Ev tikmək istəyənlərin nəzərinə: məcəlləyə dəyişiklik edildi

Baxış sayı:
7474

Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.
Bununla bağlı məcəllənin 11-ci (Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi) maddəsində dəyişiklik edilib.
Qeyd olunub ki, hazırda məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub.
Digər dəyişiklik isə tikinti ilə bağlı cərimələrin 50 faizinin inzibati protokolu tərtib edən qurumun hesabına köçürülməsi ilə bağlıdır.
Məcəlləyə edilən əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.