​“Fazil Məmmədovun adı “MTN işi”ndə!” – SABİQ NAZİR MEDİANIN DİQQƏTİNDƏ…

Ötən həftə Əhməd Əhmədzadə və Abid Şərifov ikinci və üçüncü yerləri bölüşüb

Baxış sayı:
10775

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, ötən həftə - 15-21 yanvar 2018-ci il tarixlərində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Güləş Federasiyasının prezidenti, keçmiş Vergilər Naziri Fazil Məmmədov olmuşdur. Onun barəsində “Fazil Məmmədovun adı“MTN işi”ndə!”, “SABİQ NAZİR YEZNƏSİNƏ MİLYONLARI NECƏ QAZANDIRIB? – “İş adamlarını məcbur edib…””, “Fazil Məmmədovun Ukraynadakı biznesi ilə bağlı sensasion faktlar”, “Fazil Məmmədovun təyyarəsi banka girov qoyulub” və “Fazil Məmmədovun “kassiri” Eldar Mahmudovla əlbir olduğu üçün İSTİNTAQA CƏLB OLUNDU” adlı 5 yazı ümumilikdə 39 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, məşhur univermağın sahibi... – DETALLAR” başlıqlı məqalənin 11 elektron KİV-də yayılması ilə “Meliorasiya və su təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə tutur. Nəhayət, elektron KİV-də adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri isə “Şərifovun şirkəti 2 milyonluq körpünü tikmir: qarlı – çovğunlu Gədəbəydən reportaj” adlı məqalənin 6 elektron KİV-də yayılması ilə Baş nazirin 1-ci müavini Abid Şərifov tutur. ÖTƏN HƏFTƏNİN “QƏHRƏMANI” OLAN DEPUTATLAR... Həftə ərzində “Bu universitetlə bağlı istintaq gedir - Kamran Əliyev” adlı yazının 3 saytda işıqlanması ilə Şəmsəddin Hacıyev deputatlar arasında həftənin birincisi olmuşdur. “Biznesi başına bəla olan millət vəkili İqbal Məmmədov hədəfdə — TƏFƏRRÜAT” adlı məqalənin 3 elektron KİV-də yayımlanması ilə deputat İqbal Məmmədov adını həftənin siyahısında 2-ci yerə salmışdır. Muxalifet.az