Fələstinli Həmas və Fəth təşkilatları arasında Qahirədə "razılıq əldə olunub"

Fələstinli Həmas təşkilatı rəqib Fəth qrupu ilə razılıq əldə etdiyini bildirib. Bu hadisə iki təşkilat arasında 10 il sürən nifaqa son qoyub.
Qəzza Zolağına nəzarət edən Həmas bildirib ki, sövdələşmənin müddəaları cümə axşamı günü açıqlanacaq.
Fəth təşkilatı bu hadisə barədə şərh verməyib.
İki qrup arasında barışıq haqda danışıqlar Misirin vasitəçiliyi ilə Qahirədə keçirilib.
İki qrup arasında 2007-ci ildə qanlı toqquşmalar baş verəndən Qəzzada və Qərb Sahilində fələstinlilər ayrılıqda idarə olunur.
Bundan bir il əvvəl Həmas işğal olunmuş ərazilərdə keçirilən parlament seçkilərində qalib gəlmişdi və Qəzzada Fəth idarəçiliyinə son qoyaraq, orada öz hakimiyyətini gücləndirmişdi.
Həmas təşkilatına yaxın olan Fələstin Məlumat Mərkəzi əldə olunmuş saziş barədə məlumat yayaraq, təfərrüatların Qahirədə günorta saatlarında keçiriləcək mətbuat konfransında veriləcəyini bildirib.
Çərşənbə günü Həmas təmsilçisi Sami Əbu Zühri bildirib ki, Qahirədə keçən danışıqlar "ciddi və dərin" olub.
Ötən ay, Həmas, Qəzzada idarəçiliklə məşğul olan komitənin buraxılmasına razılıq verib.
Bu addım Fələstin prezidenti Mahmud Abbasın tələbinə uyğun atılıb.
Ona tabe olan Qərb Sahili Fələstin administrasiyasında aparıcı rolu məhz Fəth təşkilatı oynayır.
Fələstinli Baş nazir Rami Həmdallah bundan sonra Qəzzaya nadir sayılan bir səfər etmişdi.
O, bildirmişdi ki, Fələstin administrasiyası Qəzzada idarəçilik və təhlükəsizliklə bağlı məsələlərə görə məsuliyyəti üzərinə götürəcək.
Həmas, və bəzi hallarda bu təşkilatın hərbiləşdirilmiş qanadı, İsrail, ABŞ, Aİ, Britaniya və digərləri tərəfindən "terrorçu qrup" sayılır. /bbc.com/