Ev təcridini pozanları cəzalandırmaq qərarı hüquqidir? - AÇIQLAMA

Baxış sayı:
2092

Nazirlər Kabineti bu həftənin sonu yenə tətbiq olunacaq ev təcridi rejimi qaydalarını pozanların bundan sonra cinayət məsuliyyətinə də cəlb ediləcəyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev BBC News Azərbaycancaya nəzərdə tutulan maddənin Cinayət Məcəlləsinin "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması" maddəsi olduğunu bildirib.

Nəzərdə tutulan maddədə deyilir ki, "karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya real təhlükə yaratdıqda şəxslər törətdikləri əməlin nəticələrindən asılı olaraq "2500-5000 manat cərimə və ya 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə..." və ya "üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə" cəzalandırılır.

Hüquqşünas Anar Qasımlı isə sual edir ki, polis cinayət məsuliyyətinə cəlb etmək üçün "şəxsləri necə müəyyənləşdirəcək?"

Ev təcridi ilə bağlı "əlavə maddə yoxdur"

İyunun 9-da Nazirlər Kabineti yanında operativ qərargah 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında ev təcridi rejimi tətbiq edəcək.

Budəfəki qərara əlavələrdən biri də "xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti"nə cəlb ediləcəyi ilə bağlı bənd olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev nəzərdə tutulan maddənin Cinayət Məcəlləsinin "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması" maddəsi olduğunu bildirib.

Cənab Hacıyev deyib ki, Cinayət Məcəlləsində "həmin günlə bağlı əlavə maddə yoxdur".

"Əməlin tərkibinə görə daha ağır halda cinayət məcəlləsinə tövsif olunub. Böyük ictimai təhlükə törədərsə, xəstəliyi yayarsa artıq bu cinayət məcəlləsilə tənzimlənəcək. Ötən həftə belə təcrübə də oldu. Deyilib ki, evdən çıxmayın, çıxırsa burda maddənin pozulmasıdır. İndi deyilirsə evdə qalın, deməli evdə qalınmalıdır. Zəruri icazəsi olan şəxslər çıxa bilər".

Elşad Hacıyev həmçinin bildirib ki, evdən çıxan şəxslərin polislər tərəfindən icazəsinin olub-olmaması onlayn qaydada yoxlanılacaq.

"Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması" maddəsi Cinayət Məcəlləsinə 2020-ci il martın 17-də əlavə olunub.

Maddədə deyilir ki, "epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Kimlər cinayət məsuliyyətiə cəlb oluna bilər?

Polis cinayət məsuliyyətinə cəlb etmək üçün şəxsləri necə müəyyənləşdirəcək? - hüquqşünas Anar Qasımlı sual edir.

Hüquqşünas hesab edir ki, Cinayət Məcəlləsinin "epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması" maddəsinə əsasən, "şəxs o zaman məsuliyyət daşıya bilər ki, onda korona var".

"Tutaq ki evdən küçəyə maskasız çıxmısınız, bunun üçün inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi var. Buna cərimə düşür və inzibati məsuliyyəti var. Əgər vətəndaş koronavirus daşıyıcısıdır və maskasız küçəyə çıxır, yalnız bu halda vətəndaşın cinayət məsuliyyəti var. Bunu isə sübut etmək çətin məsələdir", - cənab Qasımlı bildirir.

"Üstəlik eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda" nə deməkdir? Ölümdən ağır nə ola bilər? Güman etmək ola bilər ki, burada 100-lərə şəxsi yoluxdurmaq bu məsuliyyətə gətirə bilər", cənab Qasımlı sözlərinə əlavə edir.

Bakı Şəhər Baş polis İdarəsindən polisin cinayət məsuliyyətinə cəlb etmək üçün karantin qaydasını pozmuş şəxslərdə koronavirusun olub-olmamasını necə müəyyənləşdirəcəyi barədə açıqlama verilməyib.

Nazirlər Kabinetinin iyunun 9-da verdiyi qərarda çörək istehsalı və satışı, həmçinin, dərman satışı nöqtələrinin də fəaliyyətlərinin davam etdiriləcəyi bildirilir.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də açıqlanıb.

Martın 24-dən Azərbaycan ərazisində xüsusi karantin rejimi tətbiq olunur.

Aprelin 27-dən hökumət karantin rejiminin şərtlərini yumşaltmağa başlayıb, lakin onun müddətini iyun ayının 15-dək uzadıb.

Ölkənin bəzi iri şəhər və rayonlarında iyun ayından etibarən həftə sonları ev təcridi tətbiq olunmağa başlayıb.