Faiq Əmirovun məhkəməsindən...

Cümə axşamı Səbayel Rayon Məhkəməsində Aytən Əliyevanın sədrliyilə "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirovun işi üzrə proses davam edib.
 
Prosesdə diplomatik missiyaların nümayəndələri və jurnalistlər iştirak ediblər.
Əvvəlki prosesdə prokuror şahidlərin istintaqa verdikləri ifadələrin açıqlanması barədə vəsatət qaldırıb. Belə ki, neçənci dəfədir ki, şahidlər məhkəməyə gəlmir.
Vəkil protest verib: "Əvvəlcə biz şahidlərin dindirilməsinin əleyhinə idik, çünki bu adamların işə aidiyyatı yoxdur, ancaq məhkəmə istintaqı zamanı onların dindirilməsi göstərdi ki, onların ifadələri bizim xeyrimizədir.
Digər tərəfdən, Faiqin səhhəti onun tez-tez məhkəməyə gəlməsinə imkan vermir. Ortaq məxrəcə gəlmək lazımdır. Bizim əlavə şahidlərimiz var- Faiq Əmirovun maşınında və evində aparılan axtarış zamanı şahidlik etmiş şəxslər. Biz onların məhkəmədə dindirilməsini xahiş edəcəyik".
Vəkil Mehdiyev bildirib ki, prokurorun vəsatətinə etiraz edir. Hakim ittiham tərəfinin vəsatətini təmin etməyib.
Sonra şahid Rəna Əfəndiyeva zala dəvət edilib. O bildirib ki, F.Əmirovu tanımır: "Ötən il mən sənədlərimin itməsi barədə qəzetə elan vermişdim. Buna görə 1 və ya 2 manat ödədim, ancaq qəbz almadım".
Şahid zaldan çıxarkən F.Əmirov özünü təqdim edib: "Faiq mənəm". Bu, zalda oturanların gülüşünə səbəb olub. Başqa şahid olmayıb. Hakim prosesi iyulun 10-na təyin edib.