Eyvaz Borçalı Gürcüstan səfirinə müraciət etdi

“Kərəm Məmmədovun bu günlərdə səbəbi açıqlanmadan Gürcüstana buraxılmaması məni dərindən məyus etdi”

“Borçalı” İctimai Birliyinin təsisçisi və Ağsaqqallar Şurasının sədri, Əməkdar incəsənət xadimi, şair-tərcüməçi Eyvaz Borçalı Gürcüstanın Azərbaycanadakı səlahiyyətli səfiri Teymuraz Şaraşidzeyə müraciət edib. Müraciətdə “Borçalı” İctimai Birliyinin keçmiş sədri Kərəm Məmmədovun bir neçə gün əvvəl Gürcüstana buraxılmamasının səbəbinə aydınlıq gətirilməsi xahiş olunur.
Məktubda qeyd olunur:
“Hörmətli Səfir!
Əslən Borçalıdan olan tanınmış tarixçi-alim Kərəm Hətəm oğlu Məmmədovun bu günlərdə səbəbi açıqlanmadan Gürcüstana buraxılmaması məni dərindən məyus etdi.
Yaxından tanıdığım və bütün şüurlu ömrünü, elmi fəaliyyətini bir-birinin içində çiyin-çiyinə, qardaşcasına yaşayan aborigen borçalıların və aborigen gürcülərin bəzi separatçı meylli ünsürlərə nümunə və örnək ola biləcək tarixinin tədqiqinə həsr edən bir ziyalının hansısa səhv addımının mümkünlüyünü qətiyyən istisna etmirəm. Lakin bu addımın bilərəkdən atılmasına da heç inanmağım gəlmir.
Eşidən hər kəsdə böyük təəccüb doğuran bu inanılmaz faktı səlahiyyətiniz çərçivəsində aydınlaşdırmağınızı və ictimaiyyəti səhih məlumatlandırmağınızı Sizdən xahş edirəm.
Belə örtülü faktın müxtəlif açıq və xeyirgətirməz mülahizələr yürüdülməsinə imkan verməyin zərərli olduğu göz qabağındadır”.

Müraciətin sonunda Eyvaz Borçalı “Borçalı” İctimai Birliyinin vaxtilə hansı zərurətdən yarandığına da aydınlıq gətirir: ““Borçalı” İctimai Birliyi ölkələrimizin öz müstəqilliyini yenidən bərpa etdiyi ərəfədə yaranan, məramı hər iki ölkənin mövcud qanunları çərçivəsində fəaliyyət göstərməklə, xalqlarımızın tarixi və sarsılmaz dostluq tellərinin daha da möhkəmlənməsinə xidmət etmək, özünə əzəli vətən saydığı hər iki ölkənin ərazi bütövlüyünü qorumaq və hər iki ölkənin dövlətçiliyinə sədaqətlə xidmət göstərmək olan bir təşkilatdır”.

Muxalifet.az