“Fairmont Baku”nun jurnalistlərə “işverən” deyən “qəhrəmanı” saxlanıldı - YENİLƏNİB

Baxış sayı:
451

Bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən şəxslərdən biri jurnalistləri təhqir edib.

“Report”un xəbərinə görə, ad və soyadı məlum olmayan şəxs "İnstagram" hesabında yaydığı videoda həqarətlə çıxış edib.

"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", deyə o bildirib.

Qeyd edək ki, bu gün "Fairmont Baku" hotelində polis əməkdaşları əməliyyat keçirib. Karantini pozan şəxslərin kimliyi müəyyənləşdirilir.

 

 

***

“Fairmont Baku” otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham edib.

 

 

O, video çəkərək media nümayənələrini “işverən” adlandırıb.

Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.

Criminal.az saytının hüquq-mühafizə orqanından əldə etdiyi məlumata görə, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.

O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.

“Hazırda onunla bağlı materiallar toplanılır. Barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək. Onun məhkəməyə çıxarılacağı da istisna edilmir. Saxlanılan İ.Babayev iş adamı Fətulla Babayevin oğludur”, – məlumatda deyilir.

“Fairmont Baku” otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, “Həftəsonunu bizimlə birgə keçirin” deyə müraciət ünvanlayıb.

Bu,  İ.Babayevin ilk qalmaqallı hadisəsi deyil. O, ötən il idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili digər 3 avtomobilə çırpmışdı.