“Fikrət Fərəməzoğlunun həbsi sifarişlidir” – EKSPERTLƏRDƏN AÇIQLAMA

Mehmnan Əliyev: “Fikrət Fərəməzoğlunun haqqında çıxarılan hökm ədalətli deyil”
Namizəd Səfərov: “Fikrət Fərəməzoğlu ilə bağlı hökm siyasi sifarişlə çıxarılıb”

İki gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində “Jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Fərəməzoğluna hökm oxunub. Hökmə əsasən, o, 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək  Fikrət Fərəməzoğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.
Fikrət Fərəməzoğlunun iyunun 30-da həmin şəxsdən 3000 manat alarkən saxlanıldığı bildirilir.

““Azərsu”da ən aşağısı 6 milyon pul yeyiblər”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Hurriyyet.org-a bildirdi ki, Fikrət Fərəməzoğlunun haqqında çıxarılan hökm ədalətli deyil: “Çünki mediada o qədər korrupsiya ilə bağlı qalmaqallar var... Mən özüm bu yaxında “Azərsu” ilə bağlı 4 dövlət strukturuna - Baş Prokurorluğa, Maliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına müraciət etmişəm ki, orada təhqiqat aparmışam. Ən aşağısı orada 6 milyon pul yeyiblər. 13 məhkəmə iclası keçirilib. Mənim informasiya sorğuma “Azərsu” cavab vermir, mən o suallara məhkəm ilə cavab ala bilmişəm.
Jurnalist olaraq mən təkcə bir faktı göstərirəm. Ancaq çox böyük miqdarda, milyonlarla, milyardlarla vəsaitin mənimsənilməsi, dağıdılması faktları var. Bunlar mediada gedir. Buna görə kim məsuliyyətə cəlb olunub? Qanundursa, bu hamıya eyni cür tətbiq olunmalıdır. Qanun ayrıseçkilyi sevmir, bu varsa, artıq bu siyasidir, başqa bir şey deyil”.

“Bütün istiqamətlərdə hüquq tapdalanır, pozulur”

“Bilinmir ki, Fikrət Fərəməzoğlu ilə bağlı subut var, yoxsa yoxdur. Biri var vergidən yayınıb, konkret sübut olunub. Vergidən yayınmağına görə, onu həbs etmirlər. Yəni bu siyasi məsələdir. Bunun arxasında başqa bir şey yoxdur. Məsələn, Gözəl xanımı 12 min dollar keçirməyinə görə həbs ediblər, ondan öncə İsrail vətəndaşı 30 mindən çox  keçirib. Xəbərdarlıq edib, buraxıblar. Belə şey olar? Milyonlarla pul,  tonla heroin, qızıl keçirirlər. Bu, cəfəngiyyatdır. Arxasında siyasi məqsədlər durur. Azərbaycanda qanun yoxdur, Azərbaycan hüquqi dövlət deyil. Burada hamısı siyasi sifarişlər əsasında baş verən proseslərdir. Ona görə, biz məhkəmə proseslərinə anormal baxmalıyıq. Mən özüm jurnalist olaraq bir dövlət orqanından sorğu almaq üçün illərlə məhkəmələrdəyəm. Bu dövlətdir?! Ombudsmana şikayət edirəm ki, informasiya vermir. Ombudsman deyir ki, biz bu işə qarışa bilmərik. Halbuki ombudsmanın vəzifəsidir ki, bunu etsin. Qanunla ona həvalə olunub ki, informasiya əldə etməklə bağlı nəzarəti o həyata keçirsin. Belə şey olar?! Ölkədə vəziyyət çox pisdir. Bütün istiqamətlərdə hüquq tapdalanır, pozulur. Ümumiyyətlə, Azərbaycanda yaranmış, bizim yaşadığımız böhran ki var, hansı ki, iqtisadi, sosial böhran məhz ondan irəli gəlir, məhz qanunu tapdalamaq, qanunun üstündən keçmək, bax, bu fəsadlara gətirib çıxarır”,- deyə M. Əliyev vurğuladı.

“Fikrət Fərəməzoğluna qarşı irəli sürülən ittiham tam əsassızdır, uydurmadır”

Namizəd Səfərov isə bildirdi ki, Fikrət Fərəməzoğlu ilə bağlı məhkəmənin hökmünü birmənalı şəkildə ədalətsiz, qanunsuz, siyasi sifarişlə çıxarılan bir hökm hesab edir: “Fikrət Fərəməzoğluna qarşı irəli sürülən ittihamla az-çox KİV-dən tanışam. Bir hüquqşünas kimi araşdırmışam. Bilirəm ki, ona qarşı irəli sürülən ittiham tam əsassızdır, uydurmadır. Açığı, bu ittiham quraşdırılıb və indi çıxarılan bu hökm təsdiq edir ki, məqsəd onu cəzalandırmaqdır”.

“Ailəli adama, ölkədə tanınmış bir jurnalistə nə məqsədlə belə ağır cəza verirlər?”

“Hər gün yüzlərlə məlumatlar alırıq ki, hakimiyyətin yüksək səviyyəli məmurları tərəfindən dövlət əmlakı milyonlarla, milyardlarla mənimsənilir, oğurlanır.  Rüşvətxorluq faktları üzə çıxır. Heç kimə qarşı hər hansı bir cinayət işi qaldırılıb, istintaq aparılmır. Digər tərəfdən, ayrı-ayrı şəxslərə qarşı milyonlarla, yüzminlərlə dələduzluq cinayətləri üzrə ittihamlar verilir, məhkəmələr keçirilir, ancaq həmin şəxslərə şərti cəzalar verilir. Bu gün nə oldu? Fikrət Fərəməzoğluna, guya, kimdənsə 3 min manat almasına görə belə ağır cəza verirlər. Ailəli adama, ölkədə tanınmış bir jurnalistə nə məqsədlə belə ağır cəza verirlər? Çıxarılan hökm göstərir ki, ona qarşı irəli sürülən ittiham uydurmadır. Azərbaycanın hüquq müdafiə təşkilatları və beynəlxalq təşkilatlar tərəfindən də bu şəxs siyasi məhbus kimi tanınmaq ərəfəsindədir”.
Hurriyyet.org