​Fələstin torpağına İsrail köçü - 0 idi, 396 min oldu (Statistika)

Baxış sayı:
3936

Novator.az İsrailin işğal etdiyi Fələstin torpaqlarında yəhudilərin sayının necə artmasına nəzər salıb.
Ria.ru-da yayılan tarixi arayışa görə, 1948-ci ildə Şərqi Qüdsdə bir nəfər də yəhudi olmayıb.
1972-ci ildə yəhudi əhalisinin sayı 8 min 600-ü ötüb.
1983-cü ildə Şərqi Qüdsdə yəhudilərin sayı 76 mindən, 1993-cü ildə 152 mindən çox olub.
2004-cü ildə yəhudi əhalisinin sayı 190 minə yaxınlaşıb.
2016-cı ilin statistikasına görə, Şərqi Qüdsdə 271 mindən çox yəhudi yaşayıb.
Arayışa əsasən, 1948-ci ildə İordan çayının qərb sahilində də yəhudi olmayıb.
1972-ci ildə ərazidə 1200-ə yaxın yəhudi yaşayıb.
1983-cü ildə yəhudilərin sayı 23 minə yaxınlaşıb.
1993-cü ildə İordan çayının qərb sahilində 111 mindən çox, 2004-cü ildə 276 mindən çox yəhudi olub.
2016-cı ildə ərazidə yəhudilərin sayı 396 mini ötüb.
Novator.az xatırladır ki, 1947-ci ildə BMT Fələstin torpaqlarının bölünməsinə qərar verib. Həmin qərara əsasən, ərazidə İsrail və Fələstin dövlətləri qurulmalı, Yerusəlim (Qüds) beynəlxalq nəzarətə verilməli idi.
1948-ci ildə qurulan İsrail az sonra Yerusəlimi özünün paytaxtı elan edib, BMT-nin Fələstinə ayırdığı ərazilərin yarıya qədərini tutub.
1967-ci ildə İsrail Qüdsün şərq hissəsini, eyni zamanda İordan çayının qərb sahilindəki Fələstin ərazilərini işğal edib.
1988-ci ildə Fələstin müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 140-a yaxın ölkə, o cümlədən Azərbaycan tanıyıb.
2012-ci ildə BMT Fələstinə ərazisi işğal olunmuş müstəqil dövlət statusu verib. Bu o deməkdir ki, İsrail 1967-ci ildə tutduğu Şərqi Qüdsdən və İordan çayının qərb sahilindən çıxmalıdır.
1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar.
2017-ci il dekabrın 6-da Donald Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək ölkəsinin səfirliyini Tel-Əvivdən həmin şəhərə köçürmək qərarı imzalayıb.
İslam Əməkdaşlıq Təşkilatının dekabrın 13-ü İstanbulda keçirilən fövqəladə zirvə toplantısının bəyannaməsində Şərqi Qüds Fələstinin paytaxtı elan olunub. Bəyannamədə dünya ölkələri işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırılır.