Fars-erməni qardaşlığının daha bir nümunəsi - MOLLA REJİMİ ERMƏNİSTANI NECƏ HİMAYƏ EDİR...

Baxış sayı:
6049

İran və Ermənistanın bir araya gələrək strateji müttəfiqlik məsələsində bir sıra planları həyata keçirməyi planlaşdırıblar. Bu, “İrandakı erməni kilsələrinin ziyarəti və turizmin inkişafı” proqramına daxil olan strateji hədəflərdən ibarətdir. 2013-cü ilin iyul ayında Tehran imzalanan “İran-Ermənistan turizm əlaqələri” müqaviləsinin şərtlərindən biri də Ermənistan, Gürcüstan, Ukrayna, Rusiya və digər ölkələrdən ermənilərin İrana turist səfərlərinin təşkilidir. İsfəhan şəhərində “Apostol Fadeyin məzarı”nın ziyarəti adı altında həm də Güney Azərbaycanın Culfa, Mərənd, Xoy, Sulduz, Urmu, Qoşaçay, Salmas, Makı, Bəykəndi, Üşnü, Çaypara, Sarıdaş, Soyuqbulaq, Tikantəpə, Xana, Şot və digər bölgələrdəki protoxristian və “Qafqaz Albaniyası” tarixinin mirası olan maddi-mədəniyyət abidələrinin erməniləşdirilməsi kimi genişmiqyaslı təbliğatlar da aparılır. Hətta bu yöndə bir sıra kitablar da dərc olunub. Makıdan başlanılan iftiralar Güney Azərbaycanın Makı şəhərində protoxristian maddi-mədəniyyət abidəsinin İranın təşviqi ilə YUNESCO-nun siyahısına salınmasının ardından ermənilər üçün bir sıra münbit imkanlar yaradıldı. İndi ermənilər saxtakarcasına bu abidəyə “Surb Tadevos Kilsəsi” (Müqəddəs Fadey) adını verməklə bölgənin tarixini tamamilə “erməniləşdirmək” siyasətini irəli sürüblər. Halbuki, Makı və ətrafında heç zaman ermənilər yaşamayıblar. XIX yüzilin ortalarına kimi burada azsaylı xristian əhalisi kimi aysorlar məskunlaşıblar. Onlar Şimali İraqdan köçüb gələrək burada ticarət işində çalışıblar. 1917-1918-ci illərdə Makıda baş qaldıran xristian əhalisi qismində aysorlar Yaxın Şərq ölkələrindən, xüsusilə Livan və Suriyadan gələrək yerli azərbaycanlı əhaliyə qarşı xristian mənşəli kürdlər və ermənilərlə birlikdə qətliamlarda iştirak etmişlər. Osmanlı Ordusunun komandanı Əli İhsan Sabis Paşanın rəhbərliyi ilə bu soyqırımların qarşısı alındıqdan sonra, indiyə kimi Makıda xristian əhalisi yaşamır. Bu gün Tehran molla rejiminin təşviqi ilə ermənilər onlar üçün yaradılmış imkanları nəzərə alaraq: “Ermənilər ilk dəfə xristianlığı burada qəbul etmişlər və Surb Tadevos Kilsəsi isə bizim tarixi şahidimizdir. Bizlər buradan Fələstinə, Suriyaya, Livana, Mesopotamiyaya və Ermənistana xristianlığı yaydıq” deyirlər (mənbə: http://www.yerkramas.org/article/60359/nachinaetsya-ezhegodnoe-palomnich...). Qeyd edək ki, Makıdakı protoxristian abidəsi İran dövlətinin maddi dəstəyi ilə bərpa olunub. Dövlət büdcəsindən hər il bu kilsənin təmir və digər xərcləri üçün 50 min dollar vəsait ayrılır. Bununla yanaşı, ildə Ermənistandan buraya 5 mindən çox turist gəlir. “Eçmiədzin Kilsəsi” isə xidmət üçün xüsusi keşiş göndəribdir. Erməni turistlər üçün kempinq istirahət mərkəzi, monast kompleksi, ibadət yerləri, xaç suyuna çəkilmək məkanı, liturgiya mərasimlərini həyata keçirmək üçün digər imkanlar da yaradılıbdır. Samvel Karapetyan: “İrandakı kimi erməni abidələri heç Gürcüstanda belə qorunmur” 2010-cu ildə “erməni abidələrinin mühafizəsi və bərpası” üzrə tanınmış ekspert Samvel Karapetyan İrana bir aylıq səfərindən sonra İrəvanda mətbuat konfransı keçirərək bu sözləri demişdir: “İran dünyada yeganə müsəlman ölkədir ki, ermənilərə məxsus xrsitian abidələrinin qorunması, bərpası və istifadəsi üçün ən münbit şəraiti yaratmışdır. Bu gün İran hökuməti hətta çalışır ki, qədim erməni coğrafi adlarını yenidən bərpa etsin. Bütün bunlar bizim strateji hədəflərimiz üçün əsil cənnət vədlərindən biridir” (mənbə: https://www.panorama.am/ru/news/2010/07/15/samvel-karapetyan/1078685). O məlum çıxışında bunları da qeyd edib: “Gürcüstanda qədim erməni abidələrinin taleyi çox acınacaqlıdır. Tiflis rəsmiləri heç olmasa müsəlman İrandan örnək götürsələr daha yaxşı olardı. Tehran hökuməti hər il bütün erməni abidələrinin mühafizəsi və bərpası üçün dövlət büdcəsindən xüsusi vəsait ayırır”. Qeyd edək ki, Samvel Karapetyan İran hökumətinin dəvəti ilə 2011-ci ildə yenidən bir aylıq səfəri müddətində “İranda erməni abidələrinin bərpası” üzrə xüsusi məruzə hazırlayıb. Onun məruzəsində yer alan bir sıra təkliflər bu gün Tehran molla rejiminin xüsusi qayğısı ilə həyata keçirilməkdədir. Belə ki, Samvel Karapetyan ermənisayağı iddialarla Güney Azərbaycanın qədim ərazilərinə, min illərdir bu torpaqlarda yaşayıb-yaradan azərbaycanlılara qarşı ərazi iddialarına söykəmli proqramlar hazırlamışdır. Proqrama görə Qaradağmahalı “Parzapatunik”, Makı rayonu “Artaz”, Xoy rayonu “Ger”, Salmas rayonu “Zarevand” və Urmu şəhəri “Urimia” adlandırılıb. O, bununla yanaşı, həmin proyektdə qeyd edir ki, bu bölgələr qədim erməni dövləti olan “Van Çarlığı”nın ərazisi olubdur. İndi “Qərbi Ermənistan” dediyimiz ərazinin bir parçası sayılır. Həmin bölgələrdə bu gün 4.5 min qədim erməni abidələrinin izləri var və onları kataloqa salmaq üçün Tehranın dəstəyinə ümid edirik (mənbə: https://regnum.ru/news/society/1428637.html). Urmu vilayətinə ərazi iddiasının səbəbləri Güney Azərbaycanın ən strateji bölgəsi sayılan Urmu vilayəti bir yandan Azərbaycan Respublikası, digər yandan isə, Türkiyə ilə həmsərhəd bölgədir. Buranın tamamilə əldən çıxması istiqamətində 40 ildir Tehran molla rejimi ikili standartlı siyasət yürüdür: 1. Urmu vilayəti qədim “Kürdüstan” torpağıdır və buranın əzəli sakinləri Urartu çağından kürdlərə məxsus olubdur, 2. “Böyük Ermənistan”ın Qərb bölgəsi olub və qədim çağlardan ermənilərə məxsus “Van Çarlığı”nın tarixi ərazisi hesab olunur. Tehran molla rejimi iddia edir ki, Salmas mərkəz olmaqla Güney Azərbaycan ərazisindəki qədim prostoxristian memarlıq və maddi-mədəniyyət abidələri bərpa olunaraq indiki şəraitə görə ermənilərə təslim edilməlidir. Bunun üçün ilk addım olaraq, Salmas şəhərinin Payacıq kəndindəki qədim protoxristian abidələri bərpa edilməlidir. Halbuki, bu kənddə mövcud olan qədim “xaçkarlar” eynilə Qafqaz Albaniyası tarixinin mirasıdır. Bundan əlavə, bölgədəki xristian konqreqat monastrı Yegizar Barxudar Kilsəsinin ermənilərə aidiyyatı yoxdur. Bu barədə qədim yazılı abidələrdə qeyd olunur ki: “Salmas bölgəsinin Ağbak mahalının protoxristian abidələri heç bir zaman ermənilərin olmayıb” (mənbə: “Bərrəsihayi tarixi” (tarixi tədqiqlər) jurnalı, Tehran 1957-ci il, 3-cü sayı). Ermənilər iddia edirlər ki, 1906-cı ilə kimi Salmas şəhəri və ətrafında 75 erməni kəndi olub. “Rus-İran müharibəsi” zamanı (1826-1827) erməni əhalisi məcbur olaraq Qafqaza köçüblər və beləliklə də indi Salmas bölgəsində onlara məxsus kəndlərdə azərbaycanlılar məskunlaşıblar. Ermənilər hətta onu da iddia edirlər ki, sonuncu dəfə onlar Salmasdan 1940-cı illərdə Sovet İttifaqına köçüblər. Salmas rayonunun Sərnə kəndindəki protoxristian abidələrini də erməni mütəxəssislər Tehran molla rejiminin dəstəyi ilə tədqiq edərək “erməniləşdirmə” proyektlərini hazırlayıblar. “Sərnə Kilsəsi”nin erməni abidəsi olması adı ilə yeni iddialar ortaya qoyulub (mənbə: http://www.blagovest-info.ru/index.php?ss=2&s=3&id=73978). Marağanın hədəf seçilməsinin səbəbi Qədim Azərbaycan dövlətlərinin tarixi mirasını inkar siyasəti yürüdən İran dövləti, eləcə də Ermənistan Atropat (Atropatena) və Alban dövlətlərini mümkün qədər tarixşünaslıq elmindən silmək taktikası ilə hərəkət edirlər. Ona görə də, istər Güney Azərbaycanda, istərsə də Azərbaycan Respublikasına qarşı tarixi, maddi-mədəniyyət abidələrini və digər yönlərdən bu istiqamətdə bir sıra addımlar atılmaqda davam edir. Marağa şəhəri Atropat dövlətinin ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olubdur. Bu gün ermənilər bölgədəki Atropat tarixinin izləri ilə bağlı abidələri “erməniləşdirmək” üçün ciddi addımlar atmağa başlayıblar. Marağa şəhərinin guya qədim adı “Maqardavank”dır. Bölgədə mövcud olan protoxristian abidələrinin ermənilərə aid olması barəsində isə, uydurma tarix yazmağa başlanılıb. Hətta “İranda erməni kilsələri” proyekti əsasında YUNESCO kimi nüfuzlu beynəlxalq təşkilatın nəzdində ayrıca bölmə yaradıblar. Orada bir sıra protoxristian abidələrinin kataloqlarını da hazırlayıblar. 1983-cü ildə Parisdə dərc olunan “Vətən və mədəniyyət” jurnalının sponsorluğu ilə “İran ermənilərinin mədəni irsi” adı altında bir sıra silsilə yazılar da dərc olunub. Marağadakı qədim Atropat dövlətinə məxsus prostoxristian kilsəsinin iki mərtəbəli və üçzəngli olmasının belə heç fərqində varmayıblar. Halbuki, ermənilərə məxsuis kilsə mədəniyyətində bu ünsürlər heç zaman olmayıb. Bunlar azmış kilsədə sonradan çəkilmiş freskaları erməniləşdirməyə cəhdlər olunubdur (mənbə: http://imyerevan.com/ru/navigator/view/6183).Coğrafi və strateji baxımdan Marağa şəhəri Güney Azərbaycanın paytaxtı Təbrizlə Urmu vilayəti arasında körpü rolunu oynayır. Ermənilərin Marağa şəhərinə olan iddiasının bir səbəbi də Urmu vilayətinin Təbrizdən tamamilə ayrılması strategiyasıdır. Ziyarət ermənilər üçün “kəşfiyyat” deməkdir Tehranda İran dövlətinin maliyyə dəstəyi ilə gündəlik erməni dilində dərc olunan “Alik” (dalğa) qəzeti demək olar ki, bütün saylarında “İranda erməni kilsələri”, “Qədim erməni abidələri”, “Erməni maddi-mədəniyyət tarixinin izləri” və sair adlar altında silsilə yazılar çap edir. İran mədəniyyət nazirliyinin maddi dəstəyi ilə bərpa olunan qədim kilsələri daha çox ermənilər və bəzi ölkələrdən gəlmiş turistlər ziyarət edirlər. Xüsusilə Avropa dövlətlərindən gələn və protoxristian mədəniyyətinin tarixini bilməyən turistlərə elə gəlir ki, bu abidələr doğrudan da ermənilərə məxsusdur. Çünki, həmin kilsələrdə Ermənistan və İran dövlətlərinin ümumi razılığı ilə turizm mövsümlərində “Eçmiədzin Kilsəsi”ndən gəlmiş keşişlər gecə-gündüz mərasimlər keçirirlər və qarşılığında yüksək səviyyədə ianə də alırlar. Xristian turistləri heyrətə gətirən bu qədim kilsələrdəki xüsusi liturgiya məraismləridir. Bir sözlə ermənilər qərbli turistləri hipnoz edirlər. “İranda qədim xristian abidələrini ziyarət” etmək adı ilə gələn turistlərin arasında çoxlu sayda erməni tarixçiləri, kulturoloqları, mifoloqları, kilsə mütəxəssisləri yer alırlar. Onlar mövcud şəraiti öz ixtisaslarına uyğun araşdıraraq, bu tarixi abidələri “erməniləşdirmək” barəsində uydurma əsərlər yazırlar (mənbə:https://www.aysor.am/ru/news/2013/07/06/iran-st-tade/638124). Problem bundan ibarətdir. Təəssüflər olsun ki, ermənilərlə informasiya savaşında bizlər tarixi ərazilərimizdəki maddi-mədəniyyət abidələrinin genalogiyasını olduğu kimi ortaya qoymuruq. Tarixi baxımdan protoxristian mədəniyyətinin semiotikası və semantik anlamlarını tanıtmırıq. Ona görə də, beynəlxalq miqyasda bəzən bir sıra problemlərlə qarşılaşırıq. Fikrimizcə bütün bunların gerçəkliyini gündəmə gətirmək üçün bir sıra ciddi addımlar atmağın zamanı gəlmişdir. Bu, “Qafqaz Albaniyası və onun coğrafiyası”, “Atropat dövlətinin tarixi izləri və maddi mədəniyyəti” və digər mövzulardan ibarətdir. Ə. Yusifoğlu