​Fədayə Laçının daha bir ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Baxış sayı:
727

Bakı Apellyasiya Məhkəməsində müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Muxalifət.az xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, F.Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
F.Laçın məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilir.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan dustaqlar Əli Ağami və Etibar Məmmədov qaçmışdı. E.Məmmədov saxlanılan zaman atışmada ölüb. Əli Ağami isə saxlanılıb.
Öldürülən E.Məmmədovla sevgili olan F.Laçın ittihamları qəbul etmir.