə təzyiqlər artdı və s. Hökumət Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək narazılara hücumunu senzura kimi deyil, ölkə təhlükəsizliyinə artan hədələrə qanuni reaksiya kimi təqdim etməyə çalışdı.

Ancaq müəllifin fikrincə, müstəqil jurnalistlərə, fəallara təzyiqlər Azərbaycan hökumətinin uğur hekayəsini faş etməyə əla fürsət oldu, hökumətin avtoritar təbiətini daha geniş Qərb auditoriyası üçün açıb ortalığa qoydu(azadliq.org).